Üzeyir bəyin adı ilə bağlı milli bayram

post-img

Azərbaycanda çoxlu bayramlar keçirilir. Biri də bu günə təsadüf edən Üzeyir Musiqi Günüdür. Bu bayram Ümummilli lider, unudulmaz dahi şəxsiyyət Heydər Əliyevin 1995-ci ildə imzaladığı fərmanla dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində təsis edilib. O vaxtdan mədəniyyət və musiqi ocaqlarında  təntənəli mərasimlər, konsertlər keçirilir, Üzeyir bəyin ölməz əsərləri səsləndirilir. 

Üzeyir Hacıbəyli müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu olub, milli bəstəkarlıq məktəbinin təməlini qoyub. O, Azərbaycan milli operasının, eləcə də Şərqdə ilk operanın banisidir.  Musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi adı millətin şərəf kitabına qızıl hərflərlə yazılıb.  

Onu da xatırladaq ki, böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsi Maestro Niyazi ilə bağlı olub. Görkəmli dirijor Niyazi doğma əmisi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edirdi. Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) önündə minlərlə insan toplaşırdı. Burada ölməz sənətkarın adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin rəhbərliyində bəstəkarın əsərlərini ifa edirdi. Bu gün ənənə daha dolğun şəkildə davam etdirilir. 

Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyov 1885-ci il sentyabrın 18-də Şuşa şəhəri yaxınlığındakı Ağcabədi kəndində anadan olub. Soy-kökü, nəsil şəcərəsi Qarabağ əsilzadələri ilə bağlıdır. Onun, qardaşları Zülfüqar və Ceyhunun mədəni-ədəbi  istedadının formalaşmasında “Qafqazın konservatoriyası” adlanan Şuşa mühitinin və ailənin rolu danılmazdır. Üzeyir ilk musiqi savadını bu sahənin gözəl bilicisi sayılan dayısı Ağalar bəy Əliverdibəyovdan alıb.     

Gələcək dahinin 12–13 yaşı olanda yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin  rəhbərliyi ilə xanəndə Cabbar Qaryağdıoğlunun və tarzən Mirzə Sadıq Əsəd oğlunun (Sadıqcan) ifasında Şuşada Füzulinin poeması əsasında “Məcnun Leylinin məzarı üstündə” musiqili səhnəciyi göstərilib və heç şübhəsiz ki, bu, onun 1908-ci ildə yaratdığı “Leyli və Məcnun” operası üçün təməl daşı olub...

Düz 15 ildir ki, Azərbaycanda Heydər Əliyev Fondu  və Mədəniyyət nazirliyinin  təşkilatçılığı ilə dahi bəstəkarın xatirəsinə Beynəlxalq Musiqi Festivalı keçirilir. Həmin bayrama yaxın və uzaq ölkələrdən gələn əcnəbi sənətçilər də qoşulublar. Konsertlərlə yanaşı, Üzeyir bəyin  əsərləri əsasında teatr tamaşaları göstərilir və onun yaradıcılıq irsini araşdıran elmi konfranslar təşkil olunur. İldən-ilə mötəbər festivalda iştirak edən ölkələrin də, musiqi kollektivlərinin də sayı artır. 

Bu gün başlanan XVI Festival 10 gün çəkəcək. Bayram çərçivəsində Bakı ilə yanaşı, Şuşa, Gəncə və bir sıra şəhərlərdə açıq və qapalı məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans və ustad dərsləri təqdim olunacaq. ABŞ, Rusiya, Almaniya, İspaniya, Avstriya, Koreya Respublikası, Türkiyə, Braziliya, Hindistan və digər ölkələrdən gələn qonaqlar Üzeyir Hacıbəyli irsi barədə dolğun məlumat alaraq mədəniyyətimizlə, musiqimizlə daha yaxından tanış olacaq, öz təəssüratlarını zənginləşdirəcəklər.

Azərbaycanın mühüm mədəniyyət hadisəsinə çevrilmiş Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı ilə bağlı dahi bəstəkarın adını daşıyan Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli həvəslə məlumat verərək bildirib ki, ali musiqi təhsili ocağının tələbələri də öz səhnələrində maraqlı proqramla çıxış edəcəklər: “Ölkənin mədəni həyatında mühüm musiqi tədbirinin   möhtəşəm olacağına ­şübhə etmirəm. Fikrimcə, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının inkişafı, burada iştirakçı ölkələrin coğrafiyasının və konsert məkanlarının ildən-ilə genişləndirilməsi suveren Azərbaycanın dünya birliyində mövqelərinin möhkəmlənməsi dinamikasını əks etdirir... Dəvət olunan sənətçilər arasında Avstriyadan olan və Lənkəranda da çıxış edəcək kvarteti görməkdən məmnunam. Bu, çox əladır! Qeyd etməyə bilmərəm ki, Bakının yetirməsi olan görkəmli dirijor və skripkaçı Dmitri Sitkovetski 70 illik yubileyini burada qeyd edəcək”.

Festival çərçivəsində Bakı Musiqi Akademiyası ilə bərabər, Milli Konservatoriyada, Dövlət Akademik Filarmoniyasında, Üzeyir Həcıbəylinin Ev- muzeyində də ədəbi-musiqili gecələr olacaq. Azərbaycanın bölgələrindəki konsert məkanlarında çıxış edəcək iştirakçılar isə Şuşa, Gəncə, Lənkəran, Qəbələ, Naxçıvan və Şəmkirdə təbiətin bənzərsiz gözəlliyi ilə də tanış olmaq fürsəti qazanacaqlar.

İnamla demək olar ki, Üzeyir Hacıbəyli adına ənənəvi beynəlxalq musiqi festivalları həm dahi bəstəkarın xatirəsinin böyük ehtiramla yad olunması, həm də musiqi mədəniyyətimizin dünyada təbliği sahəsində görülən işlərin, musiqi sənətimizin inkişafının parlaq təcəssümüdür. Üzeyir Musiqi Günü ömürlərə yazılan bir gün olacaq.

Əli ƏLİYEV 
XQ

 

Mədəniyyət