Tarixə dinc əhalinin kütləvi surətdə qətlə yetirilməsinin bir çox dəhşətli nümunələri qanla həkk olunub. Bu tarixlərdən həmişə qan sızır və onu törədənlərə lənət doğurur. 32 il əvvəl erməni faşistlərinin Qarabağda apardığı işğalçılıq müharibəsinin ilk dövründə qədim türk torpağı Xocalıda dinc, silahsız sakinlərə qarşı törətdiyi soyqırımı bəşər tarixinin ən dəhşətli insan qırğınlarının sırasına yazıldı.
Erməni cəlladların insanlıq simasını itirmiş başçılarının dönə-dönə, mənhus bir öyünclə etiraf etdikləri kimi: Xocalıda uşaqlar, qadınlar, qocalar, müxtəlif yaşlı insanlar ona görə xüsusi amansızlıqla qətlə yetirilmişdilər ki, onlar məhz azərbaycanlı idilər. Onları tarixi yurdlarından birdəfəlik məhrum etmək üçün məhv etmişdilər. Quldur bandalar bununla Qarabağ əhalisinə göstərmişdilər ki, çıxıb getməsələr, aqibətləri belə olacaq. Bu barədə çox yazılıb, çox deyilib, yaxın-uzaq ölkələrin vicdanlı insanları səsisimizə səs veriblər.
Lakin beynəlxalq aləmdə hökm verənlər Xocalı qurbanlarının faciəsinə yetərli qiyməti, veriləsi cəzanı gecikdirirlər. 32 ildir ki, xalqımız bu qanlı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində daşıyır. Çünki Xocalı soyqırımının caniləri hələ də Haqq divanına çəkilməyib. Son illərdə dünyadakı kar olmuş qulaqları, yumulmuş gözləri açmaq üçün “Xocalıya ədalət!” harayımız ölkə-ölkə dolaşıb güclü əks-səda doğurur. Bu tələblə Xocalı yaramızı ovudur, erməni cəlladların cəzasını alacaqlarına inamımızı artırırıq.
Düzdür, Qarabağ zəfərimizlə günahsız şəhidlərimizin intiqamı alınıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, Xalq – Lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Otuzillik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Bu gün xalqımız Bakıdakı Xocalı soyqırımı abidəsini alnıaçıq, başıuca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Artıq Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin rəmzinə çevrilib.
Xocalı soyqırımının ildönümləri tarixi həqiqətləri bir daha hamımıza xatırladır. Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti aparıblar.
1990-cı illərin əvvəllərində Xocalıya qədər ermənilər Qarabağda azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişdilər. Hələ faciədən dörd ay əvvəl, yəni 1991-ci il oktyabrın sonundan Xocalıya gedən bütün avtomobil yolları bağlanmış və şəhər faktiki olaraq mühasirəyə alınmışdı. Yanvarın 2-dən Xocalıya elektrik enerjisi də verilmirdi və bu yaşayış məntəqəsinin Azərbaycanın digər bölgələri ilə bütün əlaqələri kəsilmişdi, yeganə nəqliyyat vasitəsi yalnız vertolyot idi. 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan Mİ-8 vertolyotu Xəlfəli kəndinin üzərində Xankəndi tərəfindən atılan raketlə partladıldı, içərisində olan 3 nəfər heyət üzvü və 41 sərnişin həlak oldu.
Bundan sonra isə Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. 1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan və azərbaycanlılar yaşayan digər strateji əhəmiyyətə malik kəndlər ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi. 1992-ci il fevralın 12-də Şuşanın Malıbəyli və Quşçular kəndlərində törədilmiş qarət və qırğınlar nəticəsində təkcə Malıbəyli kəndində 50 nəfər öldürülüdü, onlarla insan yaralandı və əsir götürüldü.
1992-ci il fevralın 17-də Ermənistan silahlı qüvvələri və Xankəndidəki 366-cı sovet motoatıcı alayı Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qırğın nəticəsində kəndin hər 10 sakinindən biri şəhid olub. 104 nəfər və müdafiə dəstəsinin 15 üzvü əsir götürülüb, onlardan 80 nəfəri qətlə yetirilib. Öldürülənlərdən 10-u qadın, 8-i uşaqdır. Ümumilikdə, Qaradağlı 1988-1992-ci illərdə 305 dəfə düşmən hücumuna məruz qalmışdı. Bu, Xocalıya aparan yolun başlanğıcı idi. Qaradağlı faciəsinə amansızlığın miqyasına görə ikinci Xocalı da deyirlər.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalını yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı və yandırıldı, insanlar isə xüsusi qəddarlıqla qətlə yetirildi. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılanlar çoxluq təşkil edirdi.
Yerli özünümüdafiə qüvvələri son nəfərinə, son gülləsinə qədər vuruşaraq düşmənə çox ciddi müqavimət göstərdilər. Qüvvələr nisbətinin qeyri-bərabər olduğu bu döyüşlər şəhəri müdafiə edən insanların göstərdiyi böyük qəhrəmanlıq, fədakarlıq nümunəsi idi. Xocalıya hücum zamanı erməni kəndlərinin mühasirəsində qalmış şəhərin 3000 nəfərədək silahsız mülki əhalisi düşməndən xilas olmaq üçün şəhəri tərk etdi. Çox təəssüf ki, o dövrdə Xocalıya heç bir kömək olmadığından həmin əhalinin demək olar ki, böyük bir hissəsi erməni vəhşiliyinin qurbanı oldu.
Xocalı 1991-ci ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da quru yolun əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi olaraq helikopter əlaqəsi qalmışdı. Xocalıya sonuncu helikopter 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki helikopterin vurulmasından və nəticədə 41 nəfərin faciəli surətdə həlak olmasından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik enerjisinin verilməsi dayandırıldı. Amma bütün bunlara baxmayaraq orada yaşayan əhali bir an belə şəhəri tərk etməyi düşünmürdü. Budur vətən sevgisi, budur torpaq sevgisi!
Bu mənada Xocalı hadisəsi bir qəhrəmanlıq tarixidir.
Fevralın 26-da erməni qüvvələri 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyilə Xocalıya hücum etdi. Həmçinin yanğınlar törədilmiş və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdü. Belə bir vəziyyətdə erməni mühasirəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqda azərbaycanlılar məskunlaşan Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur oldu. Hava limanının enmə zolağı qəsdən məhv edilərək yararsız hala salınmışdı. Ağdam rayonuna qaçan əhali yaxın ərazidə gülləyə tutuldu və nəticədə çoxlu sayda insan həlak oldu.
Qanla yazılmış statistika belədir: Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər sakini zorakılıqla qovuldu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürüldü. 150-dək insan xəbərsiz yoxa çıxdı.
Azərbaycanlı əhalinin amansız soyqırımına dair çoxsaylı faktlar sübut edir ki, bu qətliam Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi sistemli zorakılıq siyasətinin tərkib hissəsi olmaqla yanaşı, insan hüquqları və beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, digər beynəlxalq sənədlərin tələblərinin pozulmasıdır.
Azərbaycan dövləti illərdən bəridir ki, Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatıdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparıb. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.
Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Eləcə də, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atılır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub.
Aparılan siyasi-diplomatik işlərin nəticəsində indiyədək 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-nin 23 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul edib. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul olunub.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi düşmənin əsl mahiyyətini bir daha əyani şəkildə nümayiş etdirdi. Döyüş meydanında Azərbaycan əsgərinin qarşısında aciz qalan düşmən hərbi əməliyyatların getdiyi ərazilərdən uzaqda yerləşən yaşayış məntəqələrimizi raket atəşinə tutdu. Nəticədə, aralarında uşaqların, qadınların da olduğu dinc sakinlər həlak oldu. Gəncəyə, Bərdəyə, Tərtərə, Naftalana və digər yaşayış məntəqələrimizə atılan raketlər erməni faşizminin nə qədər təhlükəli olduğunu bir daha göstərdi.
30 il işğal altında olan torpaqlarımızda bu gün hər addımda erməni faşizminin, vandallığının şahidi olmaq mümkündür. Ermənilər işğal etdikləri ərazilərdə bütün yaşayış məntəqələrimizi, tarixi, dini, mədəni abidələrimizi məhv etməklə azərbaycanlıların bu torpaqlara qayıdışının qarşısını almaq istəyiblər. Bu niyyətlərini ərazilərin hər qarışına mina basdırmaqla daha da möhkəmləndirməyə çalışıblar. Lakin onların bu arzuları da puç oldu. Azərbaycan öz gücü ilə ədaləti bərpa etdi, işğala son qoyuldu, müharibədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq prosesinə başladı. Artıq bu yerlərdə yenidən həyat canlanır. Bu iki fərqli proses – dağıdıcılıq və quruculuq dünyaya ermənilər və azərbaycanlılar arasındakı fərqi aydın şəkildə nümayiş etdirir.
Müharibə başa çatsa da, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi gündəmə gəlsə də, erməni vəhşiliyini, 32 il əvvəl Xocalıda törədilmiş amansız soyqırımını heç vaxt unutmaq olmaz. Prezident İlham Əliyev bildirib: “Biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq”.
Bu il xalqımız Xocalı soyqırımının 32-ci ildönümünü qeyd edir. Ölkəmizin bütün şəhər və rayonlarında, bütün kollektivlərdə, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir, erməni faşizminin qanlı siması bəşəriyyətə bir daha açılıb göstərilir.
Xalqımız Qarbağdan işğalçı quldur orduları dağıdıb ölkəmizdən qovduğu kimi, Xocalı cəlladlarının da cəzalandırılmasına nail olacaq. Bu soyqırımı qurbanlarının Qarabağ Zəfəri ilə sevinmiş ruhuna bir daha dinclik gətirəcək. Bu divan dünyada belə qırğınların qarşısının birdəfəlik alınması üçün də zəruridir.
XQ-nin analitik qrupu