Azərbaycan dilində yazılmış orijinal “Mamalıq” dərsliyində müasir mamalığın mühüm problemləri tədris proqramına müvafiq şəkildə şərh edilmişdir. Dərslik Azərbaycan Tibb Universiteti üçün nəzərdə tutulduğundan, burada ölkəmizin tibb alimlərinin elmi araşdırmalarına geniş yer ayrılmış, “Mamalıq” elminin inkişaf tarixinə həsr edilən bölmədə ölkəmizin tibb korifeyləri haqqında ətraflı məlumat verilmişdir.
Kitabda hamilə qadın orqanizmində baş verən fizioloji proseslər, hamiləlik və zahılıq dövrünün gigiyenası, hamilə qadınların doğuşa fiziki və psixi hazırlığı, doğuşa yardımın və mamalıq əməliyyatlarının texnika və taktikası geniş şərh edilmişdir. Burada, həmçinin hamiləliyin erkən diaqnostikasının müasir üsullarının, ana bətnində dölün vəziyyətinin və ona təsir göstərən amillərin şərhinə geniş yer ayrılmışdır.
Mamalıq elminin inkişaf mərhələləri, hamiləliyin fiziologiyası, diaqnostikası, patoloji vəziyyətləri, başa çatmamış, yaxud vaxtı ötmüş hamiləlik, mamalıq travmatizmi, hemorragik şok, mamalıq əməliyyatları, yenidoğulmuşların fiziologiyası, patologiyası və s. mövzulardan bəhs edən 120-dən artıq elmi məqalə böyük zəhmət, araşdırma və təcrübə əsasında yaranmışdır. Geniş tibb elm mütəxəsislərinin müəlliflər ordusunun araya-ərsəyə gətirdiyi 28 fəsildən ibarət dərslikdə dölün bətndaxili inkişaf anomaliyaları, yenidoğulmuşlarda rast gəlinən anomaliya və irsi xəstəliklər haqqında da məlumatlar öz əksini tapmışdır. Burada Azərbaycanın ölkə patologiyasının xüsusiyyətləri nəzərə alınmış, bətndaxili inkişaf anomaliyalarının və irsi xəstəliklərin Azərbaycanda daha geniş yayılmış formalarının şərhinə xüsusi diqqət yetirilmişdir.
Kitabın elmi redaktoru, həmçinin ön sözün müəllifi ATU-nun II mamalıq-ginekologiya kafedrasının müdiri, Əməkdar elm xadimi Hicran Bağırova yazır: “Müəlliflər yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi, ali tibb müəssisələrində tədris prosesinin təkmilləşdirilməsi zərurətini nəzərə alaraq, klassik mamalığın əsasını saxlamaq və elmin son nailiyyətlərini daxil etmək şərtilə Azərbaycan dilində 2007-ci ildə nəşr olunmuş “Mamalıq” dərsliyini yenidən təkmilləşmiş şəkildə tərtib etməyi qarşılarına məqsəd qoymuşlar...
Eyni zamanda, biz qətiyyən gələcəkdə kitabın yeni, təkmilləşdirilmiş variantının nəşrinə zərurətin olmayacağı fikrində deyilik, dərsliyin keyfiyyətinin yüksəldilməsinə istiqamət verə biləcək dəyərli məsləhətləri və iradları böyük məmnuniyyət və minnətdarlıqla nəzərə almağa hazırıq”.
ATU-nun “Təbib” nəşriyyatında çap olunmuş, həcmi 46 çap vərəqinə yaxın, 725 səhifəlik bu geniş həcmli dərslikdən ölkəmizdə fəaliyyət göstərən digər universitetlərin tibb fakültələrinin tələbələri, rezidentləri, praktik həkimlər və elmi işçilər istifadə edə bilərlər.
Zərifə HÜSEYNOVA
XQ