1988-ci ildən başlamış Ermənistan–Azərbaycan münaqişəsinin davamı olaraq, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri – Xocalı soyqırımı baş verdi. Xocalı faciəsi qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.
Faciədən 32 il keçməsinə baxmayaraq, Xocalı şahidləri, Azərbaycan xalqı qanlı hadisəni ürəkağrısı ilə xatırlayır. Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq salınmış “Ana harayı” abidəsinə baş çəkdik. Rayonun yaşlı sakinləri bildirdilər ki, fevral ayının 20-dən sonra abidəni ziyarət etmək üçün hər gün yüzlərlə insan oraya gəlir, qurbanların xatirəsini yad edirlər. Ziyarətimiz zamanı elə biz də bunun şahidi olduq – hökumət adamları, QHT və ictimai sektorun nümayəndələri, məktəb şagirdləri, müəllimlər və digər sahələrin təmsilçiləri abidəni ziyarət edir, gül dəstələri düzür, soyqırımı qurbanların ruhlarına dua edirdilər. Onların arasında Azərbaycanın müxtəlif rayonlarından gəlmiş vətəndaşlarımız da vardı.
S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının müəllim-şagird kollektivi ilə söhbət edirik. Şagirdlər müəllimlərindən, valideynlərindən öyrəndikləri bilgiləri bizimlə paylaşırlar. Onlar Xocalı faciəsini heç vaxt unutmayacaqlarını bildirirlər.
Gimnaziyanın müəllimi Zinyət Səmədova dedi ki, ağrılı-acılı, məşəqqətli günlərdən keçmişik. Xocalı faciəsi bizim üçün sözün həqiqi mənasında tarixdir, faciədir, dərsdir. Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq. Xocalı soyqırımı ən qanlı və genişmiqyaslı qətliam olmağına baxmayaraq, bu yeganə hal olmayıb. Məhz bu qırğına kimi Ermənistan tərəfindən Azərbaycanın digər yaşayış məntəqələrində, o cümlədən, Cəmilli, Meşəli, Kərkicahan, Malıbəyli və Quşçular kəndlərində törədilmiş kütləvi qırğınlar Xocalının mühasirəsinə imkan yaratmaq məqsədinə xidmət edib. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Gimnaziyanın digər müəllimi Nailə Qurbanova da Xocalı faciəsi barədə fikirlərini bizimlə bölüşür. O xatırlatdı ki, bu faciəni indiki və gələcək nəsil unutmamalı və bu məqsədlə məktəblərdə bu mövzular geniş danışılmalıdır. O gecənin müdhişliyi tariximizə təkcə xocalılıların deyil, xalqımızın qanlı göz yaşları ilə yazıldı. Lakin Xocalının dərdli-naləli gecəsi barədə nə qədər yazılsa da, yenə də müsibət və dəhşətləri olduğu kimi təsəvvür etmək çətindir.
Müəllimə Sədaqət Cabbarova bildirdi ki, hər il Xocalı soyqırımı günündə məktəbliləri qurbanların xatirə abidəsinə gətirir, onlara baş vermis faciə haqqında ətraflı məlumat verir, bununla da, Ermənistan tərəfindən xalqımıza qarşı törədilmiş dəhşətli faciənin unudulmaması üçün əllərindən gələni edirlər.
“Ana harayı” abidəsini ziyarətə gələnlər arasında bir sıra QHT sədrləri ilə həmsöhbət oluruq.
Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü bildirir ki, Xocalı hadisəsi tarixin ən qəddar qətliamıdır. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdı. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyib, onlara amansız divan tutublar. Soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov götürüldü. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsa da, onların çoxu soyuqdan, şaxtadan həlak oldu. Xocalı əhalisinin bir qismi diri-diri yandırıldı, başları kəsildi, üzlərinin dərisi soyuldu, körpə uşaqların gözləri çıxarıldı, süngü ilə hamilə qadınların qarınları yarıldı. Ermənilər, hətta meyitləri də təhqir ediblər. Bu faciəni heç zaman unutmayacağıq.
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar da öz növbəsində qeyd etdi ki, Xocalı faciəsindən illər keçməsinə baxmayaraq, xalq o qanlı fevral gününü unutmur və heç zaman unutmayacaq. Bu soyqırımı günahsız və əliyalın xalqa, millətə qarşı ən böyük vəhşilik idi. Həmin gün Azərbaycan xain düşmənlə mübarizə aparırdı. Artıq biz güclü orduya, hərbi gücə malik bir ölkəyik. İkinci Qarabağ müharibəsində qalib gəldik, torpaqlarımızı işğalçılardan təmizlədik. Xocalı bu gün azaddır, orada üçrəngli bayrağımız dalğalanır. Xocalı qurbanlarının ruhu da şaddır. Bundan böyük xoşbəxtlik ola bilməz.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini, o cümlədən 63 uşaq, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilib, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 197-nin taleyi indiyədək məlum deyil. Xocalının 5379 sakini şəhərdən zorakılıqla qovulub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Rizvan FİKRƏTOĞLU,
Elşən AĞALAR (foto)
XQ