YENƏ BİR OLACAQ OCAĞIMIZ DA...

post-img

Təbrizim, nə vaxtdır boynumuz buruq,

Ürəyimiz kövrək, könlümüz qırıq.

Bu necə zülmdür, necə ayrılıq,

Çatmır nədən sənə avazım mənim!

 

Bu necə bəladır gəldi başına?!

Bu necə taledir çıxdı qarşına?!

Suyunu döndərib bir göz yaşına,

Axıb qan ağlayır Arazım mənim.

 

Özgələr soxuldu öz diyarıma,

Dilim yasaq oldu Şəhriyarıma.

Bu dərd yetişirmi ulu Tanrıma,

Puçmu şükrüm, duam, namazım mənim!?

 

Qardaş səndən necə gözünü yığsın?

Ayrılıq salanın qoy gözü çıxsın.

Bəs hansı kitaba, dəftərə sığsın,

Tale yazım mənim, baxt yazım mənim?

 

Durum kimə deyim gəl dərdimi al,

Ürəyim didilir, olub dilim lal.

Mizrab vur sazıma, lap şən hava çal,

Hönkürüb ağlayar bu sazım mənim.

 

Toxtayaq, ağlamaq vaxtı keçibdir,

Oğullar bir savaş andı içibdir.

Oğullar Babəkin yolun seçibdir,

Gülərsən, a baxtdan narazım mənim!

 

Demirəm oynasın tale nazımla,

Gülüm payızımla, gülüm yazımla.

Çoxum da qarışar daha azımla,

Qarışar çoxuma bu azım mənim.

 

Düşmənim hərcayı yoldan ötəndir,

Özgə libasında ölü bədəndir.

Bütöv bir ürəkdir, bütöv Vətəndir,

Babalardan qalan mirasım mənim.

 

Yaralı qardaşım, keçər qarlı qış,

Yolumuz haqdadır, haqq Allaha tuş

Haqq tərəzisindən bərk  tut, bərk yapış,

Haqdır ölçüm, biçim, tarazım mənim!

 

Kimsəsiz deyilik, ulu Tanrı var,

Elin Vətən adlı könül yarı var.

Elin polad qollu oğulları var,

Canımdır bu şeirim, bu yazım mənim,

 

 

Yenə bir olacaq torpağımız da,

Yenə bir yanacaq ocağımız da,

Daha bir olacaq bayrağımız da,

Bayrama dönəcək bu yasım mənim!!

 

Ağasən BƏDƏLZADƏ, 
filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıcılar Birliyinin üzvü

 

Son xəbərlər