“Zəngəzur” romanında erməni vəhşiliyinin qanlı izləri...

post-img

Yazıçı Əyyub Abasov “Zəngəzur” romanında Qərbi Zəngəzur türklərinin Vətən sevgisini, xarakterlərindəki etibar, sədaqət kimi keyfiyyətləri diqqətə çatdırmaqla bərabər, onların qanını içməyə həmişə hazır olan ermənilərin vəhşiliyini və qəddarlığını da bütün çılpaqlığı ilə əks etdirib. 

1828-ci ildə Türkmənçay müqaviləsi imzalanandan, ermənilər yaxın-uzaq coğrafiyalardan Azərbaycan ərazisinə köçürüləndən  sonra xalqımız  davamlı olaraq ən dəhşətli faciələrlə üzləşib. Düşmən insanlığa sığmayan qanlı əməllər, soyqırımlar törətməkdən belə çəkinməyib.      

Erməni vəhşiliyi ilə bağlı ədəbiyyatımızın görkəmli nümayəndələri  M.Ş. Vazeh, M.F.Axundov, N.Vəzirov, C.Məmmədquluzadə, N.Nərimanov, Ü.Hacıbəyov, C.Cabbarlı  və digərlərinin əsərlərində ilk baxışda bəlkə də hiss olunmayan, lakin bir qədər dərinə gedəndə erməni obrazının alt qatındakı məkr, hiylə, qorxaqlıq, saxta yazıqlıq kimi mənfi cəhətlər də öz ifadəsini tapıb. Bununla belə, ədəbiyyatımızda elə nümunələr də var ki, orada bütövlükdə müsbət erməni obrazına rast gəlmək olur. Məsələn, M. S. Ordubadi “Dumanlı Təbriz” romanında Arşaq Surenyan surəti ilə xalqlar dostluğunu, erməni sədaqətini önə çəkib. Əlbəttə, bu, heç də yazıçının erməni xalqının iç üzünə bələd olmaması anlamına gəlmir. Çünki  Ordubadi “Qanlı illər” kimi möhtəşəm bir sənət nümunəsi  yaratmaqla erməni faşizminin qanlı cinayətlərini real boyalarla göstərib. Sadəcə “Dumanlı Təbriz”də sovet imperiyasının tələbindən yayına bilməyib və  etiraf edək ki, o vaxt bir çox hallarda bu, heç  mümkün də deyildi. 

“Zəngəzur”da  da erməni – Azərbaycan “dostluğuna” geniş yer verilib, hətta desək ki, roman bu mövzuya həsr edilib, bəlkə də səhv etmərik. Amma yazıçı bu yolla, özünəməxsus  fərdi  üslubundan  yararlanmaqla “Zəngəzur”un çapına, sovet senzurasından keçməsinə nail olub: erməni–Azərbaycan “qardaşlığını” Andranik, Karo, Njde kimi qaniçən cəlladlar sarsıtmağa çalışsalar da, guya sovet hakimiyyəti “uçurumu” aradan qaldırıb... 

Bəli, əsərin zahiri görüntüsü, mənzərəsi belədir. Əslində isə “Zəngəzur”da  hadisələrin bu yöndə cərəyanını Ə.Abasov bilərəkdən belə qurub. Yəni “xalqlar dostluğu” fonunda Andranik, Karo, Njde kimi  vəhşilərin simasında erməni qəddarlığı, satqınlığı və ikiüzlülüyünü, eləcə də çörək kəsdiyi, qardaş dediyi birisini arxadan vurmaq kimi namərdliklərini ustalıqla canlandırıb.

***                           

“Zəngəzur”da erməni xislətindəki hiyləgərlik, xəyanətkarlıq, qəddarlıq,  rəzalət Andranikin simasında məharətlə təsvir edilir. Əsərdə bu insan  qatilinin, terrorçunun 1918-ci il iyunun 14-də Bakı kоmissarlarının sədri S.Şaumyana ünvanladığı teleqram bir daha xatırladılmaqla soydaşlarımızın qarşıda hansı dəhşətli faciələrlə üzləşəcəyi aydın təsəvvür olunur: “Hazırda Naxçıvan qəzasındayam. Başçılıq etdiyim dəstə ilə özümü Rusiya Respublikasının ayrılmaz tərkib hissəsi hesab edirəm. Türkiyə qоşunlarının Naxçıvan ərazisinə daxil оlmasına mane оlmağa çalışacağam. Cavab və sərəncamınızı gözləyirəm. General-mayоr Andranik”.

Fikir verin, Andranik teleqramdakı üç-dörd cümlə ilə bütün planını, məqsəd və vəzifəsini açıqlayır. Özünü “Rusiyanın ayrılmaz tərkib hissəsi hesab edən”, başqa sözlə, rusların himayəsinə arxalandığını, onlardan güc aldığını dilə gətirən bu cani türk qоşunlarının Naxçıvana girməsinə mane оlacağına əminliklə vəd verir və  qırğına, talana başlamaq sərəncamını gözləyir… O cərəncam verilir və Andranik Zəngəzurda, Qarakilsədə (Sisyanda)... soyqırımlar törədir...  

Bolşevik cildinə girərək insanlıq simasını itirən digər qatil  S.Şaumyanın da Andranikə cavabı diqqət çəkir: “Culfa, xalq qəhrəmanı Andranikə. Sizin teleqramınızı aldım. Teleqramın tam mətnini Mоskvaya, mərkəzi hökumətə çatdırdım. Sizin simanızda öz tərəfimizdən əsl xalq qəhrəmanını salamlayıram”. 

Şaumyanın-sovet hökumətinin təmsilçisinin, üzdə qırğının əleyhdarı, gizlində isə türk qanına susayan yalquzaq xislətli erməninin iç üzü, xisləti, riyakarlığı açıq-aydın görünür…

Maskalanmış Şaumyanın Andraniki “xalq qəhrəmanı” adlandırmasının səbəbi isə “Zəngəzurda”dakı  aşağıdakı parçanı oxumaqla açılır: “...İkimərtəbəli evin qabağında böyük bir izdiham vardı. Öz aralarında kədərli-kədərli danışan, cır-cındalı adamlar nə isə bir xəbər gözləyirdilər. Bir xeyli keçəndən sonra 58-60 yaşlarında, orta boylu, enli kürəkli, başı-bığı çallaşmış, rus generalı paltarında bir adam içəridən balkona çıxdı. Onu görən kimi hamı:

- Andranik paşa! Andranik paşa!–deyə, əl çaldı.

Andranik əlini qaldırıb onların sakit olmalarına işarə etdi. Hamı sakit olub, gözünü ona dikdi.

Andranik dedi:

- Qaxdaqanlar (Qaxdaqan, ermənicə qaçqın deməkdir-Əyyub Abasov)!  Elindən, kəndindən ayrı düşmüş ermənilər! Mən sizin dərdinizi bilirəm. Yaşamağa eviniz, əkməyə torpağınız, yeməyə çörəyiniz yoxdur. Siz onları Ərdəhanda, Qarsda, Sarıqamışda qoydunuz. Burda isə sizin dərdinizə ağlayan, qeydinizə qalan yoxdur. İndi məndən kömək istəməyə gəlmisiniz. Mən əlimdən gələni eləyəcəyəm. Mən sizi bu hala salan türklərdən Türkiyədə intiqam ala bilmədimsə, Qafqazda, bax, bu Zəngəzurda alacağam. Gözləyin, o günü gözləyin!..”.   

“Zəngəzur” romanında riyakar Şaumyanın “xalq qəhrəmanı” adlandırdığı Andranikin vəhşiliyinin təsviri verilən bir səhnəni-onun “türklərdən Türkiyədə ala bilmədiyi  intiqamı Zəngəzurda aldığına” diqqət yetirin: “Andranik Uzunyanın əsgərləri kəndə aşağı tərəfdən daxil oldular. Yamacın ətəyində bir neçə ev alışıb-yandı. Comərd təkid eləyirdi ki, adamlar nəyi bacarırlarsa götürüb dağlara çəkilsinlər. Haray-həşir, arvadların hönkürtüsü, uşaqların ağlaşması kəndi başına almışdı. Sanki qayalar da Zəngəzur torpağında bas verən müsibətə laqeyd qala bilmirdi. Atlar, yuklənmiş ulaqlar, qorxudan boyürən öküzlər, inəklər-hər şey bir-birinə qarışmışdı. Kənddə qalan yalnız dərd-sərdən ağlı çaşmış və öz həyatını evdən ayrı təsəvvür etməyən qocalar idi...”.     

…Erməni nə vaxtsa çətinə düşəndə, maddi sıxıntı ilə üzləşəndə türkə-azərbaycanlıya pənah gətirib, kürək söykəyib. Ağır vəziyyətdən qurtulandan sonra isə xilaskarını tanımayıb, yaxşılığı itirib, işğalçılıq siyasəti yürüdüb, torpaq, ərazi iddiası ilə dəhşətli cinayətlər, soyqırımlar törədib. Ə.Abasov “Zəngəzur”da bunu Karonun, keşiş Mesropun, Andranikin... sözlərilə oxucunun diqqətinə çatdırıb.  

Karo: “...Bizim davamız hələlik türklərlə yox, bolşeviklərlədir. Məqsədimiz isə böyük Ermənistan yaratmaqdır. Dənizdən dənizə uzanan bir Ermənistan!..

...Erməni millətinin taleyi, gələcəyi həll olunduğu, müstəqil bir dövlət kimi özünü dünyaya tanıtmaq istədiyi bir dövrdə heç bir erməni oğlunun öz yaxasını kənara çəkməyə ixtiyarı yoxdur!”.

Keşiş Mesrop: “...Pristav ağa buyurdu ki, Qafqaz xalqlarının dillərini öyrənir. Bu, yaxşıdır. Amma qabaqca erməni dilini öyrənsə, daha yaxşı olar. Çünki erməni dili, erməni tarixi daha qədimdir… Bəli, bəli, pristav ağa, mən isbat eləyərəm ki, erməni milləti çox qədim tarixə malikdir. Mənim dediyim budur ki, erməni dilində məktəb açılsın. 

...Mənim millətim hamı millətlərdən alidir. Heç bir millətin tarixi ermənilərinki kimi qədim deyil. Hər daşı qaldırsan, altından bir erməni tarixi çıxar...”

Andranik: “...Müsəlman kəndlərinin biri də salamat qalmamalıdır... Türkü öldürmək cinayət deyil, qəhrəmanlıqdır…”.

***          

Yeri gəlmişkən, romanla bağlı bir məqama da  toxunmağı zəruri sayıram. “Zəngəzur” nəşr ediləndən sonra ermənilərin  bu əsərə, onun müəllifi Əyyub Abasova qarşı hücumu başlayır. Bu,  aydın məsələdir. Çünki sovet dövründə ermənilər türkü aşağılaya, ərazi iddiası irəli sürə, şər-böhtan kampaniyası apara, tarixi həqiqətləri saxtalaşdıra bilirdilər və imkan tapan kimi məkrli planlarını da həyata keçirirdilər. Bizə isə doğrunu  demək qadağan olunmuşdu. Səsini çıxaran, etirazını bildirən cəzalandırılırdı. Bu məsələdə ayrı-seçkilik sirr deyildi…   

Mənə o zaman  romana qarşı erməni hücumuna bəzi azərbaycanlı ziyalıların da  qoşulması, danos yazmaları təəccüblü görünür. İndi bu barədə fikirləşirəm, ağlıma gələn səbəb ancaq qısqanclıq, paxıllıq olur. Təəssüf ki, bizdə öz əlimizlə özümüzü “baltalamaq” kimi bir mərəzin olmasını da etiraf etməliyik...

Unudulmaz şairimiz Məmməd Araz  azərbaycanlıların deportasiyası haqqında xatirələrində bu məsələyə toxunub:

- Bu kökləri daha dərindən araşdırıb üzə çıxarmaq lazımdır, eyni zamanda, 18-20-ci illərlə bağlı materialları... Bu illərin hadisələrini Əli Vəliyev, Süleyman  Rəhimov, Əyyub Abasov daha dəqiq işıqlandırıblar. Əyyub Abasovun “Zəngəzur” əsərində məlumatlar çoxdur. Bu əsər əvvəl rusca çap olundu, sonra azərbaycanca. Erməni dilindən başqa çox dillərdə çap edildi. Bu əsərə görə o yazığın başına bizimkilər nələr gətirmədilər. Hər halda yazılı abidədir, qalır. Bizim nənələrimiz bizə öyrədiblər ki, adam öldürməyin, ermənilər isə öyrədiblər ki, türkləri qırın. Zöhrə nənəm neçə əsir düşmüş ermənini buraxdırıb ki, mənim ocağımda adam öldürməyin…

Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur.

Vaqif BAYRAMOV

“Xalq qəzeti”

                                                                                                                         

Qan yaddaşı