Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

post-img

Hörmətli cənab Prezident!

Əziz Qardaşım!

Əlamətdar yubileyiniz – anadan olma­ğınızın 70 illiyi münasibətilə öz adımdan və Azərbaycan xalqı adından Sizə ən sə­mimi təbriklərimi və xoş arzularımı yetir­məkdən xüsusi məmnunluq duyuram.

Sizin ömür yolunuz Vətənə və xalqa sədaqət və ləyaqətlə xidmət nümunəsi­dir. Siz qardaş Türkiyənin rifahı, bugün­kü inkişafı, beynəlxalq aləmdə layiqli yer tutması naminə fədakarcasına çalışan böyük şəxsiyyət, zəmanəmizin görkəmli dövlət xadimisiniz. Siz üzərinizə düşən məsul tarixi missiyanı inam və qətiyyətlə yerinə yetirərək, uzaqgörən və məqsəd­yönlü siyasətinizlə ölkənizi dünyanın ən aparıcı və qüdrətli dövlətləri sırasına çıxarmısınız. Türkiyənin son 20 ildə əldə etdiyi mühüm nailiyyətləri və uğurları məhz Sizin adınızla bağlıdır. 

Bu gün Sizin müdrik rəhbərliyiniz al­tında Türkiyə Respublikası inkişafının ikinci yüzilliyinə qədəm qoyur. Bu yolda qardaş ölkəyə qarşısına qoyduğu bütün hədəflərə və məqsədlərə çatmağı, yeni müvəffəqiyyətlərə və zəfərlərə imza at­mağı arzulayırıq.

Əziz Qardaşım!

Siz Azərbaycan xalqının da əsl dos­tusunuz. Azərbaycana qəlbən bağlılığınız ölkəmizin ərazi bütövlüyünə daimi dəstə­yinizdə, Azərbaycan-Türkiyə qardaşlığı­nın möhkəmlənməsində, müttəfiqliyimizin sarsılmazlığı naminə misilsiz xidmətləri­nizdə öz ifadəsini tapmışdır. Azərbayca­nın haqq işi ilə bağlı hər zaman ortaya qoyduğunuz qəti və birmənalı mövqe, verdiyiniz tərəddüdsüz dəstək xalqımız tərəfindən xüsusi minnətdarlıq hissi ilə xatırlanır. 

Seçkilərdən sonra ənənəyə sadiq qalaraq ilk rəsmi səfərimi dəvətiniz əsa­sında məhz qardaş Türkiyəyə həyata ke­çirməyim birliyimizin və müttəfiqliyimizin bariz göstəricisidir. Bu dəvətə və səfərim zamanı mənə və nümayəndə heyətinə göstərdiyiniz yüksək diqqət və qonaqpər­vərliyə görə Sizə bir daha dərin minnət­darlığımı bildirirəm. Sizinlə səmimiyyət, qarşılıqlı anlaşma şəraitində keçən gö­rüşümüzü, ikitərəfli münasibətlərin geniş spektri və əməkdaşlığımızın perspektiv­ləri ətrafında apardığımız ətraflı fikir mü­badiləsini yüksək qiymətləndirirəm.

Əminəm ki, ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən, xalqlarımı­zın qardaşlığından və birliyindən güc alan dünyada bənzəri olmayan münasibətləri­miz bundan sonra da birgə səylərimizlə “Bir millət, iki dövlət” prinsipinə uyğun ola­raq inkişaf edəcək və möhkəmlənəcəkdir.

Həyatınızın bu sevincli günü müna­sibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, qardaş Türkiyə xalqının əmin-amanlığı və firavanlığı na­minə məsul və şərəfli fəaliyyətinizdə daim yeni-yeni uğurlar və nailiyyətlər arzulayı­ram. 

Hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2024-cü il

Məktublar