Yağma, ey yağış!..

post-img

Günəşin çıxması, küləyin əsməsi, dolu düşməsi, qar-yağış yağması təbiət hadisəsidir. Hələki insan ağlı, elm və texnikanın müasir inkişaf səviyyəsi həmin təbiət hadisələrinin qarşısını almağa qədər gəlib çatmayıb. Bir halda ki, bu təbiətin gedişatını dəyişməyə gücümüz çatmır, onda onun fəsadlarına hazır olmalıyıq.

Lakin uzun illərdir ki, bu barədə sözdən o tərəfə keçmək olmur. Hətta ilin necə keçməyindən asılı olmayaraq çox vaxt bölgələrdə məhsul qıtlığını, tikinti və quruculuq işlərindəki ləngliyi də təbiətin boynuna yıxmağa çalışırlar: “Əlverişsiz və qeyri-sabit keçən hava şəraiti nəticəsində...”

İllər keçir, lakin belə bəhanələrə vərdişdən yaxa qurtarmaq mümkün olmur. Hamı özünü duruya çıxarmaq üçün təqsiri havanın, təbii hadisələrin adına yazmağa çalışır...

Bir neçə gündür ki, payız yağışları başlayıb. Obrazlı desək, paytaxt və bölgələrihn səmasında buludlar “gözlərini yerə sıxır”. Bir az da romantik olsaq, görərik ki, yayın gözəlliyi istisində, qışın gözəlliyi soyuğundadırsa, payızın da gözəlliyi yağışlarındadır. Bəlkə də gah fasilələrlə, gah da aramsız yağan, bəzən leysana çevrilən yağışlar yayın ütüb-qarsaladığı dünyamızı yuyub təmizləyir, cana gətirir.

Yağışlı-yağmurlu günlərdə yaranan vəziyyət hər kəsə aydındır: küçələri basan sellər, keçilməz gölməçələr, keçidlərə dolan sular, tıxaclarda ilişib qalan nəqliyyat vasitələri, evə tələsən sakinlər... Hər dəfə yağış yağanda bu mənzərələrlə üzləşməyə adət etmişik. Lakin narahatlıq doğuran odur ki, həmin problemlər illərdir davam edir.

Görünür, ona görə də göyün üzünə bulud gələndə, necə deyərlər, qara günümüzə ağlayırıq. Nəinki leysan, gur və fasiləsiz yağış, elə narın və zəif yağış kifayətdir ki, şəhər təsərrüfatındakı həmin problemlər baş qaldırsın. Hər dəfə yağış yağanda üzləşdiyimiz xoşagəlməz mənzərələrə əncam çəkilməsi, vəziyyətin yünglləşdirilməsi əvəzinə, onu yaradan səbəblər göstərilir: şəhər əhalisinin sayının kəskin artımı, nəzərdə tutulmamış ərazilərdə tikilən evlər, hədər axan sular, yağış kollektorlarının köhnəliyi, kanalizasiya xətlərinin yaxşı işləməməsi və s.

Yaxşı, əgər yağışlı-yağmurlu günlərdə adət etdiyimiz, gözümüzün öyrəşdiyi həmin mənzərələr təkrar olunacaqdısa, yay uzunu yolları, küçələri niyə qazıb tökürdülər? Niyə hər dəfə “yeni layihəyə başlanıldığı” barədə danışıb sakinlərin başının altına yastıq qoyurdular? Kollektorların, kanalizasiziya xətlərinin dəyişdirilməsi, yenilənməsi, müasir tələblərə cavab verməsi üçün nə qədər və neçə il vaxt lazımdır?

Təəssüf ki, əksər hallarda mövcud vəziyyətlə əlaqədar tədbir görülməsi əvəzinə, “aramsız yağan yağışlar”, “havaların kəskin dəyişməsi” və s. kimi ifadələrlə təbətin özünü müqəssir çıxarmağa cəhd göstərirlər. Məgər payızda yağış yağması gözlənilməz hadisədir? Yaxud şəhər əhalisinin sayı artmamalıdır?

Payız yağışları davam edir və çoxillik ənənəyə əsaslansaq, üzü qışa doğru gedən günlərdə onun tez-tez təkrarlanacağı gözlənilir. Deməli, yenə də keçilməz gölməçələrlə üzləşməli, aşıb-daşan kanalizasiya xətlərinin yaratdığı çətinlikləri dəf etməli, nəqliyyat tıxaclarında səbirlə gözləməliyik. Hələlik isə bizi işdə, küçədə, evdə, görüş yerində... gözləyənlərə hövsələli olmağı tövsiyə edirik.

Başqa çıxış yolu varmı?

Q.SÜLEYMAN

Sosial həyat