Üzeyir Musiqi Günü ərəfəsində böyük dirijor və bəstəkar Niyazi Tağızadənin mənzil-muzeyinə baş çəkməyimiz heç də təsadüfi deyildi. Axı mərhum maestro Niyazi Hacıbəylilər nəslinin görkəmli nümayəndələrindən biridir.
Artıq 30 idən bəri muzey kimi fəaliyyət göstərən Niyazi ocağı xalqımızın mənəvi sərvəti olmaqla bərabər, maestronun ölməz yaradıcılığının etibarlı mühafizə edildiyi ünvandır. Ölməz sənətkar bu mənzildə 1958-ci ildən ömrünün sonunadək, yəni 1984-cü ilədək yaşayıb-yaradıb. Sənət məbədinin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramovla müsahibəni təqdim edirik:
– Rza müəllim, Niyazi dünyada tanınmış musiqiçilər nəslinin yetirməsi olub. Atası Zülfüqar Hacıbəyov, əmisi Üzeyir Hacıbəyli, dayısı – musiqişünas Ağalar bəy Əliverdibəyov kimi, o da Azərbaycan mədəniyyətinə misilsiz xidmətlər göstərib. Zəhmət olmasa, öncə mənzil-muzeyinin 30 illiyinə hazırlıq tədbirləri barədə məlumat verin.
– Əvvəla, hamımızın Üzeyir Musiqi Günümüz mübarək olsun! Qaldı ki, mənzil-muzeyimizin yubileyinə, biz bu münasibətlə ilin əvvəlində tədbirlər planı hazırlamışıq. Plana uyğun olaraq, sentyabrın 19-da yubiley münasibətilə təntənəli mərasim nəzərdə tutulur. Mərasimdə Niyazi haqqında çıxışlar, əsərlərindən ibarət maraqlı konsert proqramı ilə yanaşı, bu yaxınlarda mənzil-muzeyin yenidən 3 dildə – Azərbaycan, rus, ingilis dillərində çap olunmuş bukletləri və “Niyazi xatirələrdə” kitabının davamı olan “Maestro Niyazi. Məqalələr, məktublar” bölməsinin ilk dəfə elektron variantının təqdimatı keçiriləcək. Foyemizdə “Muzeyin tarixindən” adlı fotosərgi və 30 illik fəaliyyəti əks etdirən slayd-şou olacaq. Başqa təqdimatlar da planlaşdırırıq.
– Mənzil-muzeyin açılışında Ulu öndər Heydər Əliyev şəxsən iştirak etmiş və bunu əlamətdar hadisə kimi qiymətləndirmişdi...
– Bəli, Mədəniyyət Nazirliyi kollegiyasının 1990-cı il dekabrın 28-də verdiyi qərarla Niyazinin mənzil-muzeyi yaradılıb və 1994-cü ildən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı kimi fəaliyyət göstərməyə başlayıb. Ümummilli Liderimiz Heydər Əliyev 2-ci dəfə hakimiyyətə gəldikdən sonra bütün sahələrə olduğu kimi, mədəniyyətə, muzeylərimizə diqqət, qayğı daha da artıb. Maestronun mənzil-muzeyinin açılışı 1994-cü il sentyabrın 18-də onun iştirakı ilə gerçəkləşib. Çıxışında böyük sənətkarın xatirəsinə ehtiramını bildirən Ulu öndər muzeyin “Qonaqlar” kitabına ürək sözlərini də yazıb.
– Muzey Niyazi irsinin toplanması, təbliği və nümayişi istiqamətində fəaliyyətini necə qurub?
– Əsas vəzifə maestronun həyat və yaradıcılığını əks etdirən eksponatlar vasitəsilə xalqımızın yüksək mədəniyyətə, incəsənətə malik olmasını təbliğ etmək, gələcək nəsillərə Azərbaycan xalqının zəngin tarixini, mədəniyyətini tanıtmaqdır. Muzey maddi və mənəvi abidələrin toplanması, mühafizəsi, tədqiqi, təbliği və nümayişi ilə məşğul olan elmi-maarif müəssisəsidir. Niyazinin mənzil-muzeyi yaradılarkən buradakı materialların sayı 4707 ədəd idisə, hazırda muzeydə 6500-dək eksponat qorunub saxlanılır və nümayiş olunur. Bunlar əsasən, Niyazinin müəllif not əlyazmaları, proqramları, sənədləri, kitabları, afişaları, rəsm əsərləri, qramvalları, fotoşəkilləri və şəxsi əşyalarından ibarətdir. Niyaziyə aid materiallar, eyni zamanda, Azərbaycan Milli Tarixi Muzeyində (273 ədəd), S.Mümtaz adına Azərbaycan Dövlət İncəsənət və Ədəbiyyat Arxivində (1604 qovluqda 4905 ədəd), Mərkəzi Dövlət Səsyazmaları Arxivində (214 ədəd) saxlanılır. Təkcə bu il əldə olunmuş materialların sayı 29 ədəd olub.
– Rza müəllim, maestronun bu evdə yaşadığı ən maraqlı xatirəni bizimlə bölüşərdiniz...
– Bir gün Niyazi həyat yoldaşı Həcər xanımla evliliklərinin 25 illiyinə hazırlaşırlar. Bu münasibətlə şənlik evdə təşkil olunacaqmış. Maestro bu şad günə çoxlu qonaqlar dəvət edir. Maestro ilə xanımı yaxşı geyinib keçinirlər. Birdən Niyazi Həcər xanıma yaxınlaşaraq “Həcər, ölkəmizdə ölüm cəzası ləğv edilib və ən böyük cəza 25 ildir, mənə elə gəlir ki, 25 ilimi çəkmişəm, məni buraxmaq lazımdır”. Həcər xanım isə: “Yox, əzizim, sən ömürlük sürgündəsən”, – deyə cavaba verir.
– Muzeydəki nəşrlər barədə nə deyə bilərsiniz?
– Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Niyazi irsinin tədqiqi və təbliği istiqamətində xeyli işlər görüb. Bu sahə həmişə muzey əməkdaşlarının diqqət mərkəzindədir və biz Niyazinin arxiv materiallarının nəşr olunması üzrə fəaliyyətimizi davam etdiririk. Deyə bilərəm ki, “Piano üçün pyeslər” not kitabı və bu kitaba daxil olan əsərlərin CD diskini hazırlayaraq ərsəyə gətirmişik. Mənzil-muzeyin bukleti Azərbaycan və rus dillərində çap edilib. Nəşr olunan “Təsviri sənət əsərləri Niyazinin mənzil muzeyində” açıqca dəstini də qeyd edə bilərəm ki, buraya görkəmli rəssamların Niyazi ilə bağlı 16 əsəri daxildir. Bu siyahıya “Niyazinin arxiv materialları Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində” illüstrasiyalı kataloqunuda əlavə etmək olar.
Muzeyimizin ən son nəşr işi “Niyazi xatirələrdə” kitabıdır. 2023-cü ildə işıq üzü görən bu nəşrdə Niyazi haqqında 1987-ci ildə rus dilində işıq üzü görən “Maestro Niyazi. Xatirələr, məqalələr, məktublar” kitabının “Xatirələr” bölməsinin rus dilindən ilk dəfə tərcüməsi təqdim olunur. Layihə rəhbəri və elmi redaktoru Alla Bayramova olan kitabda Ümummilli Lider Heydər Əliyevin Niyazinin mənzil-muzeyinin açılışındakı nitqi, Azərbaycanın görkəmli mədəniyyət xadimləri ilə yanaşı, Rusiyadan, Türkiyədən, Gürcüstandan olan mədəniyyət xadimlərinin də xatirələri yer alıb.
– Maraqlı müsahibə üçün çox sağ olun.
Ceyhun ALIŞLI
XQ