Builki Paris Yay Paralimpiya Oyunlarında idmançıların əzmkar mübarizəsi sərhəd tanımadığını dünyaya nümayiş etdirdi. Fiziki sağlamlığı məhdud atletlərin yeni rekordları insanların nəyə qadir olduqlarını, aydın və qəti məqsədlərin onlara qələbə qazandırdığını bir daha təsdiq etdi. Bəli, həyat eşqi hər şeyin mümkün olacağını sübuta yetirir. Kifayət edər ki, bunun üçün qarşıdakı bütün maneələri aşıb keçəsən. Böyük idmanda belə mübarizə aparanların qələbəsi də qəhrəmanlıqdır.
Bugünlərdə Paris paralimpiadasının belə qəhrəmanlarından biri olan Azərbaycana bu mötəbər Oyunlarda qızıl medal qazandıran Orxan Aslanov “Xalq qəzeti”nin qonağı oldu. Parisdə fəxri kürsünün ən yüksək pilləsində dayandığı an çöhrəsinə yayılmış qürur qarışıq sevinc hissi hələ də gözündən getməmişdi. Redaksiyamızda keçirilən görüşdə Orxan sınaqlardan çıxardığı uğur düsturunu belə ifadə etdi: “İnsan həmişə irəli can atmalıdır. Qarşımızda yeni üfüqlər açılır. Daha böyük səylə, var gücümüzlə onlara doğru getməliyik”.
Qələbə ovqatlı söhbətlərdən sonra qəhrəmanımızdan qəzetimiz üçün müsahibə də aldıq:
– Orxan, idmana 8 yaşında gəlmisiniz. Tez olmayıbmı?
– Anamın tövsiyəsi və istəyimlə ilk dəfə basketbolla Bakıda 171 nömrəli məktəbdə məşğul olmuşam. Bu idman növünə də marağım çox böyük idi. Təxminən, 1 il məşğul olduqdan sonra bazada təmir və yenidənqurma işlərinə görə 1 il basketboldan aralı qaldım. Təhsil aldığım 249 saylı orta məktəbdə bədən tərbiyəsi müəllimimiz Valeri İvanoviç idmanda potensialımı görüb məni atletika ilə məşğul olmağa həvəsləndirdi. Bu idman növündə anlayışım çox olmasa da, qısa müddətdə onu çox sevdim. Başlanğıcda 3 təkanla tullanma ilə məşğul olsam da, müəyyən müddətdən sonra belimdə yaranan zədə ilə bağlı məşqləri dayandırdım.
– Böyük idmana gedən yol çətindir. Nə vaxtsa yorulub idmandan getmək istədiyiniz anlar olubmu?
– Yorulduğum, hətta bezdiyim anlar da olurdu. Zədə səbəbindən əziyyət çəkirdim. Bəzən məşqlərin çoxluğu məni yorurdu. Düşünəndə ki, bu çətin yolun sonu yüksəlişdir, hədəfə çatmaq üçün daim çalışırdım. Amma uğur qazananda zədə, yorğunluq, əziyyət yaddan çıxırdı. Düşünürdüm ki, yaxşı ki, bu yoldayam. Düz yol seçmişəm
– Uşaqlar idmanda özlərinə kumir seçirlər. Bənzəmək istədiyin insan kimi böyük idmanda yüksək zirvə fəth edəcəyini düşünürdünüzmü?
– İnanmıram ki, yenicə idmana başlayan düşünsün ki, böyük idmanda gücünü sınayıb, hətta yüksək zirvəyə ucalacaq. Bunu hamımız istəyirik amma həyatın öz icazəsi var. Xarici atletlər arasında rəğbət bəslədiyim idmançılar çox idi. Onların texniki göstəriciləri mənə maraqlı gəlirdi və belə bir nəticə qazanmaq istəyirdim. Amma əsas kumirim Fərid Mansurov idi. İlk dəfə 2004-cü ildə Afina Olimpiadasında Azərbaycan bayrağını yüksəklərdə dalğalandıranda, himnimizi səsləndirəndə o qədər təsirləndim ki, hətta həyəcandan otura bimədim. Onda 9 yaşım var idi. Artıq Vətənin müqəddəsliyini, ülviliyini başa düşürdüm. Bilirdim, beynəlxalq arenada himnimizi səsləndirmək necə bir müqəddəs hissdir. İlk dəfə o zaman belə bir yüksək zirvəyə ucalmaq barədə düşündüm.
– Valideynləriniz necə, gələcəyinizi idmanda, yoxsa təhsildə görürdülər?
– Hansı yolu seçmişəmsə, valideynlərim mənə hər zaman dəstək olublar. Amma cəmiyyətimizdə bu düşüncə həmişə olub ki, valideynlər övladlarını idmandansa, daha çox təhsilə yönəldirlər. Mənim valideynlərim də ali təhsil almağımı, gələcəkdə nüfuzlu bir sahədə işləməyimi çox istəyirdilər. Həm özümün, həm də onların istəyi ilə Texniki Universitetə qəbul olunsam da, təhsilimi başa vura bilmədim. Çünki böyük idmanı seçdim.
Valideynlərə demək istəyirəm ki, uşağın istəkləri nəzərə alınmalıdır. Mən də valideyn olacağam. İstərdim ki, müəyyən qədər öz övladıma yol göstərim. Amma seçiminə də hörmətlə yanaşım.
Əgər idmanı sevməsəydim, bu qədər nailiyyət əldə edə bilməzdim. Paris Paralimpiadasına hazırlaşmaq, 3 illik prosesi əhatə etdi. Ardıcıl, ağır məşqlərin, yorucu təlimlərin arxasında idmana böyük sevgim dayanırdı. Paralimpiadaya qədər həyəcan davam edirdi. Əsəblərim tarıma çəkilmişdi. Oyunları səbirsizliklə gözləyirdim və bilmək istəyirdim ki, nəyə qadirəm. Amma sonda istədiyim nəticəni qazananda sözlə ifadə edilməyəcək hisslər keçirdim.
– Paris Oyunlarına artıq paralimpiya çempionu kimi yollanmışdınız. Bu, əlavə stimul yaradırdımı?
– Dəfələrlə vurğulamışam. Ən sevmədiyim hal gözləntilər altında qalmaqdır. Hamı səndən nəticə gözləyir, sən isə onu əldə edə bilmirsən. Bu çox üzücü bir hissdir. Yarışın şanslı iştirakçılarından favoritlərindən biri kimi, hamı məndən qələbə gözləyirdi. Amma mən maksimal səviyyədə sakit və təmkinli hazırlaşmağı üstün tuturam. Ölkəmizi təmsil etmək böyük məsuliyyətdir. Düzdür, məsuliyyətdən qaçan insan deyiləm, etimaddan güc almağı da bacarıram. Xalqımızın, məşqçi və mütəxəssislərin etimadını doğrultduğum üçün daha çox sevinirəm. Bir də ölkəmizdə biz idmançılara böyük dəstək verilir, bu da qələbələrimiz üçün əsas yaradır. Dövlətimizin idmançılara diqqət və qayğısı, ilboyu medianın onların yanında olması, nəticələri işıqlandırması, xoş arzular böyük ruh yüksəkliyi yaradır.
– Bəs Tokio Paralimpiadasında ilk qələbəni necə xatırlayırsınız?
– Tokioda pandemiyaya görə hazırlıq prosesi çətin olmuşdu. Paralimpiya ailəsi maksimal kömək göstərdi, orada yaxşı nəticə göstərdik. Amma Yaponiyanın paytaxtında azarkeşlərin olmaması, pandemiyanın cansıxıcı tərəfləri bir boşluq yaradırdı. Tokioda bizi ən çox həvəsləndirən, mənəvi ruh verən Vətən müharibəsində qazandığımız böyük qələbə idi. İlk dəfə idi ki, qalib xalqın qalib idmançıları kimi yarışa qatılmışdıq. Bu, ayrı bir hiss idi.
Paris Paralimpiadasında isə azarkeş dəstəyi çox idi. İlk dəfə idi ki, paralimpiya oyunları canlı yayımlanırdı. Parisdə 100 minlərlə azarkeş qarşısında Azərbaycanın bayrağını yüksəldib, dövlət himnimizi səsləndirəndə bütün xalqımızı qarşımda hiss etdim.
“Şöhrət” ordeni ilə təltif edilməyim də mənim üçün çox böyük bir hədiyyə oldu. Dostlarım məni təbrik edəndə, hətta ikiqat təsirləndim. Belə bir yüksək mükafata layiq görüldüyüm üçün qürur hissi keçirirəm. İdmana, idmançılara diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham
Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm.
– Qarşıdakı hədəfləriniz nədir?
– Hədəflər böyükdür. Ən əsası, növbəti oyunlarda – Los Anceles Paralimpiadasında da iştirak etmək istəyirəm. 2021-ci ildə zədələrimi tam sağaltmadan hazırlığa başladım. Bu dəfə o səhvi etməyəcəyəm. Tam zədələrimi sağaldıb sonra məşqlərə başlayacağam. Arzum 3-cü dəfə Paralimpiya çempionu olmaqdır.
Leyla QURBANOVA
XQ