Erməni girovluğu – vəhşilik məngənəsi

post-img

1990-cı illərin əvvəllərində erməni terror-quldur dəstələrinin Qarabağda azərbaycanlı əsir və girovlara qarşı törətdikləri qanlı cinayətlər bəşər tarixinə qara ləkə kimi düşüb. Bu məşəqqətlərə məruz qalanlar və bu dəhşətləri öz gözləri ilə görənlər bütün bunların qiyamətdən də ağır bir fəlakət olduğunu söyləyirlər. Bu günahsız insanların yeganə təsəlliləri odur ki, həmin tükürpədici vəhşilikləri törədən erməni qaniçənləri insanlığa sığmayan vəhşi əməllərinə görə mütləq ədalət mühakiməsi qarşısına çıxarılacaqlar. Bəli Xocalı cəlladları ilahi ədalətdən heç vaxt qurtula bilməyəcəklər.  


Xocalı şəhərinin işğalı zamanı erməni girovluğunda ağlasığmaz dəhşətli anlar yaşayanlardan biri də Qərənfil Misir qızı Ələsgərovadır. O, 1952-ci ildə Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağın Xocalı şəhərində doğulub. Xocalı qətliamı baş verəndən bir müddət əvvəl həyat yoldaşı Zülfüqar erməni başkəsənləri tərəfindən qətlə yetirilmişdi. Əziz oxucu, etiraf edim ki,  olduqca çətin məqamda dörd övladı ilə  taleyin ümidinə qalan Qərənfil ananın başına gətirilən vəhşilikləri sakit tərzdə dinləmək çox çətin idi. 
Qərənfil xanım üzləşdiyi müsibətlər barədə danışarkən deyib: 
– 1992-cı ilin fevralın 25-də artıq Xocalıda qalmaq qeyri-mümkün idi. Ermənilərin tam mühasirəsində olan şəhər aramsız top və artilleriya atəşlərinə məruz qalırdı. Şəhərdəki binalar gözümüzün önündəcə dağıdılırdı. Dağıntılar və yanğınlar altında qalan insanların ah-naləsi ərşə yüksəlirdi. 
Oğlum 20 yaşlı Eyvaz Xocalı rayonu üzrə özünümüdafiə batolyonunda düşmənə qarşı vuruşurdu. Qızlarım Zeynəbin 17, Nəzakətin 15, kiçik oğlum Arazın isə cəmi 10 yaşı vardı. Biz ölümdən daha çox namərd düşmənin əlinə keçməkdən qorxurduq. Təəssüf ki, bu, baş verdi. 
1992-ci il fevralın 25-i gecəsi mən iki qızım və oğlum Arazla birlikdə evimizn yaxınlığındakı zirzəmidə artilleriya atəşlərindən sığınmaq üçün gizlənmişdik. Burada bizdən başqa daha on bir nəfər vardı. Onlardan səkkizi axıska türkləri idi. 
Vəziyyət anbaan təhlükəli hal alırdı. Ermənilər birdən zirzəmiyə əl qumbarası atdılar, bu zaman bir yaşlı ahıska türkü, eləcə də yetmiş yaşlı  Zeynal kişi adlı bir nəfər həlak oldular. Zirzəmidə olanların çoxu yaralandı.  
Mən sağ gözümdən, qızım Nəzakət isə sol qolundan qəlpə yarası almışdıq. Erməni cəlladları bir neçə dəqiqədən sonra zirzəmiyə soxuldular, bizi əllərindəki avtomatların qundaqları ilə döyməyə başladılar. Üzərimizdəki qızıl-ziynət əşyalarımızı əlimizdən aldılar. Sonra bizi təhqir edə-edə piyada Xankəndi şəhərinə tərəf apardılar, yolda girovları avtovağzalın yanındakı binanın pəncərələrinin şüşələri qırılmış, içi qar və buzla dolu olan zirzəmiyə saldılar. Orada saxlanıldığımız müddətdə ermənilər bizi gün ərzində 4-5 dəfə uşaq, qadın, qoca, ahıl  bilmədən rezin dəyənəklərlə vəhşicəsinə söyərək döyürdülər. 
Sonra bizim yaralı vəziyyyətdəki şəklimizi çəkdirdilər. Məlum oldu ki, ermənilər əvvəlcədən ələ aldıqları xarici jurnalistlərə pul verərək həmin şəkilləri guya azərbaycanlıların erməni girovlarını bu vəziyyətə saldıqları barədə “əyani faktlarla” dünya ictimaiyyətinə çatdırmalarını tapşırıblar. 
Erməni cəlladları bizimlə birlikdə girovluqda olan axıska türklərinə qarşı da xüsusi amansızlıqla davranırdılar. “Bu yeri xocalılar üçün hazırlamışdıq, sizə qismət oldu”, – deyərək onlar agır işgəncələr verirdilər. Ermənilər girovları saxladıqları  beton döşəməli, qaranlıq və soyuq zirzəminin döşəməsinə qəsdən su buraxmışdılar. 
Qərənfil ana bu sözləri deyib için-için ağladı. “Allah bu qansızların bəlalarını versin!”, – dedi. 
Qeyd edək ki, Qərənfil xanım, onun ailəsi bir neçə gündən sonra dəyişdirilmə yolu ilə girovluqdan azad edilib. Lakin onlar üzləşdikləri qeyri-insani hərəkətlərə və aldığı xəsarətlərə görə azad olunduqdan sonra uzun müddət müalicə olunublar. Qərənfil Ələsgərovanın sağ gözü ermənilərin onun başına vurduqları zərbələr nəticəsində tam sıradan çıxıb.
Xocalı faciəsinin şahidi olan Qərənfil Ələsgərova 2020-ci ilin payızında Qarabağın düşməndən azad edilməsinə görə dünyalar qədər sevinir. “Nə yaxşı ki, bu günü gördüm, qisas qiyamətə qalmadı”, -deyir. Qərənfil ananın indi başqa bir arzusu isə budur ki, bu gün Rusiya sülhməramlılarının nəzarətində olan doğma yurda – Xocalıya mümkün qədər tez qayıtsın. İnşallah, belə də olacaq!   


Hazırladı: 
M.HACIXANLI, 
“Xalq qəzeti” 

Qan yaddaşı