AMEA yeni mərhələdə: elmi fəaliyyətin təşkilində sinergizm

post-img

(Prezident İlham Əliyevin çağırışları fonunda)

II MƏQALƏ

Azərbaycanda yüksək sava­da, biliyə, ixtisasa, elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Onları qiymətləndirmək lazımdır.

Heydər ƏLİYEV

Ümummilli lider

Akademiyada elmi fəaliyyətin müasir təşkili

I məqalədə vurğuladığımız kimi, hazırda AMEA-da elmi fəaliyyətin təşkili Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi prinsiplər üzrə müasir elmdə aparıcı hesab olu­nan təşkilati özəlliklərlə sıx əlaqədə reallaşır. 

Bunun üçün AMEA rəhbərliyi dünyanın aparıcı elmi təşkilatlarının təcrübəsini dərindən öyrənir və Azər­baycanda elmi mühitin reallıqlarını nəzərə alaraq addımlar atır. Həmin baxımdan I məqalədə vurğuladığımız Beynəlxalq Elmi Şuranın Beynəlxalq Elmi Şura Komitəsinin 2021-ci ildə “XXI əsrdə azad və məsuliyyətli elmi praktikaya müasir baxış” adlı məruzə­si ilə Azərbaycanda “Elm haqqında” Qanuna edilən dəyişikliklər arasında ideya uyğunluğu diqqəti çəkir. 

Konkret olaraq, bizim “Elm haqqında” Qanuna “elmi fəaliyyətə qoyulan məhdudiyyətlərin ləğv edil­məsi” müddəasının daxil edilməsi elmi fəaliyyətin təşkili baxımından proqressiv addımdır. Eyni zamanda, daha əhəmiyyətli cəhət Beynəlxalq Elmi Şuranın məruzəsində azad elmi və məsuliyyətli fəaliyyətin sıx qarşı­lıqlı əlaqədə nəzərdən keçirilməsin­dən ibarətdir. 

Elmi fəaliyyətdə azadlığı, sər­bəstliyi təbliğ edən beynəlxalq təş­kilat eyni dərəcədə təqiqatçının fərdi və kollektiv miqyasda məsuliyyətini də zəruri şərt kimi qoyur. Məruzənin “Tövsiyələr” bölümündə həmin mə­suliyyətin fərdi, toplumsal və dövlət aspektləri ayrıca vurğulanır. Demə­li, XXI əsrdə elmi fəaliyyətin təşkili həm mürəkkəb struktur-funksional özəlliyə malikdir, həm də fəaliyyət sərbəstliyi ilə kollektiv gerçəklik qar­şısında məsuliyyəti eyni səviyyədə əhəmiyyətli hesab edir. 

Burada digər məqam hər bir döv­lətin elmdə özünəxas tarixi yol keç­məsi və hazırkı mərhələdə onun üçün aktual olan məsələlərin xarakteri cid­di təsirə malikdir. Azərbaycan üçün bu məsələləri Prezident İlham Əliyev müəyyən etmişdir və dövlət başçısı­nın elm siyasətində, proqramlarında və çağırışlarında onlar konkret ifadə edilmişdir. AMEA rəhbərliyi də məhz sırf həmin kontekstdə elmi təşkilatda fəaliyyət strategiyasını müəyyən et­mişdir. 

Deməli, AMEA rəhbərliyinin elmi fəaliyyətin təşkili ilə bağlı müəyyən etdiyi 8 istiqamət milli re­allıqlarla beynəlxalq miqyasda elmi fəaliyyət üçün aparıcı və perspektivli sayılan prinsiplərin sinergetik qarşı­lıqlı əlaqəsi prizmasında dəqiqləşdi­rilmişdir və buna görə tam əsaslıdır. İndi bu nəticənin konkret izahını verək. Bunun üçün öncə hər istiqamə­tin ayrıca fəlsəfi-sinergetik təhlilini aparmaq lazımdır, sonrakı mərhələdə isə onların sistem halında eımi fəa­liyyətin təşkilinin hansı ümumi mən­zərəsini yaratdığı üzərində dayanmaq lazım gəlir. 

İslahatların çevikliyi

Məsələnin bu aspektinə iki is­tiqamət həsr edilmişdir: “İdarəetmə­nin və aparılan islahatların çevikliyi­nin artırılması” və “Elmi müəssisələr üçün aktual olan məsələlərin geniş müzakirəsi”. Onların ümumi məntiqi nəticəsi bu iki istiqamətin qarşılıqlı əlaqəsində elmi fəaliyyətin təşkilini Prezidentin çağırışlarına uyğun hə­yata keçirməkdən ibarətdir. Burada isə AMEA prezidentinin ifadə etdi­yi ölkənin strateji inkişafına xidmət göstərən elmi fəaliyyətin gerçəkləş­məsi strateji məqsədi nəzərdə tutur. 

Deməli, söhbət faktiki olaraq AMEA-da geniş müzakirələr əsa­sında aktual olan problemlərin ay­dınlaşdırılaraq, çevik islahatların aparılması başlıca xətti təşkil edir. Elmi fəaliyyətin dövlətçiliyə xidmət aspektində məsələnin bu tərəfi olduq­ca vacibdir. Çünki XXI əsrdə bütün sferalarda proseslər çox sürətlə cərə­yan edir və onların adekvat elmi dərki strateji kontekstdə prinsipial əhəmiy­yət daşıyır. 

Azərbaycan rəhbərliyi yeni ta­rixi mərhələdə indiki yüzilin məhz bu çağırışlarına uyğun inkişaf kursu­nu müəyyən etmişdir. Şübhə yoxdur ki, intellekt əsrində Azərbaycanda AMEA həmin prosesin həm yaradı­cılıq, həm də sosial-mədəni funksi­onallıq baxımından aparıcı qurumu­dur! Buna görə də ölkənin baş elmi təşkilatında dəyişikliklərə sistemli islahatlar səviyyəsində çevik reaksiya arxivacibdir.

Deməli, 8 istiqamətin ilk 2 tezisi faktiki olaraq AMEA-nın fəaliyyəti­nin fəlsəfi və sinergetik mahiyyətini müəyyən edir. Burada “fəlsəfə” və “sinergetika” bəzək terminlər kimi işlədilmir, əksinə onların hər birinin məzmun məsuliyyəti ciddi nəzərə alınır. Məsələ ondan ibarətdir ki, müasir mərhələdə fəlsəfi refleksiya, bütövlükdə, elmi fəaliyyətin adekvat əsasını, yönünü və strateji hədəfini anlamağa yardım edirsə, sinergizm bu məqsədə çatmağın müasir mexa­nizmlərini ifadə edir. AMEA-da qar­şıdakı vəzifələrə məhz bu iki müasir elmi-nəzəri anlamlar trendinin sinte­zində baxılır. Bunun çox perspektivli olduğunu və geniş təməldə ölkədə el­min inkişafının adekvat mənzərəsini yaratdığını düşünürük.

Sonrakı iki istiqamət də bu priz­mada çox aktual təsiri bağışlayır.

Səmərəli həll yollarına doğru 

3-cü və 4-cü istiqamətlər belə­dir: “Meydana çıxan problemlərin səmərəli həll yollarının axtarılması” və “AMEA-nın elmi müəssisələri arasında qarşılıqlı əlaqələrin yara­dılması”. Əslində, bu iki istiqamət qədim yunan metaforası ilə desək, “bir almanın iki üzüdür”. Yəni onlar bir-birini immanent (daxili mahiyyətə görə) tamamlayırlar. Çünki elmdə səmərəli həll yollarının axtarışı öncə­dən kollektiv fəaliyyəti və kommuni­kativ təmasları tələb edir. Sinergetik ifadə etsək, həll yolları axtarışı daima intersubyektiv xarakterlidir. AMEA kimi strukturda isə “intersubyektiv həll axtarışı”nın praktiki reallaşma mexanizmi elmi müəssisələr arasında qarşılıqlı əlaqədə əyaniləşir, aktualla­şır və eyni zamanda, reaktuallaşmanı motivə edir (təkrar-təkrar əyaniləşmə və yenidən aktuallaşma, yəni kəsil­məz proses formasında gerçəkləşmə). 

Buradan digər rasional qənaət alınır ki, aktual problemlərin həllində AMEA rəhbərliyi elmi müəssisələr arasında qarşılıqlı əlaqələrə ciddi əhə­miyyət verir. Bunun elmi və təşkilati faydasının böyük olduğuna əminəm. Çünki müasir dövrdə dövlətçiliyin inkişafı və hətta, milli ideyanın pers­pektivli məzmununun müəyyən edil­məsi, bütövlükdə, Azərbaycanın elmi camiyəsinin üzərinə ciddi məsuliyyət qoyur. İki mənada: 

Birincisi, indiki tələblərdə dövlə­tin, ölkənin və cəmiyyətin perspektiv­li inkişafının ilk növbədə milli intel­lektlərin fəaliyyəti əsasında müəyyən edilməsi zərurəti mövcuddur.

İkincisi, söhbət Azərbaycan üçün arxivacib olan milli ideya ilə inkişaf strategiyasının yeni mərhələdə vəhdə­tindən gedirsə, deməli, bizim hamımı­zı olduqca ciddi, mürəkkəb və sistemli elmi fəaliyyət gözləyir. Bu prosesdə uğur qazanmağın təməlində isə, şü­bhə etmirik ki, məhz kollektiv zəkavi innovativ, qurucu və təşkiledici fəaliy­yət dayanır. Buna görə də AMEA rəh­bərliyinin müəyyən etdiyi 3-cü 4-cü istiqamətlər təşkilatın fəlsəfi-siner­getik mövqeyinin müəyyən edilməsi çərçivəsində daha konkret səviyyədə fəaliyyətin mahiyyətini, məzmunu və məqsədini ifadə etməkdədir. 

Məsələnin bu cür qoyuluşunun iki mühüm aspekti sonrakı istiqamət­lərdə aydın ifadə edilmişdir. Çünki avtomatik olaraq meydana iki sual çıxır: kollektiv əlaqələr müstəvisində yalnız daxili imkanlarla qənaətlən­mək indiki tələblərə adekvatdırmı? Və indiki elmi axtarışlar mexanizm­ləri yeni təşkilati prinsiplərə nə dərə­cədə uyğundur? 

Təcrübə mübadiləsi və yeni axtarışlar

5-ci istiqamət elmi fəaliyyətin təşkili prosesində üç fəaliyyət miq­yasını özündə ehtiva edir: Birinci, AMEA daxilində elmi müəsssisələrin təcrübə mübadiləsi. İkinci, AMEA-nın bir təşkilat olaraq ölkə miqyasın­da digər elm və təhsil strukturları ilə təcrübə mübadiləsi. Üçüncü, AMEA-nın Azərbaycanın baş elmi qurumu kimi beynəlxalq miqyasda təcrübə mübadiləsi. 

Hazırda AMEA rəhbərliyi bu üç miqyasın qarşılıqlı əlaqəsini konkret proqramlar vasitəsi ilə inkişaf etdir­məyə çalışır. Burada, bizim fikri­mizcə. AMEA elmi müəssisələrinin fəaliyyətlərinin təcrübəsinin təhlili aparıcı yer tutur. Çünki bu əsasda, bütövlükdə, AMEA-nın elmi fəaliy­yət praktikasının ümumi mənzərə­si, daxili təkamül mexanizmləri və perspektivli fəaliyyətin təşkili kimi məsələlərə aydınlıq gətirilir. 

Nəticədə AMEA bir sistemli, bütöv və təkmil elmi struktur olaraq həm ölkədaxili elmi və təhsil mühi­tində fəaliyyətini tənzimləyir, həm də aparıcı beynəlxalq təşkilatlarla təcrübə mübadiləsini qarşılıqlı yara­dıla bilən innovativ mühitə transfor­masiya etmək şansını artırır. Buradan yenə də AMEA daxilində elmi müəs­sisələrin qarşılıqlı əlaqəsi kontekstin­də elmi fəaliyyətin təşkilinin müxtəlif islahat xarakterli özəlliyi probleminə gəlib çıxırıq. Həmin sırada, təbii ki, yaradıcılıq (və ya kreativlik) faktoru həlledici yer tutur. Deməli, yeni tarixi mərhələdə AMEA üçün elmi tədqiqat mexanizmlərinin axtarışı pinsipial strateji əhəmiyyət kəsb edir. 

Özlüyündə AMEA rəhbərliyi­nin zamanında atdığı, eyni zamanda, cəsarət tələb edən addımdır. Bu is­tiqamətin ön sıraya çıxarılması zama­nın tələbidir, gecikmək və ya ləngimək olmaz. Digər tərəfdən, elmi axtarışla­rın yeni mexanizmlərinin axtarışı il­lərlə formalaşmış stereotipləri qırmağı tələb edir. Təcrübə göstərir ki, bir sıra hallarda ortaya çox sayda təşkilati, psixoloji, idarəetmə, sosial, iradi və hətta yaradıcılıqla bağlı əngəllər çıxa bilər. Bu kimi sindromlar mütləq ara­dan qalxmalıdır. Həmin prosesdə elmi tədqiqat işlərinin müasir tələblərə uy­ğun yeni mexanizmlərinin hazırlan­ması həlledici rol oynaya bilər. 

Əlbəttə, elmi tədqiqatların yeni mexanizmlərinin işlənib hazırlanması zaman alan prosesdir. Onun konkret məzmunu birgə fəaliyyətin nəticəsi ola bilər. Həm də təcrübə mübadilə­si konkret yön verə bilər. Bunlarla yanaşı, mənim bildiyim qədər, yeni tədqiqat mexanizmləri mahiyyətcə fənlərarası əlaqələri ciddi səviyyədə nəzərə almalıdır. Əslində, sosial-hu­natiar elmlərin sosiumun tədqiqinə yanaşması hər bir variantda interdi­siplinar xarakterlidir. Müasir elmi araşdırma təcrübəsi göstərir ki, əsas olaraq fənlərarası araşdırma üsulu ilə cəmiyyət haqqında adekvat bilik əldə etmək imkanı daha çox olur. 

O da şübhə doğurmur ki, prob­lemin bu tərəfi özlüyündə çox sayda elmdaxili və sosial-mədəni faktorları nəzərə almağı tələb edir. Bu barədə müasir dövrün tanınmış filosofla­rı, metodoloqları və ayrı-ayrı elm sahələrinin aparıcı mütəxəssisləri fi­kir yürüdürlər. Deməli, 5-ci və 6-cı istiqamətlər fəaliyyət dinamikasında konkret məzmunlaşa biləcək strateji xarakterli məqamları ifadə edirlər. 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət