İstiqlalımızın carçısı olan şəhidlərimiz anılır

post-img

Bu gün Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən 34 il ötür. Şəhər sakinləri səhər saatlarından faciə qurbanlarının xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər xiyabanına axışırlar. Minlərlə bakılı şəhidlərin məzarları üzərinə tər çiçəklər düzür, ruhlarına dualar oxuyur. 

Şəhidlər xiyabanını ziyarət edənlər arasında müxtəlif yaşda olan insanlar var. Vətən müharibəsi qaziləri, hərbi qulluqçular, dövlət təşkilatlarının nümayəndələri, veteranlar, gənclər, məktəblilər əllərində qərənfillərlə ziyarətə gəlmişdilər. 

Arzu Hüseynova,

-Respublika Qadınlar Cəmiyyətinin İdman gənclər sektorunun rəhbəri, idman ustası, məşqçi

- Həmin gecəni yaxşı xatırlayıram. Hamımız sovet tanklarının gözəl Bakımıza daxil olmasını istəmirdik. Ancaq sovet ordusu həmin gecə paytaxtımızda qan axıtdı. Azadlıq həmişə qurban tələb edir. 20 Yanvar tariximizin yalnız faciəsi yox, həm də mübarizlik, qəhrəmanlıq salnaməsidir. 

İkinci Qarabağ müharibəsində tələbəm olmuş Sübhan Əbdürrahmanlı və Elvin Abbasov şəhidlik zirvəsinə yüksəliblər. Şəhid Sübhan Əbdürrahmanlı 2020-ci il oktyabrın 6-da Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı, şəhid Elvin Abbasov isə noyabrın 7-də Şuşanın azad edilməsində şəhid olub. Bu gün şəhidlərimizin ruhu rahatdır, çünki Azərbaycanımızın ərazi bötüvlüyü tam bərpa olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Xədicə Yusifova,

İkinci Qarabağ müharibəsinin şəhidi İmaməddin Yusifovun bacısı

-20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb. Vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi həmişə qəlbimizdə yaşayır. Bu gün ailə üzvlərimizlə birlikdə şəhidlərizi anmağa gəlmişik. Azadlığımızın, istiqlalımızın carçısı olan şəhidləri hər zaman anırıq!

Yasin Xəlilov,

Bakı sakini

-Şəhidlərimizin əziz xatirəsini ad etmək üçün buradayam. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həyatını qurban verərək şəhidlik zirvəsinə ucalanların xatirəsini anmağa həmişə borcluyuq. Çünki ərazi bütövlüyü, toxunulmazlığı uğrunda canından keçən Vətən övladları ən böyük məhəbbətə və ehtirama layiqdirlər. Azərbaycan var olduqca şəhidlərimiz də hər zaman qəlbimizdə yaşacaqlar! Allah şəhidlərimizə rəhmət eləsin. 

Nazim Hüseynov,

Sabiq məcburi köçkün, “Kobra” ləqəbi ilə tanınan keçmiş döyüşçü

-Şəhidlərimiz Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda canlarını fəda etdilər. Artıq torpaqlarımız azaddır, şəhidlərimizin ruhu da şaddır. Şəhidlərimizi yad etmək, onları anmaq bizim çiyinlərimizə düşən əsas vəzifədir. Allah şəhidlərimizə rəhmət eləsin. Onları daim xatırlayacağıq. 

Könül Aslan,

Sümqayıt şəhər 30 nömrəli orta məktəbin müəlliməsi

-Bu gün şəhidlərimizin xatirəsini ehtiramla yad edirik. Torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizi hər zaman xatırlamaq bizim vətəndaş olaraq borcumuzdur. Şəhidlik qəhrəmanlıq zirvəsidir və bu uca məqama yüksələn igid oğul və qızlarımızın əziz xatirəsini bu gün böyük fəxarət və qürur hissi ilə yad edirik. Çünki bu gün Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun.

Nabat Hüseynova,

Bakı sakini

-Şəhidlərimizin qanı hesabına tariximizə zəfər sevinci yazıldı. Vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz hər birimizin fəxarət ünvanıdır. İstiqlaliyyət uğrunda mübarizənin başlanğıcı olan 20 Yanvar şəhidlərini hörmətlə anırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizi qorusun. Dövlətimiz var olsun. 

Elşən AĞALAR

Foto müəllifindir

XQ

 

 













Qan yaddaşı