Bu gün Türk dünyasının cahanşümul bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 139-cu ildönümüdür. Azərbaycan professional musiqisinin banisi, böyük musiqişünas – alim, dirijor, mahir publisist, incə yumora malik dramaturq, görkəmli pedaqoq, tərcüməçi, filosof, ictimai xadim, nəhayət, xeyirxah və əvəzolunmaz insan olub.
Üzeyir bəy 76 il bundan əvvəl bizi cismən tərk etsə də, mənən hər zaman bizimlədir. Azərbaycan mədəniyyəti tarixində hansı sahəyə baxırıqsa, orada Üzeyir bəy Hacıbəylini görürük. Üzeyir Musiqi Günü ilə əlaqədar olaraq, bu dəfə onun yalnız musiqi yaradıcılığına nəzər salmaq istəyirik. Bu böyük şəxsiyyət mədəniyyətimiz, incəsənətimiz üçün nələr etmədi? Bütün Şərqdə ilk operalar, operettalar və baletlərin bünövrəsini qoydu. Milli kadrlar yetişdirmək üçün musiqi məktəblərinin, musiqi texnikumunun, Azərbaycan Dövlət Konservatoriyasının təməlini yaratdı. Bütün musiqi kollektivlərinin – xalq çalğı alətləri “notlu” orkestrini, Dövlət xorunu, simli kvarteti, simfonik orkestri, mahnı və rəqs ansamblını, sazçı qızlar dəstəsini ərsəyə gətirdi.
Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoyan Üzeyir bəy çox sayda bəstəkar və musiqişünaslar nəsli yetişdirdi. Onun tələbələrindən Asəf Zeynallı, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Niyazi, Soltan Hacıbəyov, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Hacı Xanməmmədov, Səid Rüstəmov, Cahangir Cahangirov, Məmməd Cavadov, Ədilə Hüseynzadə, Ağabacı Rzayeva, Şəfiqə Axundova, Hökumə Nəcəfova, Əminə Eldarova və yüzlərlə başqaları bu gün də xalq tərəfindən sevilən bəstəkar və musiqişünaslardır.
Xalqı və milləti üçün bu qədər işlər görən Üzeyir bəy Hacıbəylinin həyat yolu heç də asan və hamar olmayıb. Hər tərəfdən ona maneçilik törədilib. Amma Üzeyir bəy həvəsdən düşmürdü, bütün çətinliklərə baxmayaraq yazıb-yaratmaqla məşğul olurdu.
Bir tərəfdən “sapı özümüzdən olan baltalar”, digər tərəfdən Azərbaycanın çörəyini yeyən, bu millətdən hər zaman yaxşılıq görən ermənilər bütün sayılıb-seçilən ziyalılarımız kimi, Ü. Hacıbəylini də məhv etməyə çalışırdılar. Nəticədə, onların şeytani əməlləri Üzeyir bəyi xəstəliyə düçar etdi. 1937-ci ildə Üzeyir bəyin SSRİ Ali Sovetinə deputatlığa namizədliyi irəli sürülərkən, ermənilər dinc durmur, ondan NKVD-yə donoslar yazırdılar. Onun Müsavat Partiyasının üzvü olduğunu, bu partiyanın qəzetinə redaktorluq etdiyini, “vətən xainlərinin” övladlarını işə götürməsini, qardaşının xaricdə yaşamasını
və s. yazırdılar.
Məsələn, filarmoniyanın yerli komitə sədri Akopyan 21 noyabr 1937-ci tarixli məktubunda yazırdı: “Sizə yazıb bildirmək istəyirəm ki, Ü. Hacıbəyov Azərbaycan Dövlət Filarmoniyasında çalışır və Dövlət xoruna rəhbərlik edir. Eyni zamanda Azərbaycan Sovet Bəstəkarlar İttifaqının sədridir. Azərbaycan Dövlət Filarmoniyasında ikinci ildir ki, xor fəaliyyət göstərir və 200-dən çox adam orada oxuyur. Xor Moskvada keçiriləcək Azərbaycan İncəsənəti dekadasına hazırlaşır. Xorun rəhbəri Hacıbəyov sovet ruhunda işləmir. Belə ki, o, xor üzvlərindən elə insanları irəli çəkir ki, onlar yad elementlərə malikdirlər və başqa məktəblərdən qovulublar...”
Dirijor İoanesyan isə yazmışdı: “Bolşeviklər Bakıya gələndə Üzeyir Hacıbəyov İrana qaçmış və bir neçə vaxtdan sonra Bakıya dönmüşdür. Onun Müsavat parlamentinin üzvü olan qardaşı isə Parisə qaçmışdır. Və Üzeyir Hacıbəyov 7 il müddətində Parisə, qardaşına pul göndərmişdir. Xahiş edirəm Üzeyir Hacıbəyovun tərcümeyi-halı öyrənilsin və həqiqi üzü aşkar edilsin”.
NKVD-nin erməni rəhbəri Sumbatov bütün bunlar barədə Azərbaycan K(b) P MK-nın katibi Mir Cəfər Bağırova məruzə edirdi. O isə ermənilərin məkrli niyyətlərini yaxşı anlayır və Üzeyir bəyi qorumağa çalışırdı. 1937-ci ildə SSRİ Ali Sovetinə deputat seçkiləri ərəfəsində keçirilən büro iclasında respublika rəhbəri rəsmi surətdə belə bir göstəriş vermişdir: “ Hacıbəyov nəhəng bəstəkar kimi nüfuz sahibidir və yeni ”Koroğlu” operasının, Azərbaycan kəndlilərinin feodallara, türk sultanlarına qarşı mübarizəsini əks etdirən, ən uğurla və istedadla yazılmış musiqi əsərlərindən birinin müəllifi olduğu üçün namizədliyi hələlik çıxarılmasın”. Beləliklə, ermənilərin bütün səylərinə baxmayaraq, Üzeyir Hacıbəyli deputat mandatı qazanıb və ömrünün sonuna kimi deputat kimi xalqına xidmət edib.
Tarixdən məlumdur ki, 5–15 aprel 1938-ci ildə Moskvada Azərbaycan İncəsənəti ongünlüyü keçirilib. Dekadaya hazırlıq işləri Ü. Hacıbəyliyə tapşırılıb. Həmin dekadada M. Maqomayevin “Nərgiz”, Qlierin “Şahsənəm” əsərləri ilə yanaşı, Ü. Hacıbəylinin “Koroğlu” operası və “Arşın mal alan” operettası göstərilir. Qeyd etmək lazımdır ki, “Arşın mal alan” məhz SSRİ-nin rəhbəri İosif Stalinin göstərişi ilə proqrama salınmışdı. Üzeyir bəyin əsərləri dekadada çox böyük uğur qazanır. İ.Stalin öz xahişi ilə “Koroğlu”ya 2 dəfə tamaşa edir, onu “ən gözəl sovet operası” adlandırır. Dekadadan sonra Üzeyir Hacıbəyli bütün sovet bəstəkarları içərisində ilk olaraq SSRİ Xalq Artisti adına layiq görülür, Lenin ordeni ilə təltif edilir.
Ongünlük bitdikdən sonra, 17 apreldə bütün iştirakçılar Kremldə qəbul olunur və onlara İ. Stalinin adından böyük ziyafət verilir. Banketdə Üzeyir bəyin bir tərəfində Stalin, digər tərəfində Molotov və Voroşilov əyləşirlər. Stalin orada “Arşın mal alan” operettasından parçalar oxuyur. “Koroğlu” operasını çox bəyəndiyini söyləyir. Üzeyir bəyi novator bəstəkar adlandırır. Simfonik orkestrə xalq çalğı alətlərini əlavə etməsini yüksək qiymətləndirir və qeyd edir ki, sizin təcrübənizdən başqa bəstəkarların da bəhrələnməsini tövsiyə etmişik. Orada söhbət zamanı Voroşilov deyir ki, “Koroğlu” kimi daha iki opera yazın, Stalin isə bu sözləri eşidən kimi “siz iki deyil, dörd belə opera yazmalısınız”, – deyir. Sonra əlavə edərək söyləyir: “Yaxşı olar ki, xalq çalğı alətlərində ifaçıların Ümumittifaq müsabiqəsi keçirilsin və həmin yarışmada komissiyanın sədri siz olasınız. Üzeyir bəy məmnuniyyətlə təklifi qəbul edir. Söyləyir ki, bunun üçün ciddi hazırlıq lazımdır. İ.Stalin oradaca müsabiqənin keçirilmə tarixini təyin edir: oktyabr, 1939-cu il...
Üzeyir bəyin məsləhəti ilə bütün Sovet İttifaqı üzrə müsabiqəyə hazırlıq işləri görülməyə başlanır. Hər bir respublikadan, o cümlədən Azərbaycandan da ifaçılar müsabiqədə iştirak edirlər. Əvvəlcə respublika səviyyəsində müsabiqələr keçirilir, sonra qaliblər Ümumittifaq müsabiqəsinə buraxılır. Onların içərisində ermənilər də olur. Təbii ki, millətindən asılı olmayaraq, aşağı səviyyəli ifaçılar müsabiqədən keçmirlər.
Xalqın ürəkdən sevdiyi Üzeyir bəy Hacıbəylinin 1948-ci ildə vəfatı o zaman hər kəsi möhkəm təsirləndirib. Cənazəsi Azərbaycan Elmlər Akademiyasının böyük salonunda qoyulub. İnsanlar dahi bəstəkarla vidalaşmaq üçün ucu-bucağı görünməyən növbələrə düzülüblər. Dövlət və hökumət adamları, ziyalılar, gənclər, ahıllar, əlillər, uşaqlar, məktəblilər güllər, əklillər gətiriblər...
Bu gün də Üzeyir bəy Hacıbəyliyə olan xalq məhəbbəti səngimir. Nə qədər bəşəriyyət var, Azərbaycan xalqı mövcuddur, ölməz Üzeyir bəy də, onun dəryaları xatırladan yaradıcılıq irsi də daim yaşayacaq.
Səadət QARABAĞLI,
Üzeyirbəyşünas