Döyüşçülərimizin baş qoyduqları yerlərə Prezident daş qoyur
4 oktyabr Cəbrayılın yeni tarixinin yazəlmağa başladığı, yandırılmış, dağıdılmış, xarabazarlıqdan Simurq quşu təki dirçəldildiyi gündür. Çağdaş qəhrəmanlıq tariximizin bu şanlı səhifəsi Cəbrayılın yenidən doğulması, cəbrayıllıların nicat günüdür. Bu hadisə ruhun cana qovuşması timsaıldadır.
Bu günü xalqımıza, ilk növbədə, cəbrayıllılara 4 il əvvəl od-alov içindən tac götürən cəngavərsayağı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bəxş etdi. Bununla da o, “tarixi qəhrəmanlar yaradır” gerçəyinə öz möhürünü vurdu.
Şuşanı çevrələyən yüksəkliklərdən biri olan Ziyarət dağının güney ətəklərindən Zəngəzurun şərqi ilə Xudafərin körpüsünün söykəndiyi Diridağa, Arazqırağına uzanmış, əski çağlardan Cəbrayıl adlandırılmış bu bölgə Azərbaycanın qədim və zəngin tarixi olan guşələrindəndir. Mən gözəlliklər qoynunda uyuyan bu məkanda dünyaya göz açmışam. 18 yaşadək onun 5 kəndində məktəbə getmişəm. Həmin obalarda müəllim işləmiş ata-anam övladlarına o yerlərin saf bulaqlarının suyunu içirdiblər, can dərmanı meyvələrini, sarı buğda çörəyini yedirdiblər. Biz Cəbrayılın ulularımızın ruhları dolaşan havası ilə böyümüşük. Ziyarət dağının ətəklərindən üzüaşağı Arazadək çeşidli adlarla kəndləri, dərə-təpələri, bulaqları, düzləri meyvə bağları var Cəbrayılın.
Qədim Türküstandan, Tanrı dağlarının yamaclarından, İraqdan, Suriyadan, Misir piramidalarından, İslam dünyasının qibləsi Məkkədən, Hindistanda Tac Mahaldan, Afrikanın günbatanında Məğribdən, quzeydə Londondan, Parisdən baxmışam Cəbrayıla. Onların hamısından gözəl, şirin, qutsal və ruhsal olub öz doğma yurdum mənə. Dopdolu tarix idi mənim Cəbrayılım. Türküstandakı Serik, Bayat, Talas və s. yüzlərlə toponimlərin, hidronimlərin, oykonimlərin hamısı var Ana yurdun bu kiçik parçasında.
Divlər və Azıx mağaraları, Hacı Qaraman ziyarətgahı, Xudafərin körpüsü, Dədə Qorqudda adı keçən Qazanzəmi kimi tarixi yerləri olan bu qədim diyarı xaçı sipər tutmuş haylar daşı, dəmiri, taxtası ilə taladı, satdı, yedilər. Məskunlaşdıra bilməsələr də qədim türk yurdunda qurduqları Ermənistana bağlamaq üçün bura yol çəkmək istəyirdilər. Dövlətimizin, elimizin xilaskar lideri İlham Əliyev 44 günlük ölüm-dirim savaşından sonra çəkdirdiyi yeni yolu göstərib onlara gülmüşdü: “Cəbrayıla yolu bax belə çəkərlər!”
1939-cu ildən Cəbrayılda müəllim işləmiş, 102-ci yaşında, qələbəyə bir il qalmış Bakıda gözlərini əbədi yummuş atam ulu öndər Heydər Əliyevin “Biz Şuşaya qayıdacağıq!” sözləri, Prezident İlham Əliyevin vədləri ilə təskinlik tapırdı. İnanıram ki, ulularımızın ruhları artıq ana yurdun yağı tapdağından xilas edilmiş torpaqlarında dolaşır, bu elin xilaskarına minnətdarlıq edirlər.
Prezidentimizin Cəbrayılda tarixi yerlərdən olan, Diridağla Qaradağ arasında Araz çayının üstündən salınmış Xudafərin körpüsündən o taya, bu taya müzəffər sərkərdə baxışları ilə nəzər salması xalqımıza çox mənalar anlatdı. Bu baxışların qarşısında böyük bir gələcək dayanıb.
Mən ağsaçlı başımı yurd həsrəti ilə dünyadan nisgilli köçmüş doğmalarımın, şəhidlərimizin də əvəzindən Cəbrayılımızın, külli Qarabağın xilaskarı, namusumuzu arındırmış Liderin qarşısında əyərək bu gerçəkliyi təkrarlayıram: bütün millət Sizin arxanızdadır, ey elimizin, dövlətimizin əbədi lideri!..
Son 30 ildə dünyanın ədalət tərəzisinin pərsənginin pozulduğu, meyarların itdiyi dönəmdə elini siyasətin dolanbac labirintləri ilə işıqlı sabaha aparan, ölkəsinin qələbəsinə meydan açan, torpağını işğaldan azad edən, millətini töhmətdən qurtaran lider müdriklər müdriki, qəhrəmanlar qəhrəmanıdır.
Eramızdan öncələrdə Türküstanın qadın hökmdarı Tomiris Ana (Dəmir üz qadın, indiki anlamda Dəmir ledi oğlunun qatili, fars hökmdarı Kirin kəsilmiş başını qanla doldurulmuş tuluğa ataraq “Qan hərisiydin, di iç!” demişdi. Qarabağın xilaskarı İlham Əliyev Cəbrayıldan başlanıb Şuşada və Xankəndidə tamamlanan müzəffər yürüşü ilə öz adını Tomrisdən Atatürkədək şanlı Türk sərkərdələrinin siyahısına yazdı!!! Zəmanəmizin bu böyük türkünü təkcə 50 milyonluq Azərbaycan deyil, Anadoludan, Qafqazdan Türküstanadək böyük və əzəmətli Türk dünyası sevir.
İşğalın ilk illərində çadırlarda yaşamış Cəbrayıl əhalisi çətinliklərə sinə gərərək 30 il sonra öcümüzü alan, bu gün yurd yerlərinə qayıdan yeni nəsli yetirdi. Dövlət başçısının şanlı Zəfərimizin səhərisindən başlayaraq davamlı olaraq təməllər atdığı – daş qoyduğu yerlərə Vətənin igid övladları 4 il əvvəl bugünlərdə qorxu-hürükü bilmədən, uf demədən baş qoyurdular. Oğullar ona görə baş qoyurdular ki, daşı-daş üstündə qalmayan bu yerlərdə yenidən daşı-daş üstə qoya bilək. Bu gün o daşlar düşmənlə dinc savaşımızda erməni vandalizminin izlərini silib-süpürən, olların murdar izlərini yox edən quruculuq güllələri və mərmiləridir.
3 min igidimizin əbədiyyət yamaclarında torpağı yenidən Vətən eləyən qanlarının yerində çəkilən yollar, elektrik, qaz, su xətləri, ucalan yaraşıqlı Cəbrayıl şəhəri, yeni kəndlər, yaradılan elektrik stansiyaları, aqrar parklar və müəssisələr – bütövlükdə, nəhəng tikinti meydanı olan Qarabağ və Şərqi Zəngəzurun xarabalıqlardan boy atıb yüksələn hər daşı, hər tikilisi, hər məntəqəsi xalqımıza tarixin ən böyük savaş qələbəsini qazandırmış Prezident və Ali Baş Komandan İlham Əliyevin zəka və qüdrətinin əməli işlərdə təcəssümüdür.
Bu gün azad edilmiş torpaqlarda – Vətən yolunda qurban getmiş hər igidin baş qoyduğu yerdə, müzəffər sərkərdənin dediyi kimi, əbədi olaraq yaşayacağımız yurdun abad evlərinin, çörəkli iş yerlərinin, çağdaş həyat mənbələrinin daşları ucalır.
Fazil GÜNEY,
Əməkdar jurnalist, fəlsəfə doktoru