Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 134 Bakı şəhəri, 12 mart 2024-cü il

“Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın və “Kvota şamil edilməyən müəssisələrin Si­yahısı”nın təsdiq edilməsi haqqında” Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il .22 noyabr tarixli 213 nömrəli Qə­rarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

“Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın və “Kvota şamil edilməyən müəssisələrin Siya­hısı”nın təsdiq edilməsi haqqında” Azərbay­can Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1073 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və 1-ci hissədə “vətəndaşlar” sözü “şəxslər” sözü ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəl­məkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası” üzrə: 

2.1. adında, preambulasında, 1.1-ci bən­din birinci abzasında, 1.3-cü bəndin birin­ci və yeddinci abzaslarında, 3.3-cü, 3.4-cü bəndlərdə ismin müvafiq hallarında “vətən­daşlar” sözü ismin müvafiq hallarında “şəxs­lər” sözü ilə əvəz edilsin;

2.2. 1.2-ci bəndə “orta” sözündən sonra “illik” sözü əlavə edilsin;

2.3. 2.1-ci və 2.2-ci bəndlər aşağıdakı re­daksiyada verilsin:

“2.1. Bu Qaydanın 1.2-ci bəndinə uyğun olaraq müəyyən edilən kvota Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mü­dafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sis­temində (bundan sonra - MEİS) qeydə alın­mış məlumatlar əsasında real vaxt rejimində MEİS tərəfindən avtomatlaşdırılmış qaydada hesablanır. Kvota müəyyən edilərkən alınan nəticələr tam ədəd olmadıqda MEİS tərəfin­dən ən yaxın tam ədədə yuvarlaqlaşdırılır.

2.2. İşəgötürənlər kvota barədə məluma­tı kvota müəyyən edildiyi gündən 5 (beş) iş günü müddətində “e-sosial” internet portalın­da yaradılmış elektron kabinetləri vasitəsilə əldə edirlər.”;

2.4. 2.3-cü və 2.4-cü bəndlər ləğv edilsin;

2.5. 3-cü hissə üzrə: 

2.5.1. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.1. Müəssisələr üçün kvota üzrə müəy­yən olunmuş iş yerlərinə işçilərin qəbul edil­məsi Nazirliyin tabeliyində Dövlət Məşğul­luq Agentliyinin yerli qurumlarının (bundan sonra - Agentliyin yerli qurumları) və ya “DOST” mərkəzlərinin göndərişi ilə həyata keçirilir. İşəgötürən MEİS-in “Məşğulluq” altsistemi (bundan sonra - MAS) tərəfindən elektron qaydada təqdim edilmiş göndərişə əsasən 5 (beş) iş günü müddətində sosial mü­dafiəyə xüsusi ehtiyacı olan və işə düzəlmək­də çətinlik çəkən şəxslərin vakansiya üzrə işə qəbulundan imtina etməsi və ya vakansiyaya uyğun işlə təmin etməsi ilə bağlı qərarı barə­də göndərişdə müvafiq qeydlər aparır və bu barədə məlumatı MAS-a daxil edərək, güc­ləndirilmiş elektron imzası ilə təsdiqləyir.”;

2.5.2. 3.2-ci, 3.5-ci bəndlər və 4-cü hissə ləğv edilsin;

2.5.3. 3.3-cü bəndə “ehtiyacı olan” söz­lərindən sonra “və işə düzəlməkdə çətinlik çəkən” sözləri əlavə edilsin və həmin bənd­dən “şəhər, rayon Məşğulluq Mərkəzinə və ya “DOST” mərkəzinə ən geci 5 gün müddə­tində məlumat vermək şərtilə,” sözləri çıxa­rılsın;

2.5.4. 3.4-cü bəndə (hər iki halda) “eh­tiyacı olan” sözlərindən sonra “və işə düzəl­məkdə çətinlik çəkən” sözləri əlavə olunsun və həmin bənddə “şəhər, rayon məşğulluq mərkəzləri” sözləri “Agentliyin yerli qurum­ları” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları