Qarabağ Universiteti – milli təhsilimizə Zəfər töhfəsi

post-img

Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması işğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası istiqamətində aparılan uğurlu siyasətin çox önəmli addımlarından biridir. 32 il bundan əvvəl erməni faşistlərinin oda qalayıb yer üzündən sildiyi, dinc sakinlərini kütləvi surətdə işgəncələrlə məhv etdiyi Xocalının 10 kilometrliyində bu gün Qarabağ Universitetinin yaradılması soyqırımı qurbanlarının intiqamının alındığının daha bir önəmli göstəricisidir.

Regionun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması işğaldan azad olun­muş ərazilərə Böyük Qayıdışın sürətlənməsində də əhəmiyyətli rol oynayacaq. İlkin mərhələdə 1000 nəfərə yaxın tələbənin təhsil alması nəzərdə tutulan Qarabağ Universiteti 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. Xey­li vaxtdır ki, qloballaşma dövründə universitetlərin formalaşması, ali təhsilin yenidən qurulması və s. kimi məsələlər aktuallığı ilə diqqət mərkəzindədir. 

Xocalı faciəsinin 32-ci ildönü­mü günlərində Qarabağ şəhidləri­nin ruhunu sevindirən belə fakt və hadisələrin ictimaiyyətin, eləcə də Azərbaycandan kənarda yaşıyan ziyalılarımızın da diqqət mərkə­zində olduğunu nəzərə alaraq Tür­kiyənin 19 Mayıs Universitetinin professoru, texnika elmləri doktoru Azər Qasımzadə ilə həmsöhbət olduq.

– Azər müəllim, Qarabağ Universitetinin yaradılması böl­gənin içtimai-siyasi həyatında, eləcə də təhsil sahəsində yeni və uğurlu addım kimi hamımızı hədsiz sevindirir. Şəhidlərimizin də ruhu şaddır – düşməndən in­tiqam alınıb, onların nahaq axı­dılan qanı yerdə qalmayıb.

– Bu gün Xocalı soyqırımı qurbanalarının xatirəsinin dərin ehtiramla anıldığı bir məqamda, əlbəttə, xəyanət və fəlakət yuva­sı olmaqdan qurtulub, yağıdan təmizlənmiş Qarabağda bu adla dünyaya boy göstərən bir ali təhsil ocağının təşkil edilməsi xalqımıza Zəfər töhfəsi olmaqla yanaşı, həm də 30 il Vətən övladlarının axıdıl­mış qanlarının hədər getmədiyini göstərir. Allah Xocalı qurbanlarına və bütün Qarabağ şəhidlərinə rəh­mət eləsin!

Xankəndidə yeni universitetin yaradılması olduqca diqqətəla­yiq hadisədir. Açığı mən bunun siyasi tərəfindən geniş danışmaq istəməzdim, çünki bütün real­lıqları dəyərləndirən möhtərəm prezident bu sərəncamı ilə bu dəfə də hadisələri qabaqladı və bölgədə modern təhsilin vacib­liyini təsdiqlədi. İşğaldan əvvəl Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi fəaliyyət göstərən bu ali təhsil ocağının tarixi zəfərimizdən sonra fəaliyyətə başlaması və Qarabağda ilk universitet kimi qu­rulmasının böyük siyasi və sosial əhəmiyyəti olduğu kimi, həm də tarixi ədalətin bərpası anlamında da mühüm hadisədir. 

Bu məsələ Qarabağın sivil ta­rixi ilə əlaqədar olduğu qədər də bu günümüzün reallıqları ilə bağ­lıdır. Əslində keçmişimizə çox qısa bir ekskurs etsək, görərik ki, Qa­rabağda elmə-təhsilə və mədəniy­yətə verilən dəyər həmişə diqqət­də olub. Bu məsələnin önəmli bir tərəfidir. Digər önəmli bir məsələ Qarabağ Universiteti dördüncü sə­naye inqilabının tələbləri əsasında qurulacaq. Bu həm də o deməkdir ki, yeni qurulan universitet təkcə fəaliyyətinin olduğu Qarabağın yox, əslində heç Azərbaycanın da deyil, dünyanın- ən azı bölgənin, Cənubu Qafqazın və Türk dünyasının fərqli və modern elm və təhsil müəssisə­si olacaq. 

– Bunu nə ilə əsaslandırar­dınız, Sizin təcürbənizdən gələn məsələdir, yoxsa?...

– Mən inkar etmək istəməz­dim ki, burada elmi fəaliyyətin və təçrübənin rolu unudulmalıdır. Daha dərindən diqqət ediləndə bu tələblər, o cümlədən universitetdə yerli və beynəlxalq təcrübənin tət­biqi imkanları, Qarabağda tarixən mövcud olmuş təhsil ənənələrinin öyrənilməsi və regionun sosial-iq­tisadi ehtiyaclarına uyğun yüksək ixtisaslı kadr tələbatının ödənil­məsi dövlət başçısı tərəfindən də ümdə məqsəd kimi qarşıya qoyu­lub. 

Universitetin akademik heyəti üçün, eləcə də təhsilalanlar üçün müasir dövrün tələblərinin həyata keçirilməsi, universitet şəhərci­yinin yaradılması, burada bütün xidmətlərin yüksək tələblərə ca­vab verməsi, elmi-tədqiqat işləri ilə məşğul olan yaradıcı tədqiqat­çıların layihələrinin dəstəkləndiyi şəffaf və ədalətli mühitin formalaş­dırılması kimi amillər vacibdir. Bu təhsildə yeni sistemin qurulması­dır. İlk növbədə yeni universitetin tədqiqat yönümlü olması vacibdir. Bu, Nazirlər Kabinetinin təsdiqlədi­yi “Qarabağ Universitetinin Nizam­naməsi”ndə də əksini tapır.

Bəzi incəlikləri dərindən bil­məsək də, mətbuatda gedənlər, eləcə də sizin qəzetinizdə dərc edilmiş bəzi məqalə və fikirlərlə tanış olduqda da bunları görürük. Xaricdə, o cümlədən Türkiyədə ya­şayan alimlərin fikir və mülahizələ­ri ilə tanışlıq da, yeni təhsil siste­minin uğurları da birmənalı olaraq təsdiqləyir ki, Qarabağ Universi­tetinə peşəkar professor-müəllim heyətinin cəlb edilməsi, modern laboratoriyaların qurulması, elmi tədqiqatların aparılması və onların tətbiqi sahəsindəki uğurlar təkcə universitetin yox, həm də ölkənin və regionun tanıdılmasında əhə­miyyətli olacaq. Bu həm də uni­versitetin istehsalata vəsiqə alan tədqiqatlarından gələn böyük qa­zanclara açılan yoldur. 

Uzağa getməyək, 90-cı illərin əvvəllərində, Azərbaycan yenicə müstəqilliyini qazananda ölkədən xariçə kütləvi bir axın başladı. Bir səbəb alimlərin həyat şəraiti və sosial problemlərin həlli ilə bağlı idisə, daha önəmli bir səbəb elmi nailiyyətlərin tətbiqinə şəraitin ol­maması idi. Amma elm adamları­mızın böyük potensialı var idi və buna görə dünyanın ABŞ, Yaponi­ya, İtaliya və sair kimi inkişaf etmiş ölkələri bu alimlərə çox rahatca qu­caq açdılar. 

Uzun illərdir ki, çalışdığım qar­daş Türkiyədə bu ənənədən fayda­lanan onlarca alimimiz var. Bilkənt Universitetinin professoru Əmirulla Məmmədov, Egey Universitetinin professorları Afiq Bərdəli, Ürfət Nuriyev, Çanaqqala və Egey Uni­versitetlərinin professoru olmuş Aydın İbrahimov və onlarca başqa­ları təkcə Türkiyənin yox, həm də bütün Türk dünyasının fəxr etdiyi, çalışdıqları sahəyə dəyərli töhfələr vermiş alimlərdirlər. 

Bu siyahını uzatmaq, onların elmi töhfələrindən ətraflı danışmaq da olar. Amma məsələ ondadır ki, bu alimlərin də potensialından, elə­cə də onların çoxsaylı yetirmələri­nin elmi təcürbələrindən bəhrələn­mək lazımdır. İndi Azərbaycanda elm və təhsilin inkişafına dövlətin verdiyi önəm və yaradılan şərait bunu tələb edir. 

– Təcrübəli ali təhsil qurucu­su kimi təqdim etdiyiniz bu si­yahıda Sizin adınız da birincilər sırasındadır. Yeri gəlmişkən, fəaliyyət və uğurlarınız barəsin­də danışmağı xahiş edərdim.

– Xoş və səmimi sözlərinizə görə minnətdarlığımı bildirirəm. Qısaca olaraq bildirim ki, 1994-cü ildə Türkiyə Təhsil Nazirliyinin dəvəti ilə Samsun şəhərindəki 19 Mayıs Universitetinə (OMU) gəlmişəm və o vaxtdan da bu təhsil oçağının professoru olaraq çalışıram. Burada bir ilk olaraq inşaat mühəndisliyi fakültəsini və onun bünövrəsində qurğular di­namikası və zəlzələ mühəndisliyi sahəsində “Qurğuların monitorinqi və təxribatsız qiymətləndirilməsi labaratoriyas”ını qurdum, kompu­ter dəstəkli qurğuların sonlu ele­mentlər metodu ilə modellənməsi, analizi, layihələndirilməsinin program teminatının müəllifiyəm. Bu labaratoriya Türkiyədə ilk, dünya çapında isə, az sayda qabaqçıl ölkələrdə  qismən mövcud olmuşdur.

Bu mövzulara dair 5 kitabım Turkiyə universitetlərində dərs və­saiti kimi tədris olunur və müxtəlif illərdə yenilənərək 3 dəfə nəşr olu­nub. Bu sahədə dünya alimlərinin də dəyərləndirdiyi və ilk sırada yer alan dərsliklərdəndir. ABŞ-ın riyazi çalışmalar üzrə məşhur Mathvorks mərkəzinin web səhifə­sində müxtəlif dün­ya dillərində təqdim olunmaqla yayınlanmaqda və istifadə olunmaqdadır. 

Müəllifi olduğum “Roly-Poly”  riyazi modeli , zəlzələyə qarşı binaların zədələnməməsi üçün en etibarlı sistem olmasının paralelində,  eyni zamanda dünyanın ən yüksək bina və qülləsinin layihələndirilməsinə fürseət yaratmışdır. “Roly-Poly“  riyazi modeli bu səhədə tanınmış beynəlxalq elmi jurnallada,kitap və konfranslarda dəstəklənmişdir.

– Azərbaycandan ayrıldı­ğınız 30 ilə yaxın bir müddətdə doğma Vətənlə əlaqələriniz heç vaxt üzülməyib...

– Düz deyirsiz və məni tanı­yanların hər biri də təsdiqləyər ki, Azərbaycanla əlaqələrim heç vaxt kəsilməyib. Həmişə vaxtı ilə ça­lışdığım Azərbaycan Memarlıq ve İnşaat Universiteti (AzMİU) ilə 19 Mayıs Universiteti arasında elmi əlaqələrin yaradılmasının təşəb­büskarı olmuşam və müəllifi oldu­ğum kompyuter program təminat­ları və çalışdığım sahə ilə əlaqəli olan kitablarımı AzMIU-ya hədiyyə etmişəm. 2017-ci ildə Bakıda oldu­ğum bir həftə ərzində bu universi­tetdə ustad dərslərim olub. 

2022-ci ilin aprel ayından isə dəvət ilə rektorun müşaviri, zəl­zələ mühəndisliyi elmi-tədqiqat mərkəzinin direktoru və mexanika kafedrasının professoru kimi Azər­baycanın elm və təhsilinə dəstək verməkdəyəm. Bu müddət ərzində Türkiyədə OMU-da olan fəaliy­yətimə paralel olaraq AzMİU-da kompyuter dəstəkli “Sonlu ele­mentlər metodu əsaslı qurğuların modellənməsi və analizi labara­toriyası“nı qurmuşam, çalışdığım sahəyə aid iki kitabım Azərbaycan dilinə tərcümə edilərək çap olunub. 

AzMİU-da bir beynelxalq kon­fransın keçirilməsinə və bir bey­nelxalq elmi jurnalın nəşrinə nail olmuşam. Adı keçən labaratoriya­da istifadə edilən, müəlifliyi mənə aid program təminatı Azərbay­canda istifadə edilən ilk komputer programıdır. Bu il maliyyə dəstəyi almış layihə grantım ilə “Strate­ji əhəmiyyətli bina və qurğuların monitorinqi və qiymətləndirilməsi laboratoriyası“nı qurmağı planlaş­dırıram.

Sualınıza aid olaraq, onu da demək yerinə düşər ki, mən av­tobioqrafik təqdimatımdan danı­şanda bir faktı demədim, 1972-ci ildə Şuşa şəhərindəki Üzeyir Ha­cibəyli adına 1 nömrəli orta mək­təbi qızıl medal ilə bitirmişəm və buraxılış imtahan komisiyasına Xankəndidən gələn heyət başçı­lıq edib. Məktəb illərində riyaziy­yat üzrə olimpiadalarda Şuşada, Xankəndidə birincilik qazanaraq (təəsüf ki, erməni dilində yazılmış tərifnamələr ilə təltif olunmuşam) Bakıda respublika birinciliyi olimpi­adalarına qatılmışam. Nə xoşbəx­tik ki, bundan sonra Xankəndidə fərqlənən məktəblilər Azərbaycan dilində yazılmış tarifnamələrlə təltif olunacaqlar. Sonrakı təhsil illərim Bakıda və Moskva İnşaat Mühən­disləri İnstitunda keçmişdir. Ali təhsildən sonra  təyinatla SSRİ Neft və Qaz Sənayesi Nazirliyinin Elmi Tədqiqat və Layihə İnstitutunda  “Dəniz qurğuları” və  “Qurğuların avtomatik layihələndirilməsi-SAPR”  şöbələrində çalışmışam.  “Xəzər dənizinin “Çıraq” (28 Aprel) neft yatağında 2 sayılı dəniz platformasının, Qara dəniz qaz yatağında dəniz platformasının, Şimali Xəzər və Azov dənizlərində çox istifadəli platformlarının və sair qurğuların  riyazi modellənməsi, analizi və layihləndirilməsində iştirak etmişəm. 

Çalışdığım 19 Mayıs Üniver­siteti ərazisində “Xocalı soygrı­mı” abidəsinin ucaldılmasına və eyniadlı parkın salınmasına nail olmuşam. Türkiyə universitetleri içərisində bu bir ilkdir və univer­sitet ərazisində belə bir abidənin ucaldılmasının mənəvi tərəfləri olduqca böyükdür. 30 il ərzində hər il “Xocalı soygrımı”nın ildönü­mü mərasimində ətrafımdakıların üzünə baxmaqda çətinlik çəkirdim, elə bil hər tərəfdən baxışlar üzümə dikilərək məndən cavab gözləyirdi: “axı nədən bu günə gədər bu qisas yerdə qalıb, oralar niyə işğaldadır” sualı ilə. 

İndi bütün xalqımıza, eləcə də xariçdə yaşayan azərbaycanlılara, bizlərə bu qüruru yaşadan Ali Baş Komandana, qazilərmizə, hər gün ruhları şad olsun dediyimiz şə­hidlərimizə hər kəsin önündə baş əyərək sonsuz minnətdarlığımı bildirirəm. 2018-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin qurulması ilə cəmi 23 ay davam edən dövlət müstəqilliyimiz tariximizin ən şərəf­li səhifəsidir. Ondan 103 il sonra ilk dəfə suverenliyini qazanan, bütün sərhədlərini öz milli ordusu ilə qo­ruyan, dövlət dili Azərbaycan dili olan, bütün torpaqlarında üçrəngli Azərbaycan bayrağı qürurla dal­ğalanan günləri görməyin xöşbəxt­liyini yaşamaq qazandığımız ən böyük nemətdir. 

– Sonuncu sual – Qarabağ Universitetində çalışmaq istər­dinizmi?

– Bu təhsil və elm mərkəzinin fəaliyyətinə bacarığı çatan hər kə­sin kömək etməsi borc və şərəfdir. Mən də öz köməyimi əsirgəməyə­cəyəm. Elə işlər var ki, onları Xankəndində olmadan da həyata keçirmək olar. Mənim əsas mara­ğım və təcrübəm qurğuların (bina­lar, körpülər, qüllələr, tunellər və sairə) riyazi modellərinin hazırlanması, analizi ve layihələndirilməsi texno­logiyaları ilə bağlı olduğu üçün Qa­rabağ Universitetində bu sahənin böyük önəm daşımasını əhəmiy­yətli hesab edirəm. 

Gəmi, təyyarə, inşaat mühən­disliyi kimi bütün mühəndislik sahələrində bu qurğuların riyazi modellərinin hazırlanması, analizi­, layihələndirilməsi üçün program təminatının yaradılması, o cüm­lədən tədrisi, tətbiqi kimi prob­lemlərin vacibliyi davamlı olaraq gündəmə gətirilir. Bütün bu bəhs etdiyim problemler sonlu elementlər metodunun tətbiqi ilə həll edilməkdədir. Ona görə bir ilk olaraq, yaxud da bütün sahələrə paralel olaraq bu sahələrin əsaslı bazasının yaradılmasını olduqca gərəkli hesab edirəm. Ölkəmizin texniki və hərbi  ğücünün bönövrəsi olan bu əhəmiy­yətli sahənin əsaslı bazasının yaradılmasında Qarabağ Universitetinə dəstək olmağı,  bu sahədə ən son yenilikləri əks etdirən ustad dərslərinin verilməsinə çalışacağam. Başqa bir arzum da hər dərs ilinin açılışında vaxtı ilə məzunu olduğum Şuşa Üzeyir Hacıbəyli adına 1 saylı orta məktəbdə olmaq, burada “Fənlərin kəsişməsində tətbiqin xüsusiyyətləri” mövzusunda ustad dərsi verməkdir. 

Ümid edirəm ki, Qarabağ Universiteti qalib döv­lətimizin yüksək elm və təhsilinin, uğurlu və sürətli inkişafının nü­munəsi olaraq dünyanın təhsil mə­kanında yeni imza olacaqdır.

– Müsahibə üçün çox sağ olun.

Namiq QƏDİMOĞLU XQ

 

Müsahibə