Baş prokuror Litvada

post-img

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Litva Respublikasının Baş prokuroru Nida Qrunskiene və Xüsusi İstintaq Xidmətinin rəhbəri Jidrunas Bartkusun dəvəti ilə Vilnüsə işgüzar səfər edib.


Kamran Əliyev Litva Respublikasının Baş prokuroru Nida Qrunskiene ilə görüşüb. Görüşdə hüquqi sahədə ikitərəfli əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, Beynəlxalq Prokurorlar Assosiasiyası, Avrocast və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb. Tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdirilməsi məqsədilə Azərbaycan və Litva Baş prokurorluqları arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Səfər çərçivəsində Xüsusi İstintaq Xidmətində ikitərəfli görüş keçirilib. Nümayəndə heyətini salamlayan Xüsusi İstintaq Xidmətinin rəhbəri Jidrunas Bartkus ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi hüquqi əməkdaşlığın da uğurla inkişaf etdiyini qeyd edib.
Baş prokuror Kamran Əliyev qonaqpərvərliyə və səmimi görüşə görə minnətdarlığını ifadə edərək, aktivlərin bərpası sahəsində həyata keçirilən və ötən ilin fevralından etibarən “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı Avropa İttifaqının Tvinninq layihəsinin tərəfdaş ölkə olan Litva ilə uğurla davam etdiyini bildirib.
Baş prokuror ölkəmizdə bu sahədə aparılan qanunvericilik və institusional islahatların davam etdiyini vurğulayaraq, cinayət yolu ilə əldə olunmuş əmlakın müəyyənləşdirilərək iz-lənilməsi, üzərinə həbs qoyulması, müsadirəsi və sonrakı idarəolunması prosesində beynəlxalq əməkdaşlığın zəruriliyini qeyd edib. Bu baxımdan, Azərbaycan Prokurorluğunun benefisiarı olduğu Tvinninq layihəsinin mühüm əhəmiyyət daşıdığı bildirilib. Görüşdə layihənin gedişatı və əldə olunmuş nəticələr barədə ətraflı məlumat verilib.
Litvanın Xüsusi İstintaq Xidməti ilə uzunmüddətli səmərəli əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi roluna görə Azərbaycanın Baş prokuroru “Əməkdaşlığa görə" medalı ilə təltif olunub. 
Daha sonra nümayəndə heyəti Xüsusi İstintaq Xidmətinin yaradılmasının 25 illik yubiley tədbirində iştirak edib. Litvanın hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin iştirak etdiyi təntənəli mərasimdə Baş prokuror Kamran Əliyev təbrik nitqi ilə çıxış edərək, Azərbaycan Prokurorluğu ilə Litvanın Prokurorluğu və Xüsusi İstintaq Xidməti arasında uzunmüddətli səmərəli əməkdaşlığa görə təşəkkürünü ifadə edib.
Görüşlərdə ölkəmizin Litvadakı səfiri Tamerlan Qarayev iştirak edib.


Qəzənfər QASIMOV, 
“Xalq qəzeti”

Son xəbərlər