ABŞ Azərbaycana qarşı şantaja son qoymalıdır!

post-img

Vaşinqton ermənipərəst konqresmenlərin “noxtasını”dartmalıdır

ABŞ konqresmenlərinin ermənipərəst mahiyyət daşıyan “fəaliyyətləri” ikrah doğurur. Azərbaycan Respublikasının Milli Məclisinin bir qrup deputatının ölkəmizin Xarici işlər naziri Ceyhun Bayramova ünvanladıqları müraciətdəki motivlər də həmin ikrah hissinin təzahürüdür. Əslində, parlamentarilərimiz bütövlükdə cəmiyyətimizin mövqeyini ifadə ediblər.

Son vaxtlar Birləşmiş Ştatlarda, belə demək mümkünsə, ermənipərəstlik küləkləri əsməkdədir. Prezident İlham Əliyev bununla bağlı qəti mövqeyini oktyabrın 4-də Cəbrayıl sakinləri ilə görüşündə də bildirib. Dövlətimizin başçısı, kifayət qədər, açıq mətnlə bu fikirləri dilə gətirib: “Bu gün səhər mənə məlumat verildi. Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır. O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün. Axı, biz nə etmişik? Biz öz doğma torpaqlarımızı azad etmişik. Burada erməni yaşayıb? Yox, siz – Cəbrayılın sakinləri”.

Bəli, Qarabağdakı separatçı rejimin təmsilçilərinin ABŞ Konqresinə dəvət edilmələri, qurumda “Dağlıq Qarabağın süqutu”na həsr olunmuş tədbirin düzənlənməsi, Birləşmiş Ştatların hökumət, parlament və vətəndaş cəmiyyəti institutlarının Qarabağdan köç etmiş ermənilərə dəstək xarakterli çoxsaylı təşəbbüsləri, konqresmen Adam Şiff və həmkarları tərəfindən irəli sürülmüş 2024-cü il üçün “Artsax gəlirlərinin bərpası aktı”, USAID-in rəhbəri Samanta Pauerin “ermənilərin Qarabağdan kütləvi köçü”nə dair bəyanatı və ümumən USAID-in Ermənistan təəssübü cavabsız qalmamalıdır. Nəzərə alaq ki, ABŞ-nin aparıcı piar şirkətləri Azərbaycana qarşı beynəlxalq media kampaniyasına cəlb ediliblər. Buna da adekvat yanaşılmalıdır.

Vaşinqtonun məqsədi erməni avantürizmini dirçəltməkdir və bütün bunların nəticəsidir ki, Ermənistanda yenidən Qarabağdan, “etnik təmizləmədən” danışmağa başlayıblar. Təsəvvür edin ki, 2024-cü il üçün “Artsax gəlirlərinin bərpası aktı” deyilən qondarma təşəbbüs ABŞ-dakı Azərbaycan aktivlərinin müsadirəsini və həmin vəsait hesabına Qarabağın erməni əhalisinə yardım göstərilməsini nəzərdə tutur. Aydındır ki, söhbət sadə ermənilərə köməkdən getmir.

Məqsəd Ermənistanı silahlandırmaqdır ki, mövcud istiqamətdə son vaxtlar digər addımların atıldığı da diqqətdən yayınmır.

Əminliklə deyə bilərik ki, Birləşmiş Ştatların Dövlət Departamenti Azərbaycanı şantaja keçib. Təxminən belə: İstəsək, sizin pulunuzla Ermənistanı silahlandırarıq. Amma başqa hədə-qorxu mesajları da var. Aydındır ki, ölkəmiz rəsmi Vaşinqtonun konqresmenlərin dili ilə ifadə olunmuş şantajı qarşısında geri çəkilməyəcək. Heç bir halda, Cənubi Qafqazda sülh mühiti Ermənistanın təxribatçı mahiyyətinin qorunduğu, həmin qorunma rıçaqlarının mövcud olduğu şərtlərlə bağlanmayacaq. Prezident İlham Əliyevin diqqətə çatdırdığımız sitatdakı fikirləri də əminliyimizin təsdiqidir. Deputatlarımzın XİN rəhbəri Ceyhun Bayramova müraciətində ifadə olunanlar da həmçinin.

Bəli, ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin dövlət katibi Entoni Blinkenə göndərdiyi müraciətdəki müharibə cinayətkarlarının azadlığa buraxılmalarına və Ermənistanın hərbiləşdirilməsinə çağırış ruhu əsla qəbuledilməzdir, beynəlxalq hüquqa ziddir. Deputatlarımız çox doğru olaraq vurğulayırlar ki, belə bir sənəd, həmçinin, ABŞ-ın ikitərəfli münasibətlərin rəvan şəkildə davam etdirilməsində maraqlı olmadığını göstərir: “Məgər konqresmenlər bilmirlər ki, onların “Dağlıq Qarabağın siyasi liderləri” kimi təqdim etdikləri şəxslər müharibə caniləridir, Xocalı cəlladlarıdır, silah dəllalları, maliyyə firıldaqçıları, əli hər cür çirkin işlərə bulaşmış oliqarxlardır?! Niyə ABŞ Xocalı soyqırımını törətməklə qürrələnənləri müdafiə edir, separatçılara viza verir, onlara qucaq açır?! Bu caniləri azad etməyə çağıranlar bircə dəfə olsun 30 ildən artıqdır ki taleyi bilinməyən 4 min azərbaycanlı itkinlə bağlı səsini çıxardırmı?!”

Təəssüf ki, müasir dövrdə ABŞ-Azərbaycan münasibətləri birincinin çoxsaylı riyakarlıq səhnələri ilə “zəngindir”. Bu fikri söyləyərkən, tarixə qısa ekskurs etməyə ehtiyac yaranır. İlk xatırladığımız “Azadlığa dəstək aktı”na məlum 907-ci düzəlişdir. Düşünün ki, Ermənistan Xocalı soyqırımını törədir, Şuşanın, Laçının işğalını həyata keçirir, ABŞ İrəvana deyil, Bakıya sanksiya tətbiq edir və uzun müddət bu sanksiyanı qüvvədə saxlayır. Nəticədə Azərbaycan Vaşinqtonun birbaşa yardımından məhrum duruma düşür. BMT-nin torpaqlarımızın işğalı ilə bağlı dörd qətnaməsi də Ağ evi tutduğu ermənipərəst mövqeyindən daşındırmır.

Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə bu ədalətsizliyin riyakarlıq səhnələrini də vurğulayır: “Amerika 1992-ci ildə bizə qarşı sanksiya tətbiq etmişdir, o vaxt ki, torpaqlarımız əldən gedirdi. Sonra sanksiyalar 2001-ci ildə aradan qaldırıldı. Nə üçün? Çünki onların Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı, işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Onlar ki, Əfqanıstandan qaçdılar, - özü də bütün dünyanın gözü qarşısında, - bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi. Bu nankorluğun dərəcəsi var, yoxsa yox?! Yəni, biz sizə lazım olanda sən bu sanksiyaları aradan qaldırırsan, biz sizə lazım olmayanda yenidən bərpa edirsən, nə üçün? Bax buna görə, buna görə, bu binaya görə. Bunun kimi bütün bölgələrdə inşa etdiyimiz, bərpa etdiyimiz keçmiş köçkünlərimizin yaşayış yerlərinə görə. Bax, onların gözü bunu götürmür, bu günü götürmür. Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür”.

Tam aydındır ki, 44 günlük müharibədəki şanlı Zəfərimiz və lokal xarakterli antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ermənipərəst qüvvələrin, dünya erməniliyinin kürkünə birə salıb. Dövlətimizin başçısı çox doğru olaraq vurğulayır ki, onlar yas və matəm içindədirlər. Əslində, düşdükləri durum son dərəcə rəzillikdir və Birləşmiş Ştatlara bu rəzillikdən böyük pay düşür. Amerika özünün dünyaya bəyan etdiyi haqq və ədalət prinsiplərini, beynəlxalq hüququ, bəşəri dəyərləri tapdalayır.

ABŞ-ın Cənubi Qafqazda erməni milliyyətçiliyini diri saxlamaq niyyəti reallaşmayacaq və hər bir halda itirən özü olacaq. Ölkənin rəsmi dairələri, eyni zamanda, “erməni sevdası” ilə xəstələnmiş konqresmenləri unutmamalıdırlar ki, Azərbaycan keçmiş SSRİ-nin süqutundan sonra Qərbin regionda möhkəmlənməsi baxımından ən praktik addım atmış ölkədir. Tarixin heç bir dövründə Qərb, o cümlədən, ABŞ kapitalının Cənubi Qafqazdakı təmsilçiliyi indiki səviyyədə olmayıb. Ona görə hazırkı durumda Amerika “beyin strateqlərinin” Ermənistan üzərinə yatırmaq istədikləri siyasi sərmayə boş və mənasızdır. Kimsə düşünməsin ki, Azərbaycanı arxa plana atmaqla, bölgə üzərindən hansısa planlar gerçəkləşdirmək mümkündür. Milli Məclisin deputatları çox doğru olaraq vurğulayırlar: “Dövlət Departamentini Azərbaycana və onun Prezidentinə təzyiq göstərməyə çağıran konqresmenlərə xatırladırıq ki, xüsusilə 2020-ci ildən sonra baş verən hadisələr bir daha onu göstərdi ki, Azərbaycan heç vaxt hansısa təzyiqə, böhtana boyun əyməyib və heç bir iftira, heç bir hədə onun iradəsinə zərrə qədər belə təsir edə bilməz. Əksinə, bu kimi əməllərlə ABŞ Azərbaycan cəmiyyətində onsuz da dibə enən nüfuzunu daha da itirir. Bizim bu məktubumuz həm də Azərbaycan xalqının ABŞ-nin ikili standartlarına, yalançı dəyərlərinə olan hiddətini ifadə edir. Regionun ən güclü dövlətinə qarşı belə ədalətsiz, gülünc ittihamlar, hədələr həm də məktuba imza atan konqresmenlərin səbatsızlığını göstərir”.

Əslində, deputatlarımızın XİN rəhbəri Ceyhun Bayramova müraciətlərində ifadə etdikləri tələb Azərbaycanın ABŞ-a qarşı reallaşdıra biləcəyi tədbirlərin çox kiçik hissəsidir. – Yəni, parlamentarilərimizin Azərbaycan və Birləşmiş Ştatlar arasında qüvvədə olan müqavilələrə, ələlxüsus, 1997-ci ildə imzalanmış “Azərbaycan Respublikası və ABŞ arasında gələcək hərbi və müdafiə əlaqələri haqqında” birgə bəyanata, 2013-cü ildə imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” sazişə xitam verilməsi, yeni müqavilələrin razılaşdırılması və qüvvədə olmuş müqavilələrin uzadılması üzrə danışıqların dərhal dayandırılması, habelə ABŞ-ın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (USAID) və ölkənin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda həyata keçirilən bütün layihələrin yolverilməzliyi və yeni layihələrə icazə verilməməsi, eləcə də USAID-in ölkəmizdəki fəaliyyətinə son qoyulması tələbləri mahiyyətcə yumşaq səciyyə daşımaqdadır.

Hiss olunur ki, körpüləri yandırmaq niyyətimiz yoxdur. ABŞ Dövlət Departamenti, ümumən, ölkənin hakim siyasi industriyasının təmsilçiləri bunu düşünməli və nəticə çıxarmalıdırlar. Bilməlidirlər ki, Azərbaycan dövləti adekvat addımlara getmək ixtiyarını və iradəsini özündə saxlayır. Ağ ev erməni lobbi və diaspor təşkilatlarının rüşvəti ilə bəslənən konqresmenləri, necə deyərlər, ayağına bağlamalı, onların murdar ağızlarını yummalı, ölkəmizlə münasibətin konstruktiv məcraya düşməsinə çalışmalıdır. Hazırda bunu etmək gec deyil, sabah indiki durum olmaya bilər.

Ə.CAHANGİROĞLU
XQ





Siyasət