Erməni cəllad körpənin gözünü dağlamışdı...

post-img

Xalqımız üstündən az qala bir qərinə keçmiş, bəşəriyyət əleyhinə törədilmiş Xocalı soyqırımının baiskarlarının mühakimə olunacağı günü hələ də gözləyir.   


O gün gələcək, mütləq gələcək. Uşaq qatilləri olan erməni cəlladları, faşistləri insanlıqla bir araya sığmayan əməllərinə görə cəzalarını alacaqlar. Çünki bu cinayət təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı törədilib.  Nə qədər çətin, ağrılı, hətta dözülməz olsa belə, o məsum gecəni unutmağa haqqımız yoxdur. Aşağıda qanlı soyqırımın canlı şahidlərinin xatirələrindən seçmələri təqdim edirik. Onların dilindən səslənən içgöynədən epizodları sakit oxumaqdan ötrü səbirli olmağınız gərəkdir.   
Səriyyə Talıbova, Xocalı sakini: 
– Erməni qəbiristanlığında gənc 4 axıska türkünün və 3 azərbaycanlının başlarını hansısa erməni döyüşçünün məzarı üzərində kəsdilər. Əsgərlərimiz valideynlərinin gözləri önündə işgəncə verilərək öldürürdü. İki zabitimizin gözlərini oydular...
Canan Orucov, Xocalı sakini: 
– Biz meşə zolağından Ağdama keçmək istəyirdik. Amma Naxçıvanikdə ermənilərin atəşinə məruz qaldıq. Çoxlu sayda uşaq və qadın güllələndi. Oğlumu da güllələdilər. Onun 16 yaşı vardı. 23 yaşlı əkiz uşaqları olan qızımı və 18 yaşlı hamilə qızımı əlimdən aldılar.
Mürvət Məmmədov, 9 yaşlı yaralı: 
– Məni ayağımdan, qardaşım Əhmədi isə əlindən yaraladılar. O, məndən böyükdür, 11 yaşı var. Ermənilərin meyitlərin qulağını kəsmələrinin şahidi oldum. Bir qadının ağzından qızıl dişlərini çıxartdılar. 
Rafael İmanov, milis serjantı, ­Ağdam sakini: 
– Ağdamdan bizimlə gələn milis kapitanı burada 3 ya 4 dörd yaşlı oğlunun meyitini tapdı. Meyit tanınmaz hala salınmışdı. Bütün güllə darağı bədəninə boşaldılmışdı. Ata balasının cəsədini helikopterə qoydu, özünün qalxmağa taqəti qalmamışdı. Onu havaya qalxan helikopterə güclə sala bildik. Ağdama çatana qədər ata cansız cəsədi sinəsinə sıxıb agladı. Şəhərə çatanda məlum oldu ki, ata dərddən havalanıb, ağlını itirib...
Türkün qanına susamış erməni goreşənlərinin əməllərinə yalnız xocalılar, onlara köməyə gedənlər deyil, hərbçilər, jurnalist əcnəbilər də şahidlik ediblər.    
Leonid Kravets, helikopterin pilotu:  
– Fevralın 26-sı Xankəndidən qayıdanda ikinci pilotun qışqırığını eşitdim: Bax, gör aşağıda nə qədər meyit səpələnib!   Aşağı baxanda gördüm bütün çöllük rəngbərəngdir. Helikopterdən enəndə gördük ki, bunlar ərtafa səpələnən meyitlərdi. Sayı 300-400 olardı. Erməni silahlıları gəzir, can üstə olanları güllələyirdilər.  
Yuri Romanov, teleoperator: 
– Nənə və balaca qızın cansız bədəni insanın gözünü çıxarır. Nənə üzü üstə düşmüş halda, balaca qızın əynində isə göy gödəkcə vardı. Ayaqları tikanlı məftillə bağlanmışdı. Nənənin əlləri məftillə bağlı idi. İkisi də başından güllə ilə vurulmuşdu. 4 yaşlı körpənin son jesti əlini nənəsinə tərəf uzatmağı idi... Qanlı “toy” isə davam edirdi... 6 yaşlı başısarıqlı qız görünür. Sarğı elə bağlanıb ki, bütövlükdə gözlərini tutub. Kameranı söndürmədən ona tərəf əyilirəm:                                                                                                                      
– Nə olub sənə, əzizim?                                                                                                         
– Gözlərim yanır, əmi! Gözlərim yanır!!!                                                            
Həkim çiynimə toxunur:                                                                                                 
– O, kordur, gözlərini siqaretin odu ilə yandırıblar...
İnsanlıqla bir araya sığmayan, dünyanın ən qəddar cəlladının ağlından belə keçməyən əzabların şahidi, ah-nalənin ərşə dirəndiyi o müdhiş gecədə övladının tanınmaz hala salınmış cəsədini kürəyinə bağlayıb gətirən analar da olub. Yazılması, danışılması, eşidilməsi mümkün olmayan yüzlərlə belə epizod var. Bu müsibəti düşməninə belə arzulamayan xalqımız Xocalı soyqırımının baiskarlarının gec-tez mütləq cəzalarına çatacağına inanır. Yalnız o zaman - ilahi ədalət zəfər çalandan sonra Xocalı soyqırımının qurbanları - 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 soydaşımızın ruhu rahatlıq tapar.
* Məqalə hazırlanarkən “xocali.org” saytının materiallarından istifadə olunub.  


İ.HƏSƏNQALA, “Xalq qəzeti” 



Qan yaddaşı