Ermənilərin dinc aksiya üzərindən şou düzəltmək istəkləri fiaskoya uğrayacaq

post-img

Laçın-Xankəndi yolu üzərində azərbaycanlı ekofəalların və könüllü gənclərin etiraz aksiyası davam edir. Şübhə yoxdur ki, bu aksiya beynəlxalq hüquq normalarına əsaslanır. Eyni zamanda, bu etirazlar Azərbaycan xalqının milli maraqlarının ifadəsidir. Azərbaycanın vətəndaş cəmiyyətinin nümayən-dələrinin, ekofəalların, gənc könüllülərin davam etdirdiyi aksiya haqlı tələblərə söykənir. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinqin keçirilməsi Azərbaycanın haqqıdır. Həmin ərazidə təbii sərvətlərimiz talan edilirdi. Keçirilən aksiyada da əsas tələb ondan ibarətdir ki, qeyri-qanuni istismar dayandırılsın, bütün təbii sərvətlərin istehsalı Azərbaycan qanunvericiliyi əsasında həyata keçirilsin.


Bəzi erməni havadarları, o cümlədən “beynəlxalq” statuslu təşkilatlar isə bu aksiyaları “blokada” kimi və ya fərqli müstəvidə təqdim etməyə çalışsalar da, bu, mümkün olmadı. Hətta Fransanın timsalında ermənipərəst ölkələr aksiya ilə bağlı məsələni BMT TŞ-yə çıxarmağa çalışsalar da, məğlubiyyətə uğradılar. Məqsədli şəkildə bu aksiyaya qarşı qarayaxma kampaniyaları aparıldı, amma fakt ortadadır. Bu etiraz aksiyası blokada sayıla bilməz. İki aydan artıq zaman kəsiyində Xankəndiyə gətirilən bütün humanitar yüklər ünvanına çatıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQKX) və Rusiya sülhməramlılarının  maşınları yoldan sərbəst istifadə edirlər. Təbii ki, həmin ərazilər Azərbaycanın suveren əraziləridir və oradakı bütün proseslər də ölkəmizin qanunları əsasında tənzimlənməlidir. 
Yeri gəlmişkən, ilin əvvəllərində Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məsələyə toxunaraq bildirmişdi ki, bizim məqsədimiz blokada deyil. Dövlət başçısı vurğulamışdı ki, bizim haqlı tələblərimiz var və bu aksiyanın tarixçəsini də indi hər kəs bilir. Bizi faktiki olaraq qanunsuz istismar edilən o mədənlərə buraxmayıblar. Orada da şou düzəltmişdilər, guya, hansısa etirazçılar çıxmışdı. Bizim oraya çıxışımız olmayana qədər yəqin ki, bu aksiya da davam edəcək. Bizim tələblərimiz də tam ədalətlidir. Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılmasını tələb edir və buna nail olacağıq. Bu, bizim qanuni haqqımızdır. Beynəlxalq hüquq da Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Erməni separatçılarının bu aksiya üzərindən şou düzəltmək istəkləri isə fiaskoya məhkumdur.
Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev bir daha Azərbaycanın mövqeyini bildirib ki, burada hər hansı bir blokadadan söhbət gedə bilməz: “Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin maşınları keçmişdir və əgər blokada var idisə, bu maşınlar necə keçə bilərdi? Yəni, bu, Azərbaycana qarşı əsassız bir ittihamdır, biz bunu rədd edirik və deyə bilərəm ki, keçirdiyim bütün görüşlərdə bu mövqe anlayışla qarşılanır. O cümlədən Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər. Bu gün də bunu çatdırmağa çalışdım”.
Qeyd edək ki, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolundakı dinc etiraz aksiyası 73 gündür davam edir. Aksiyanın məramı əvvəlki kimi dəyişməz olaraq qalır. Etirazçılar Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına “yox!” deyir, bunun dərhal dayandırılmasını tələb edirlər. Aksiya iştirakçılarının dinamik və coşqun görünmələri onların məqsədlərinin aydın olduğunu göstərir. Onlar Azərbaycan tərəfinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Onların tələbləri Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Aksiyanın keçirildiyi ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur. Dünən Laçın-Xankəndi yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus, ümumilikdə, 70-ə yaxın avtomobil maneəsiz hərəkət edib.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların qadağası ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.


Rizvan FİKRƏTOĞLU,  
“Xalq qəzeti”

Siyasət