“Euronews” telekanalı Azərbaycan Turizm Bürosu ilə əməkdaşlıq çərçivəsində hazırladığı "Qəbələdə arxeoloji möcüzələr və adrenalin dolu macəra" adlı videoreportaj yayımlayıb.
Dövlət Turizm Agentliyindən verilən məlumata görə, reportajda qədim Qafqaz Albaniyasının paytaxtı Qəbələnin Çuxur kəndində aparılmış arxeoloji qazıntılar, tapılan saxsı qablar, təndir, digər tarixi və mədəni irs nümunələrindən bəhs olunur.
Həmçinin milli mətbəx nümunələrinin dadına baxılır, onların hazırlanma qaydası və tarixi haqqında ətraflı məlumat verilir.
Reportaj Qəbələnin təbiət mənzərələrinin nümayişi və turizm istirahət kompleksində kanat gəzintisi ilə davam edir.
Telekanal əməkdaşı turizm istirahət kompleksində yay turizmi üzrə təqdim edilən xidmətlərdən istifadə edərək, təəssüratlarını izləyicilərlə bölüşür.