İrəvan “konstitusiya problemi”ni çözə bilər

post-img

Müsahibimiz Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxovdur

Ermənistan hakimiyyəti sözdə Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş imzalanmasını istədiyini bildirsə də, əməldə buna zidd addımlar atır. Rəsmi İrəvan sazişin imzalanmasına əngəl olan əsas məsələni hələ də aradan qaldırmayıb. Söhbət ölkə konstitusiyasında Azərbaycana ərazi iddialarını ehtiva edən Müstəqillik bəyannaməsinə istinadın qalmasından gedir. Qarşı tərəfin son davranışları onun konstruktiv addım atacağına böyük şübhələr yaradır.

Nikol Paşinyan hökumətinin üzvləri son vaxtlar müstəqillik bəyannaməsinə istinadın Azərbaycana ərazi iddiası ehtiva etməsini danmağa başlayıblar. Onlar öz mövqelərini ölkənin Konstitusiya məhkəməsinin sentyabrın 26-da qəbul etdiyi qərarla “əsaslandırmağa” çalışırlar. Həmçinin, Paşinyan bir müddət öncə konstitusiya dəyişikliyi üzrə referendumun 2026-cı ildən tez keçirilə bilməcəyini açıqlamışdı. Bir sözlə, İrəvanın mövqeyi iki ölkə arasında yaxın vaxtlarda sülh sazişinin imzalanacağı ehtimalını heçə endirir.

Yaranmış vəziyyəti şərh etməsi üçün Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxova müraciət etdik.

– Fikrət müəllim, Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan ölkəsinin “sülhsevər mövqeyi” ilə bağlı açıqlama verib. Azərbaycan XİN isə oktyabrın 5-də yaydığı məlumatda həmin açıqlamanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə manipulyasiya olduğunu bildirib. İlk olaraq, bu məsələyə münasibətinizi öyrənmək istərdik…

– Ermənistanın bu cür yalanlar uydurmasının əsas məqsədi dünya və xüsusilə Avropa ictimaiyyətinin diqqətini əsas məsələdən, yəni özünün sülh istəyində səmimi olmamasından yayındırmaq və gələcəkdə də manipulyativ xarakter daşıyan addımların atılmasına zəmin yaratmaqdır. Qarşı tərəf bununla, təbii ki, özünü, necə deyərlər, “sülh göyərçini”, Azərbaycanı isə aqressor kimi qələmə verməyə çalışır. Onların bütün addımlarının məqsədi budur. İstəyirlər ki, manipulyasiyanı gələcəkdə daha da genişləndirsinlər.

– Sizcə, Ermənistanın indiyədək yürütdüyü siyasət onun Azərbaycanla sülhdə maraqlı olmadığının göstəricisi deyilmi?

– Əslində, bütün faktların təhlili göstərir ki, Ermənistan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişi imzalamaqda maraqlı deyil. Bundan hər vəchlə boyun qaçırır. İrəvanın sülhdən boyun qaçırmasının bir sıra səbəbləri var. Əvvəla, hiss edir ki, bir sıra Avropa dövlətləri, xüsusilə Fransa onun başını sığallayırlar. Onları ABŞ Konqresində dəstəkləyən müəyyən şəbəkə var. Həmin qüvvələr ölkəmizə qarşı müəyyən dinləmələr keçirir, fikirlər səsləndirirlər. Guya, biz Qarabağ ermənilərinə qarşı “etnik təmizləmə” həyata keçirmişik. Ermənistan bundan istifadə edərək vaxtı uzatmağa çalışır. Bununla süni problemlər yaradır. Görünür, bu da bəzi Avropa ölkələrini və siyasi dairələri qane edir.

Çox güman ki, Nikol Paşinyan iqtidarının belə bir mövqe tutması elə avropalılar tərəfindən sifariş şəklində İrəvana göndərilib. Ermənistanın ümidi hazırda Fransaya, amerikalı konqresmenlərədir. Ola bilsin ki, Ermənistan hökuməti hansısa sazişə imza atmaq istəyir. Amma xarici havadarlar tələb edirlər ki, onların şərtləri üstün tutulsun. Biz isə bu məsələyə obyektiv yanaşırıq və sadəcə olaraq, Cənubi Qafqaz bölgəsində sabitliyin yaranmasının tərəfdarıyıq. Həm Avropa, həm də Amerika bölgədən çox uzaqda, necə deyərlər, uzaq sahillərdə yerləşir. Burada yaşayan bizik – azərbaycanlılar və ermənilər. Görünür, bunu İrəvanda nədənsə yaddan çıxarırlar.

– Bu il sentyabrın 26-da Ermənistan Konstitusiya məhkəməsi iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyətini tənzimləyən reqlamentin ölkə konstitusiyasına uyğunluğu barədə rəy verib. Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan məhkəmənin qərarına Hayastan konstitusiyasında “qonşularına qarşı ərazi iddialarının mövcud olmadığının təsdiqi” kimi istinad edib. Bu açıqlamanı necə şərh edərdiniz?

– Məsələ bundadır ki, həm delimitasiya və demarkasiya məsələsi, həm Konstitusiya məhkəməsinin sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyətini tənzimləyən reqlamentin ölkə konstitusiyasına uyğunluğu barədə verdiyi rəy, həm də əsas qanunda ərazi iddialarının qalması bir-biri ilə ziddiyyət təşkil edir. Əgər Konstitusiya məhkəməsi delimitasiyaya dair reqlamenti təsdiq edirsə, bu heç də o demək deyil ki, onların ərazi iddiaları yoxdur. Bunlar tamamilə fərqli məsələlərdir. Əsas məsələ konstitusiyanın giriş hissəsində Ermənistanın Azərbaycana birbaşa ərazi iddialarının qalmasıdır. Konstitusiyada müstəqillik bəyannaməsinə istinad var. Bəyannamədə isə Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsi çağırışı yer alıb. Qeyd edilir ki, Ermənistan Qarabağla birləşərək vahid dövlət olmalıdır. Bundan əvvəl isə Ermənistan parlamentinin sələfi olan Ali Sovetin bununla bağlı qəbul etdiyi qərar var. Həm bu qərar, həm də Müstəqillik bəyannaməsində olan maddələr tam olaraq əsas qanuna daxil edilib. 1995-ci ildə Ermənistanın yeni kontitusiyası qəbul edilərkən bu müddəa yenidən əsas qanunda öz əksini tapıb. Yəni, bunlar, sadəcə olaraq, konstitusiyadan həmin müddəanı çıxarmamaq üçün müxtəlif bəhanələr axtarıb tapırlar. Guya, delimitasiya məsələsində də qarşı tərəfin iddiaları yox idi və proses tam könüllü şəkildə həyata keçirilib. Ermənistan az qalmışdı ki, delimitasiya məsələsində bizə iddialar irəli sürsün. Onlar delimitasiyanı könüllü həyata keçirdikləri kimi qələmə verməməlidirlər. Bu, Azərbaycanın təzyiqinin nəticəsi idi. Bunlar Azərbaycana məxsus kəndlər idi. Biz digər kəndlərin qaytarılması ilə bağlı da addımlarımızı atacağıq. Düşünürəm ki, konstitusiyada müstəqillik bəyannaməsinə istinadın qalması ilə sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyətini tənzimləyən reqlamentin əsas qanuna uyğunluğu barədə verilən rəy arasında heç bir oxşarlıq və uyğunluq yoxdur.

– Konstitusiya məhkəməsinin qərarında Azərbaycan ərazilərinə iddianı ehtiva edən müstəqillik bəyannaməsinə istinadın əsas qanunun ayrılmaz tərkib hissəsi kimi əhəmiyyəti vurğulanıb. Xüsusən də, məhkəmə qərarında preambula və dolayısı ilə müstəqillik bəyannaməsi “erməni dövlətçiliyinin əsas prinsipləri” kimi səciyyələndirilib və onların dəyişilməz müddəalar olduğu qeyd edilib. Ermənistan həqiqətən sülh istəyirsə, bu müddəadan niyə imtina etmir? Bir ölkənin gələcəyini 33 il bundan əvvəl qəbul edilmiş sənədə qurban vermək olarmı?

– Müstəqillik bəyannaməsi qəbul etmək hər bir xalqın öz işidir. İndi belə düşünüb bəyannamə qəbul ediblərsə, özləri bilər. Söhbət onun konstitusiyaya daxil edilməsindən və müddəalarından gedir. Yəni, onlar hesab edirlər ki, konstitusiyadan müstəqillik bəyannaməsinə istinadı çıxarsalar, guya, həmin sənədə zərbə vuracaqlar. Amma, bu, belə deyil. Onların Müstəqillik bəyannaməsi ilə bizim heç bir işimiz yoxdur və bu, bizi maraqlandırmır. Yenə deyirəm, söhbət bəyannamənin giriş hissəsində ölkəmizə qarşı yönəlmiş maddədən gedir. Onlar bütün vasitələrdən istifadə edirlər ki, bunu ört-basdır etsinlər. Bunun üçün gah delimitasiya məsələsi ilə bağlı Konstitusiya məhkəməsinin qərarından, gah da digər məsələlərdən danışırlar. Bizi onların əsas qanunu maraqlandırır. Çünki konstitusiya ölkənin əsas qanunudur. Bütün ölkələrdə konstitusiyadan irəli gələn addımların atılması hökumətlərin başlıca vəzifəsidir. Əgər biz əsas qanunda Müstəqillik bəyannaməsinə istinad aradan qaldırılmadan Ermənistanla sülh sazişi imzalayacağıqsa, bunun gələcəyini də düşünməliyik. Gələcəkdə Ermənistanda hansısa siyasi qüvvə hakimiyyətə gəlsə, sülh sazişini çox asanlıqla öz maraqlarına cavab verməyən sənəd kimi qəbul edə bilər. Deyə bilər ki, konstitusiyanın preamb ulasında belə bir maddə var. Biz bunu nəzərə alaraq, onu daha üstün hesab edirik, nəinki Azərbaycanla imzlanmış ikitərəfli sazişi. Baxın, əsas məsələ budur. Yəni, bu, biz tərəfdən olduqca sadə, konkret, normal yanaşmadır. Heç bir dövlət buna imza atmaz.

Əgər onlar bizimlə sülh sazişi imzalamaq, sülh şəraitində yaşamaq istəyirlərsə, konstitusiyadan preambula hissəsini çıxarmaq üçün müxtəlif variantlar düşünə bilərlər. Onlar fikirləşməli, ölkənin ən tanınmış hüquqşünaslarını bir yerə yığmalı və məsələnin hüquqi çözüm yolunu tapmalıdırlar. Düşünürəm ki, istəsələr, bu məsələni çox asanlıqla yoluna qoya bilərlər.

Biz torpaqlarımızı ona görə döyüşərək, şəhidlər verərək işğaldan azad etməmişik ki, yenə də onların ərazi iddiaları ilə üz-üzə qalaq. Qarşı tərəf Azərbaycana ərazi iddiasına əsas verən hər cür addımlardan birdəfəlik əl çəkməlidir. Bunlar çox mühüm siyasi-hüquqi məsələlərdir. Onlar nə qədər manipulyativ hərəkət etsələr də, hansısa ictimai dairələri aldatmaq istəsələr də, sənədlər göz önündədir. Sənədləri hər zaman qaldırmaq və bizə qarşı ittihamla çıxış edən hər bir kəsə sübut kimi göstərmək olar. Amma hazırda bizim əsas məqsədimiz bundan ibarətdir ki, Ermənistan özü bunu başa düşsün və ölkəmizə qarşı ərazi iddialarından əl çəksin. Əks təqdirdə biz işğalçı ölkə ilə sülh sazişi imzalaya bilməyəcəyik.

Səxavət HƏMİD
XQ

Müsahibə