Qızıl Aypara – 105
Müsahibimiz AzQAC-nin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovdur
– Martın 10-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) yaranmasının 105-ci ili tamam olur. Söhbətə bu cəmiyyətin yaranma tarixi və keçdiyi yol barədə qısa məlumatla başlayaq.
– Böyük mənuniyyətlə. Bilirsiniz ki, dünyada humanitar və xeyriyyəçilik sahəsində fəaliyyət göstərən təşkilatlar çoxdur. Amma bu qurumların arasında öz yüksək humanist missiyası, eləcə də miqyası və fəaliyyət dairəsinin genişıiyinə görə Qızıl Aypara Hərəkatı xüsusilə fərqlənir.
Hərəkatın missiyası müharibə və münaqişələrə cəlb olunan insanların etnik, dini mənsubiyyətlərinə fərq qoymadan, hər hansı bir ayrı-ayrı seçkiliyə yol vermədən tibbi, digər humanitar yardımlar göstərməkdir.
Azərbaycan bu beynəlxalq hərəkata hələ 1920-ci ildə qoşulub. Həmin ilin martın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri əvəzi, general-leytenant Əliağa Şıxlinskinin təşəbbüsü və Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi hökumətin qərarı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti üçün hökumət tərəfindən 483 min 490 rubl məbləğində vəsait ayrılmışdır. Lakin 1920-ci ilin aprelində AXC-nin süqutundan sonra qurumun müstəqil fəaliyyəti məhdudlaşdırıldı.
1991-ci ildə Azərbaycan milli istiqlalını bərpa etdikdən qısa müddət sonra Azərbaycan Qızıl Aypara Cəmiyyəti özünün müstəqil fəaliyyətini elan etdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə AzQAC özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Möhtərəm Prezidentimiz İlham Əliyev 2004-cü il yanvarın 31-də “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında” sərəncam imzalamışdır. 2007-ci ildə isə “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” qanunun qəbul edilmişdir.
Azərbaycan Prezidenti, cənab İlham Əliyev AzQAC-nin fəxri üzvüdür. Dövlətimizin başçısı 2008-ci ildə hər il mart ayının 10-nu ölkəmizdə “Qızıl Aypara Günü” kimi qeyd edilməsi haqqında sərəncam imzalamışdır. Kollektivimiz bu böyük diqqət və qayğıya görə möhtərəm Prezidentimizə sonsuz dərəcədə minnətdardır.
– AzQAC-ın ölkəmizdə də kifayət qədər geniş şəbəkəsi var...
– Bəli, elədir. 105 il şərəfli inkişaf yolu keçmiş AzQAC hazırda öz sıralarında 350 mindən çox üzvü, 20 minə yaxın könüllünü birləşdirir. Təşkilatımızın 92 rayon, şəhər, sahə bölməsi, 8 regional mərkəzi fəaliyyət göstərir.
Cəmiyyətin məramı münaqişə, təbii və texnogen fəlakətlər zamanı zərər çəkmiş insanlara təmənnasız ilkin tibbi-sosial, humanitar yardım və digər zəruri xidmətlərin göstərilməsidir. AzQAC-nin Fövqəladə hallara hazırlıq və cavabvermə, Miqrasiya, sağlamlıq və qayğı, İlkin yardım, Gənclər və könülüllər, Beynəlxalq əlaqələr, İnformasiya və ictimaiyyətlə əlaqələr, Beynəlxalq humanitar hüququn və fundamental prinsiplərin yayımı, Humanitar yardım, Fondların artırılması və gəlirgətirmə, Axtarış xidməti kimi fəaliyyət istiqamətləri də var.
Yeri gəlmişkən, fəaliyyətimizi daha da təkmilləşdirmək və koordinasiya etmək üçün Fövqəladə Hallar, Səhiyyə və Təhsil nazirlikləri, Dövlət Miqrasiya Xidməti, Beynəlxalq Miqrasiya Təşkilatı, ANAMA, QHT Forumu və digər tərəfdaşlarımızla müvafiq sənədlər imzalanmış və birgə fəaliyyət planları təsdiq edilmişdir.
Fəxrlə deyə bilərəm ki, AzQAC yarandığı andan bugünədək aztəminatlı ailələrə, müalicəyə və yardıma ehtiyacı olanlara, tənha qocalara, miqrantlara və s. kimi həssas qruplardan olan insanlara fərq qoymadan maddi və yardımlar göstərilmişdir. Son onillər ərzində bu istiqamətdə fəaliyyətimizi daha səmərəli və məqsədyönlü olmasına çalışmışıq.
– Başçılıq etdiyiniz təşkilatın hazırda beynəlxalq qurumlarla əlaqələri hansı səviyyədədir?
– Bizim beynəxlaq qurumlarla sıx əlaqələrimiz yaranıb. Beynəlxalq təşkilatların dəstəyi ilə bir sıra mühüm layihələr həyata keçirilmişdir. Bunlar İqtisadi təhlükəsizlik, Möhkəm icmaların qurulması, Təhlükəsiz oyun meydançaları, İlk yardım, Psixoloji dəstək, Qan donorluğu və Yerli icmaların fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlılığının gücləndirilməsi, COVİD-19 ilə mübarizə və s. ilə bağlı mühüm layihələrdir. Bu layihələrin hər biri barədə Azərbaycan və beynəlxalq ictimaiyyət KİV vasitəsilə məlumatlandırılmışdır.
Burada bir məqamı xüsusi vurğulamaq istərdim. Belə ki, yaranmış çətin vəziyyətlə əlaqədar olaraq dərhal operativ qərargahın yaradılması üçün göstəriş vermişdik. Operativ qərargah mütəmadi olaraq fasiləsiz fəaliyyət göstərmiş, istər yerli, istərsə də beynəlxalq təşkilatlarla onlayn görüşlər keçirmişdir.
Pandemiya dövründə AzQAC-nin könüllüləri və əməkdaşları tərəfindən ölkəmizin, demək olar ki, bütün şəhər və bölgələrində ahıl insanların evlərinə humanitar yardımlar çatdırılmışdır. Eyni zamanda, əhali arasında maarifləndirmə işləri görülmüş, məlumatverici buklet və broşuralar paylanılmışdır. Mülki əhaliyə ərzaq, qeyri-ərzaq və sanitayzerlərin paylanılması işi də uğurla həyata keçirilmişdir.
– Vətən müharibəsi günlərində də AzQAC-nin fədakar əməkdaşlarının ünvanına xoş sözlər eşidilirdi...
– Bu, çox qürurverici tarixdir və heç vaxt yaddaşlardan silinməyəcək. Məlumdur ki, Ermənistan Silahlı Qüvvələri 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal etmişdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyilə yenilməz ordumuz düşməni torpaqlarımızdan qovub çıxardı.
44 günlük Vətən müharibəsi zamanı AzQAC-nin əməkdaşları, fövqəladə mobil könüllü dəstələri və könüllüləri öz humanitar missiyalarına sadiq qalaraq cəbhəyanı ərazilərdə istər mülki əhalinin təxliyyə olunmasında və humanitar yardımların göstərilməsində, istərsə də yaralıların xəstəxanalara çatdırılmasında köməklərini əsirgəməmişlər.
Bərdə rayonunda öz humanitar fəaliyyətini həyata keçirən zaman AzQAC-nin fəal könüllüsü Məhərrəm Mustafayev Ermənistan Silahlı Qüvvələrinin mülki əhalini hədəfə alan raket zərbələri nəticəsində həyatını itirmiş, Fatma Bəbişova və Ülviyyə Hacıyeva isə yaralanmışdır.
– Qızıl Aypara Cəmiyyətinin fəlsəfəsi münaqişə zonalarında tərəfsiz olmağı tələb edir. Namərd düşmənlə savaşda bu, o qədər də asan deyil...
– Bəli, elədir. AzQAC yaraandığı gündən və fəaliyyət göstərdiyi bütün zamanlarda heç bir fərq qoymadan bütün insanlara yardım etmişdir və bu gün də bu humanist prinsipə əməl etməyə hazırdır. Bununla bağlı onlarla misal çəkə bilərəm.
Məsələn, 2023-cü ilin sentyabr ayında Xankəndidə yaşayan erməni əsilli əhaliyə humanitar ərzaq yardımı göstərməyi planlaşdırmışdıq. AzQAC-nin əməkdaşları və könüllüləri düz 29 gün ərazidəki müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingentin postu qarşısında çadırlarda qalmağa məcbur olmuşlar. Lakin çətinliklərə baxmayaraq biz öz üzərimizə düşən humanitar vəzifəni yerinə yetirdik və sözügedən humanitar yardımı təyinat nöqtəsinə çatdırdıq.
– Fəaliyyətiniz çoxşaxəlidir və bütün istiqamətlərdə kifayət qədər uğurlar əldə olunub. Bəs qarşıda hansı hədəfləriniz var?
– Bu gün əsas hədəfimiz öz humanist missiyamıza uyğun olaraq ölkəmizdəki həssas kateqoriyadan olan insanların vaxtında müəyyən edilərək humanitar yardımlarla təmin edilməsini gücləndirməkdir. AzQAC-nin tərəfdaş donor təşkilatlarla, eləcə də beynəlxalq qurumlarla sıx, işgüzar əlaqələrini daha da genişləndirməyi planlaşdırmışıq.
Bir sözlə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti yarandığı gündən öz mərhəmət missiyasına sadiqdir və bu gün də bu şərəfli missiyasını uğurla icra etməkdədir. Əminəm ki, qarşıdakı illərdə bu xeyirxah işlərin həcmi və miqyası artacaq.
– Müsahibəyə görə təşəkkür edirik. Sağ olun!
Söhbəti yazdılar:
Şəmsiyyə KƏRİMOVA,
Məsaim ABDULLAYEV