Paşinyan Cənubi Qafqazı böyük güclərin savaş meydanına çevirməyə çalışır
Ermənistan odla oynayır. Bunu tək biz demirik, digər ölkələrdə də belə fikirlər səsləndirilir. Məsələn, sonuncu dəfə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov bildirib ki, Qərb İrəvan və Bakı arasında münasibətlərin normallaşmasına kömək etmək üçün Cənubi Qafqazda NATO kontingentini yerləşdirmək istəyir. Hayastanda gedən son proseslər də göstərir ki, Nikol Paşinyan hökuməti Cənubi Qafqaz regionunu böyük güclərin savaş arenasına döndərmək istəyir və bu qarışıqlıqdan faydalar götürəcəyini düşünür. Amma tarix dəfələrlə təsdiqləyir ki, ermənilər hər zaman böyüklərin döyüşündə əzilən tərəf olublar.
Astanada MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının 55-ci iclası keçirilib. İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, İcraiyyə Komitəsi və MDB Antiterror Mərkəzinin nümayəndə heyətləri iştirak ediblər. Görüşdə beynəlxalq terrorizm, qeyri-qanuni miqrasiya, transmilli cinayətkarlıq, kibercinayətkarlıq və narkotiklərin qanunsuz dövriyyəsi sahəsində xüsusi xidmət orqanları arasında əməkdaşlığın cari məsələləri müzakirə olunub. İclasın yekunları üzrə kəşfiyyat xidmətlərinin rəhbərləri əməkdaşlığın forma və sahələrinin genişləndirilməsinin zəruriliyi, eləcə də MDB ölkələrinin təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər.
Amma bizi maraqlandıran təkcə iclasda qəbul edilmiş qərarlar yox, həmçinin görüşdə səsləndirilən bəyanatlar da maraqlandırır. Xüsusilə də FTX rəhbəri Aleksandr Bortnikovun Ermənistan-Qərb münasibətləri barədə çıxışı diqqət çəkir. Öncədən qeyd etmək yerinə düşər ki, Aleksandr Bortnikov kifayət qədər məlumatlı yüksək vəzifəli şəxsdir və dediyi sözlərin çəkisini çox yaxşı bilir. Astanda keçirilən görüşdə o, bəyan edib ki, amerikalılar və avropalılar Cənubi Qafqazda sabitliyin yaradılmasında maraqlı deyillər: “Qərb İrəvanı Bakı ilə danışıqları təxirə salmağa sövq etməklə, Ermənistan–Azərbaycan münaqişəsinin nizamlanması prosesinə rəhbərlik etməyə və regionda öz “sülhməramlı” kontingentinin, de-yure BMT və de-fakto NATO-nun yerləşdirilməsinə nail olmağa çalışır”. Onun sözlərinə görə, Avropa İttifaqının (Aİ) Ermənistan və Azərbaycan sərhədində müstəqil mülki monitorinq missiyası şübhələr yaradır. FTX-nin məlumatına görə, missiya iştirakçıları Rusiya və onun tərəfdaşlarına qarşı kəşfiyyat fəaliyyəti həyata keçirirlər.
Bundan əlavə, FTX rəhbəri əmindir ki, Qərb dövlətləri Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağa inandırırlar və bu da İrəvanı NATO-dan asılı vəziyyətə salacaq. O bildirib ki, NATO-nun dünyanın müxtəlif regionlarında əvvəlki vasitəçilik təcrübəsini nəzərə alaraq, blokun Cənubi Qafqazda möhkəmlənməsi, təbii ki, regionda sabitliyə kömək etməyəcək. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-ni Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsi zamanı yardım göstərmədiyinə görə dəfələrlə tənqid edib. Fevralda o, ölkənin təşkilata üzvlüyünün dondurulduğunu elan edib və sonradan İrəvan onun maliyyələşdirilməsində iştirakını dayandırıb.
Lakin Aİ, gözlənildiyi kimi, A.Bortnikovun səsləndirdiyi bəyanatla razılaşmadığını bildirir. Qurumun xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano Rusiya FTX rəhbərinin bəyanatını “cəfəngiyyat” adlandırıb: “Bu şərhlər tamamilə cəfəngiyatdır, yalan və manipulyasiyadır, Ermənistana verdiyi vəd və öhdəliklərin dəfələrlə yerinə yetirilməməsini ört-basdır etməyə çalışan Rusiya rejiminə xasdır”. Amma başqa ölkələr bilməyə bilər, amma Azərbaycan görür ki, Aİ və Qərbin ermənipərəst ölkələri Ermənistan sərhəd zonasında nə işlə məşğuldurlar. Azərbaycan Cənubi Qafqazın məsuliyyətli və əsas dövləti kimi regionda davamlı sülh, sabitlik və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır. Ancaq Qərb İrəvana aktiv şəkildə silah-sursat verməklə və Azərbaycanın çoxdan həll olunmuş hesab etdiyi Qarabağ məsələsini gündəmə gətirməyə çalışmaqla, bununla da regionda gərginliyi artırmağa çalışır.
Qərb, guya Ermənistanın təhlükəsizliyi naminə regionda öz zəruriliyini fəal şəkildə təbliğ edir. Ermənipərəst ölkələrin Ermənistandakı mövcudluğunun ilk əlaməti 2022-ci ildə Azərbaycanla sərhəddə peyda olan Avropa İttifaqının müşahidə missiyası oldu. Bu missiyanın hələ də regionda olması özlüyündə İrəvan tərəfindən Bakı ilə əldə edilmiş razılaşmaların pozulmasıdır. Axı Azərbaycan ilkin olaraq şərti sərhəd istiqamətində Ermənistan tərəfində iki-üç ay müddətinə kiçik müşahidə missiyasının yerləşdirilməsinə razılaşdı. Lakin sonradan Bakının razılığı olmadan missiyanın qalma müddəti uzadıldı və sayı artırıldı. Daha sonra bu missiyaya Kanada nümayəndələri də daxil edildi. Beləliklə, Aİ-nin “mülki” elan etdiyi missiyası əslində NATO-nun hərbiləşdirilmiş missiyasına çevrildi.
Oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə də Prezident İlham Əliyev bir daha Ermənistana və onun havadarlarına sərt ismarıclar göndərdi. Ermənistanı təhlükəli oyunlardan uzaq durmasını, 44 günlük müharibədə ağır məğlubiyyətə uğradığını və Azərbaycandan imdad dilədiyini unutmamağı tövsiyə etdi. Qərb üçün Ermənistan Rusiya ilə böyük oyunda sadəcə sövdələşmə obyektidir və yaxşı olardı ki, Ermənistan təhlükəsiz şəraitdə yaşamaq istəyirsə, Qərb himayədarlarına arxalanmağı dayandırmalı və regional siyasətinə yenidən baxmalıdır. Qərb himayədarlarının onu sürüklədiyi təxribatlar və qarşıdurma, ilk növbədə, Ermənistanın özünə yeni bəlalardan başqa heç nə gətirməyəcək.
S.ELAY
XQ