Gözlər Tanrının yaratdığı möcüzəli pəncərədir

post-img

Ona “əl gəzdirmək” ağır fəsadlara səbəb olur

Son vaxtlar xarici görünüşünə lazım olmadan “əl gəzdirən” xanımlar bir az da irəli gedib göz rənglərini də dəyişdirirlər. Allahın verdiyi bədənin qüsurlu olması səbəbindən estetik əməliyyata gedənləri başa düşmək çətin deyil. Lakin indi hər hansı tədbirdə, toyda, şənlikdə gənc qızlardan seçilmək istəməyən xanımların süni cavanlaşmaya bu aludəçiliyi nəyə görədir? Şişmiş dodaqlar, çəkilmiş gözlər, gərildiyindən mimikasını itirmiş sifətlər hansı gözəllik, cavanlıq yaradır? Bütün bunlar azmış kimi, gözlərin rəngini də əməliyyatla dəyişdirirlər. Bunu “gözəlliyə” aludəçiliyin son həddi hesab etmək olar. Bununla həm də rəsmi kimlik göstəricisi pozulur. Adicə bank və ya digər əməliyyatlar üçün şəxsiyyət vəsiqəsi tələb olunur. Göz rənginin dəyişdirilməsilə şəxsiyyət vəsiqəsinin və xarici pasportun etibarlılığı da itirilmiş olur. Həmin sənədlərin dəyişdirilməsi tələbi yaranır.

Bu əməliyyat tibbdə necə adlanır? Hansı zərurətdən və necə aparılır? Bu suallarla Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin şöbə müdiri Yazgül Abdıyevaya müraciət etdik. Oftalmoloq alim “XQ”-yə müsahibəsində dedi:

– Əməliyyatın adı keratopiqmentasiyadır. Bunu gözümüzə qədər gəlib çatan “tatuaj” hesab etmək olar. Buynuz qişa döyməsi hesab edilən keratopiqmentasiya haqqında ilk qeydlərə qədim tibbi mətnlərdə rast gəlmək olar. Qədimdə həkimlər buynuz qişada çapıqlar nəticəsində yaranan ağ ləkə olan leykomanı maskalamaq üçün buynuz qişaya piqment yeritmək kimi primitiv üsullardan istifadə edirdilər. XIX əsrdə buynuz qişaya döymə üsulu daha populyarlaşdı və müxtəlif buynuz qişa qüsurları olan xəstələrin gözlərinin görünüşünü yaxşılaşdırmaq üçün istifadə edildi. Əməliyyat zamanı həkimlər istənilən effekti əldə etmək üçün müxtəlif bitki və mineral piqmentlərdən istifadə edirdilər.

Düzdür, keratopiqmentasiya əməliyyatı qüzehli qişanın lazerlə rəng dəyişimi ilə müqayisədə az travmatikdir, ağrısızdır, əməliyyat gözlərin təbii rəngini tamamilə dəyişdirə bilər və geniş rəng seçiminə malikdir. Amma, rəngli buynuz qişa ilə göz qeyri-təbii görünür və protezə bənzəyir. Boyanın zamanla yuyula biləcəyini də nəzərə almaq lazımdır. Buna görə əlavə korreksiya tələb oluna bilər. Əməliyyatdan sonra əvvəlki göz rənginə qayıtmaq qeyri – mümkündür.

– Əməliyyatdan sonra hər hansı fəsadların baş verməsi gözləniləndirmi?

– Təbii ki. Keratopiqmentasiya əməliyyatından sonra pasientdə müxtəlif növ ağırlaşmalarla qarşılaşmaq mümkündür. Fotofobiya, buynuz qişanın deformasiyası, buynuz qişada yeni damarların əmələ gəlməsi, quru göz sindromu, gözdə yad cisim hissiyyatı, buynuz qişanın infeksiyaları (baktaerial, virus, göbələk), boyanın qeyri-bərabər paylanması, ən nəhayət, korluq yaranması ehtimalı var.

Uğurlu əməliyyat görmə itiliyinə və rəng qavrayışına pis təsir göstərməsə də, qaranlıqda bəbək genişləndikdə rənglənmiş buynuz qişa sahəsi optik sahəyə daxil olur və görmənin keyfiyyəti aşağı düşür. Bundan başqa keratopiqmentasiya bəbək genişlənərək göz dibinə baxılmasını çətinləşdirir.

Müxtəlif ölkələrdə elm adamları tərəfindən aparılan araşdırmalara görə, göz rəngini dəyişənlər arasında fotohəssaslıq ən çox görülən simptomdur. Bəzi rənglər isə tamamilə təhrif oluna bilər.

– Yarana bilən fəsadlarla bağlı pasientlərə məlumat verilirmi?

– Verilməlidir. Bu ilin yanvar ayında Amerika Oftalmologiya Akademiyası göz rənginin dəyişdirilməsi əməliyyatı ilə bağlı risklər barədə xəbərdarlıq edib. Yarana bilən fəsadlara buynuz qişanın zədələnməsi, bulanıqlıq və ya görmə itkisi, işığa qarşı həssaslığın artması, allergik reaksiyalar, bakterial infeksiyalar, piqmentin qeyri-bərabər paylanması və gözə piqment sızması daxildir. Prosedur nisbətən yeni olduğundan və ətraflı tədqiq edilmədiyindən, gələcək təsirləri barədə məlumat yoxdur.

– Keratopiqmentasiyaya xarici ölkələrdə münasibət necədir?

– Yuxarıda sadaladığım risklərə görə, Fransa, İngiltərə, Kanada və ABŞ daxil olmaqla, bir sıra inkişaf etmiş ölkələrdə keratopiqmentasiya qadağandır. Bu ölkələrdə maarifləndirmə aparıldığından əməliyyatın risklərinin mümkün estetik faydalardan çox üstün olduğuna inanırlar.

– Vətəndaşın tibbi savadı, əməliyyatın fəsadları barədə məlumatı olmaya bilər. Bəs həkimlər bu riskə niyə gedirlər?

– Sosial şəbəkələrdə geniş vüsətdə keratopiqmentasiya barədə yayılan video çarxlardan ilham almış, tibbi təsəvvürü məhdud olan vətəndaşlarımızın qeyri-normal istəklərini həyata keçirən, maddi marağını vətəndaşın rifahından üstün tutan həkimlərə qəzetiniz vasitəsilə müraciət edirəm: Bu əməliyyatları etməzdən öncə bir qədər düşünürək, maariflənərək, sözün əsl mənasında mütəxəssis məsləhəti alaraq qərar verməyə çağırırıq sizi! Pasient anlamır, bəs oftalmologiyanı bilməyərək onu əməliyyat stoluna uzadan siz niyə bu addımı atırsınız?

– Bu yolu seçənlərə, yaxud arzusunda olanlara nə tövsiyə edərdiniz?

– Hər şeydən əvvəl gənclərimiz belə təhlükəli addım atmaqdan çəkinsinlər. Onlar bilməlidirlər ki, bu cür əməliyyatlardan yalnız ekstremal hallarda istifadə edilə bilər! Gəncdirlər, gözəldirlər, dəyişik görünmək istəyirlər, başa düşüləndir. Onlara rəngli linzalardan istifadə etməyi məsləhət görürəm. Çünki, rəng dəyişimi üçün rəngli kontakt linzalar ən asan və təhlükəsiz yoldur. İstənilən rəngi əldə etməyə imkan verir. Linzaların istifadə rejiminə və qaydalarına əməl edilsə, ağırlaşmalar və görmə itkisi riski olmayacaq. Bundan əlavə, istənilən vaxt təbii göz rənginə qayıtmaq mümkün olur.

– Aktual olan bu məsələyə aydınlıq gətirdiyinizə görə sizə təşəkkür edirik.

Zərifə BƏŞİRQIZI
XQ



Müsahibə