Bütün yollar səni Bakının ayağına gətirəcək, İrəvan!

post-img

Fransanın Avropa Birliyinin timsalında Ermənistana adı mülki, mahiyyəti hərbi-siyasi “yardımları”, Rusiyanın bölgədəki forpostunda hegemonluğuna xələl gətirə biləcək cəhdlərə hələlik yüngül xəbərdarlıqları, sülhə nail olmaqla bağlı okeanın o tayından səslənən çağırışlar İrəvanı mürəkkəb siyasi labirint qarşısında qoyub...   


“Makron missiyası” fəaliyyətə başladı 


Avropa İttifaqının mülki monitorinq missiyasının Ermənistan – Azərbaycan sərhədinə göndərilməsi barədə qərar ötən il oktyabrın 7-də Çexiyanın paytaxtı Praqadakı dördtərəfli (Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan) görüşdə verilib. O zaman rəsmi Bakı ömrü iki ay çəkəcəyi deyilən mülki missiyaya yardımçı olacağını, amma onu Azərbaycan ərazisinə buraxmayacağını bəyan etdi, İrəvan isə onun fəaliyyətini dəstəklədi. Üstündən bir həftə keçəndən sonra əlli nəfərlik ilk mülki monitorinq qrupu İrəvana gəldi, sərhədə baş çəkdi və geri qayıtdı.
Avropa İttifaqına üzv ölkələrin XİN rəhbərlərinin Ermənistana artıq iki il müddətinə mülki missiyanın göndərilməsi barədə qərarı isə yanvarın 23-də qəbul edilib. Dünəndən Ermənistanda fəaliyyətə başlayan missiyanın tərkibinə ekspert və avropalı müşahidəçilərdən ibarət 100 nəfər daxildir. Mülki qrupun məqsədi “Ermənistanın sərhədyanı ərazilərində sabitliyə töhfə vermək, etimadı möhkəmləndirmək, eləcə də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üzrə səylər üçün əlverişli şərtləri təmin etmək”dən ibarət imiş. Bu missiyasının “uzunömürlü” olacağının anonsunu Aİ-nin baş diplomatı Jozep Borrelli hələ ötən ilin oktyabrında vermişdi. Layihənin təşəbbüskarının, təşkilatçısının, o cümlədən icraçısının Fransa Prezidenti Emmanuel Makronun olduğu heç kəs üçün sirr deyil. Avropalı bəzi politoloqlar elə buna görə AİMM-ə “Makronun missiyası” deyirlər. Artıq “Makronun missiyası” Ermənistanda öz işinə başlayıb. Fəaliyyət müddəti iki il müəyyən edilən Aİ-nin mülki monitorinq missiyasını arxa fonda Vaşinqton da dəstəkləyir. Bu missiyanın son məqsədinin mülkidən daha geniş olacağı heç kəsdə şübhə doğurmur. Bunu ssenaridə yer alan bütün oyunçular, elə İrəvanın özü də yaxşı bilir. Əsas niyyəti NATO üzvü Fransanın və Aİ-nin əli ilə Rusiyanı Cənubi Qafqazdakı sonuncu dayaq məntəqəsindən sıxışdırıb çıxarmaq olan Vaşinqton üçün Ermənistan-Azərbaycan arasındakı sülh danışıqları, əslində, bir bəhanədir.    


Cənubi Qafqazda yeni müstəvidə nüfuz davası


Vaşinqtonun və Aİ-nin xeyir-duasını verdiyi mülki monitorinq missiyasının heç də mülki xarakter daşımadığını İrəvan da əla bilir. Bu layihənin ən çox qıcıqlandırdığı ölkə isə, təbii ki, şimal qonşumuzdur. AİMM-in Ermənistanın sərhəd rayonlarında geniş tərkibli və uzunmüddətli mülki monitorinq missiyasına Moskvanın reaksiyası özünü çox gözlətmədi. “Avropa İttifaqının, bütövlükdə, Qərbin müttəfiqimiz Ermənistanda öz mövqeyini bütün vasitələrlə gücləndirməyə can atmasının şahidiyik. Təəssüf ki, bu, birinci dəfə deyil. Belə cəhdlərin istisnasız olaraq, Cənubi Qafqazda münasibətlərin normallaşdırılması maraqlarından uzaq geosiyasi fonunu görürük. Bunlar Rusiyanı regiondan sıxışdırıb çıxarmaq, onun təhlükəsizliyin əsas zəmanətçisi kimi rolunu zəiflətmək üçün edilir. Bu təşəbbüsə Bakının açıq şəkildə ifadə olunan mənfi yanaşmasına da məhəl qoyulmur”. Rusiya XİN-in rəsmisi Mariya Zaxarovanın sözləridir.

Yaranmış geosiyasi vəziyyətdə Moskvanın Bakının mövqeyini dəstəkləməsi bizə güvənməkdən daha çox, bölgədə maraqlarını gözləyən təhlükə qarşısında özünə həmfikir və tərəfdaş qazanmaq cəhdinə bənzəyir. Kreml bu yöndə təşəbbüslərindən əl çəkməyəcəyini bildirir: “Regionda şəraitin sağlamlaşdırılması istiqamətində birbaşa yol üçtərəfli razılaşmaların hərtərəfli həyata keçirilməsi, o cümlədən kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası, cəmiyyətlər, ekspertlər, dini dairələr, parlamenlərarası əlaqələrin yaradılması, həmçinin sülh sazişinin hazırlanmasına dair danışıqlardan keçir”. Amma RF Dövlət Dumasının komitə sədrinin birinci müavini Konstantin Zatulin yenə öz ampluasında bizi günahlandırmağa çalışıb. O, yaranmış durumun əsas qurbanı kimi erməni xalqını gördüyünü açıqlayıb. Ermənistanın qərbyönlü indiki Paşinyan hökumətini isə müttəfiqi Rusiyanı gözdən salmaqda ittiham edib. “Aydındır ki, bölgədə oxşar funksiyaları yerinə yetirəcək avropalıların peyda olması bizimlə rəqabət aparmaları deməkdir və bu, bizi heç cür sevindirə bilməz”, - deyən Zatulinə bu sualı vermək yerinə düşər: 2020-ci ilin 10 noyabrından keçmiş iki il üç ay müddətində Rusiyanın sülhyaratma kontingenti icra etməyə borclu olduğu öhdəlikləri niyə yerinə yetirmir? Moskvanın boynuna götürdüyü bu fəaliyyəti bu gün Avropa İttifaqının gündəminə çevirən kimdir: Bakı, yoxsa İrəvanla Moskva? Son otuz ildə artıq neçənci dəfədir “böyük güclərin” geosiyasi və hərbi maraqlarının kəsişdiyi nöqtəyə çevrilən Cənubi Qafqaz tarixinin ən yeni mərhələsini yaşamaqdadır. Bu mərhələdən Azərbaycanın uduşla çıxacağı heç kəsdə şübhə doğurmur.   


Sözümüz söz, mövqeyimiz dəyişməzdir 


Prezident İlham Əliyev Münxendə Ermənistan baş naziri Nikol Paşinyanla görüşdən sonra bu mövzuda danışarkən diqqəti bir daha Bakının haqlı tələblərinə yönəldib. Prezident hesab edir ki, erməni tərəfinə həm Zəngəzur dəhlizinin, həm də Laçın yolunun giriş-çıxışında nəzarət-buraxılış postlarının qoyulması barədə təklif edilib və indi İrəvandan cavab gözləyir: “Ermənistanla sərhəddə Laçında və Zəngəzur dəhlizinin hər iki tərəfində postlar olmalıdır. Bunun zəruriliyindən əvvəl də danışmışdıq, Blinkenin iştirakı ilə keçirilən görüşdə bunu rəsmən bəyan etmişəm və biz Ermənistan tərəfdən rəsmi cavab gözləyəcəyik. Bizim bu mövqeyimiz həm Avropada, həm də Amerikada məntiqli kimi qəbul edilir”. 
Dövlət başçısının sözlərinə görə, nəzarət-buraxılış məntəqələrini ikitərəfli qaydada Ermənistan-Azərbaycan sərhədində yaratmaq təklifini müzakirə etmək üçün onlara bir qədər vaxt lazımdır: “Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan, bu, mümkün deyil. Kommunikasiyaların açılması barədə danışırıqsa, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır”. Yəni, İrəvanın sağa-sola burcutmağa yersiz səy göstərdiyi bu məsələlərdə Azərbaycanın mövqeyi dəyişməzdir. 
Eyni vaxtda Avropanın, Amerikanın və Rusiyanın nişangahına tuş gəlmiş Ermənistan hakimiyyəti isə bu üçqat labirinti özü-özünə qurub. Sülh müqaviləsinin, sərhədlərin demilitasiya və demarkasiyasının, Qarabağdakı erməni əhalinin gələcək müqəddaratının məhz Bakının şərtlərinə və istəyinə uyğun həll ediləcəyinə altşürunda şübhəsi olmayan İrəvan hələ də nəyəsə nail olacağına ümid bəsləyir. Amma zənnimizcə, onu da anlamış deyil ki, kimlərin əlinin altında və haraları dolansa da, bütün yollar onu Bakının ayağına gətirib çıxaracaq və ümidləri kimi, əziyyəti də özünə qalacaq.       

 

Şəbnəm HƏSƏNOVA,
politoloq 

Fransa mümkün bütün imkanlardan istifadə edərək Cənubi Qafqaza soxulmaq istəyir. Özünün siyasi maraqlarından çıxış edən Paris Aİ missiyasının timsalında bölgədəki kövrək sülhü təhlükə altına salır. Fransanın Cənubi Qafqazda yerləşmək istəyini Münxen Konfransında Prezident Makron aydın şəkildə diqqətə çatdırdı. Nikol Paşinyan da Makron qədər bu məsələdə maraqlıdır. Fəqət o, ciddi hesablamalıdır: bu yolla təkcə öz aqibətini deyil, Ermənistanın bir dövlət kimi varlığını təhlükə qarşısında qoyur.
İrəvanın xarici siyasətinin əsas prinsip və məqsədləri nəinki qeyri-müəyyəndir, ən pisi, heç bir halda öz xalqının rifahına hesablanmayıb. Onun enerji və tranzit layihələrdən kənarda qalması, iqtisadiyyatının strateji sahələrinin Rusiyadan tam  asılılığı, Qərbin maraqlarını boyunduruq altında yerinə yetirməsi çıxış yolu deyil və onu daha betər duruma sürükləyəcək. 
Realist prizmadan baxsaq, Aİ missiyası Ermənistanda Rusiyanın hərbi mövcudluğunun ağırlığı ilə üzləşəcək. Moskvanı narahat edən məsələ Parisin Ermənistanı öz himayəsi altına alması, bu təşəbbüslə regiona ayaq açması, sonrakı mərhələdə isə hərbiləşməsidir. İndi Rusiya, necə deyərlər, ilanı yuvasındaca boğmaqda maraqlıdır. Aydın məsələdir ki, mülki monitorinq adı altında gələn Aİ qüvvələri bölgədə hərbiləşmək yönündə işlərini kəşfiyyatçı kimi quracaqlar. 
Əgər İrəvan Qərbə meyil edirsə, ilk növbədə siyasi iradə ortaya qoyaraq, Azərbaycanla əlaqələri inkişaf etdirməlidir. Amma Paşinyan özünün antoqonist siyasi ritorikası ilə təkcə özlərinin yox, bölgənin təhlükəsizliyinə mənfi təsir göstərir. Bunun cavab zərbəsinin məhz Rusiyadan gələcəyi şübhəsizdir. 
Adı mülki, mahiyyəti hərbi olan Aİ missiyasının bölgəyə gəlişi vəziyyəti daha da qəlizləşdirəcəkdir. 


İmran BƏDİRXANLI, 
“Xalq qəzeti” 



Siyasət