“GPT-5” – süni zəka insanı hara aparır?

post-img

Bu il texnologiya dünyasında ən çox gözlənilən hadisə süni zəkanın “GPT-5” modelinin bazara çıraxılmasıdır. Əvvəlki versiyaların istifadəçiləri bu günü səbirsizliklə gözləyirlər. Lakin ekspert dairələrində dünyanın ən qabaqcıl süni zəka sistemlərindən birinin yaranması birmənalı qarşılanmır. Bəs, ekspertlərin “GPT-5” ilə bağlı narahatlıqları nədir?

GPT– Amerika şirkəti “OpenAI” tərəfindən buraxılmış danışıq dilinin emal alqoritmidir. Bu zaman neyron şəbəkənin əsas xüsusiyyəti məlumatı yadda saxlamaq və təhlil etmək, onun əsasında ardıcıl və məntiqi mətn yaratmaq qabiliyyətidir. Güclü dil modeli sözlər arasında əlaqə tapmağa, söz və cümlələrin optimal məntiqi ardıcıllığını hesablamağa imkan verən “transformator” arxitekturasına malikdir.

Süni zəkanın yönü hayanadır?

GPT və digər dil modellərinin meydana çıxması süni zəkanın müasir insanların həyatına daxil olması istiqamətində mühüm addımdır. Generativ neyron şəbəkələrinin imkanları onların inkişafının son həddi deyil. Növbəti illərdə süni zəka texnologiyaları ticarət, marketinq, müştəri xidməti və digər sənaye sahələrində bir çox peşələri əvəz edərək əmək bazarının dəyişməsinə təsir göstərəcək.

2018-ci ildə alimlər bu neyron şəbəkənin “GPT-1” adlı ilk tamhüquqlu versiyasını buraxdılar. Birinci versiyanın uğur qazanmasından sonra “OpenAI” mütəxəssisləri “GPT-2”, “GPT-3” və “ChatGPT” versiyalarını hazırladılar. Sonuncu, danışıq (dialoq) rejimində işləyən süni intellektli chatbotdur. O, “GPT-3.5” dil modelinin təkmilləşdirilmiş versiyasına əsaslanır. 

Nəhayət, keçən ilin mart ayında “GPT-4”ün son versiyası istifadəyə verilib. 4-cü versiyasının mühüm üstünlüyü onun müxtəlif fənlər üzrə imtahan və testlərdən keçmək qabiliyyətinin təkmilləşdirilməsidir. Yeni model fənlər üzrə əla nəticələr göstərərək, sələfi “GPT-3.5”in göstəricilərini nəzərəçarpacaq dərəcədə arxada qoyub. 

Yeni nəsil “GPT-5”  nələr vəd edir?

“GPT-5” süni zəkanı növbəti, daha yüksək səviyyəyə qaldırmağı vəd edir. Gözlənilir ki, yeni nəsil öz göstəricilərinə görə əvvəlkindən xeyli üstün olacaq. Bu modelin əsas məqsədi bəşəriyyəti AGI-nin (generativ süni zəka) yaradılmasına – insan beyninin yaratdığı mətnlərin yazılmasından tutmuş ağıllı evin idarə edilməsinə qədər geniş spektrli vəzifələri yerinə yetirməyə qadir olan ağıllı maşına daha da yaxınlaşdırmaqdır.

“Chat GPT-5” daha mükəmməl və yaradıcı mətnlər yarada, əla tərcümə edə, fərqli tipli yaradıcı mətnlər yaza, müxtəlif mövzularda suallara cavab verə və təbii dilin işlənməsi ilə bağlı bir çox digər tapşırıqları yerinə yetirə biləcək. “OpenAI” şirkətinin texniki direktoru və “ChatGPT” neyron şəbəkəsinin yaradıcılarından olan Mira Murati deyib: "Hər şey çox sürətlə dəyişir və təkmilləşir".  

“GPT-5”-dən sonra nə olacaq?

Uğurlu nəticə əldə olunarsa, generativ süni zəka insanlardan fərqlənməyəcək. Yəni daha yüksək səviyyəli süni zəka insan üçün əlçatan olan hər hansı tapşırıq və ya konsepsiyanı öyrənməyə və qavramağa qadir olacaq. O, maşına aid olsa da, konkret tapşırıq və ya funksiyalarla məhdudlaşmır. Daha geniş sahələrdə insanlardan daha mükəmməl olduğunu göstərəcək.

“OpenAI” şirkəti istehlakçılara iki variant təqdim edəcək. Birincisi, pulsuz olacaq. İkincisi daha qabaqcıl funksiyalara malik olacaq və ondan abunə yolu ilə istifadə ediləcək. İkinci variantdan 1 ay istifadə etmək təxminən 20 dollara başa gələcək.

Yeni versiya nəyə qadirdir?

“ChatGPT-5” süni intellektlə qarşılıqlı əlaqəmizi növbəti səviyyəyə qaldıra biləcək bir sıra inqilabi xüsusiyyətlərə və təkmilləşdirmələrə sahib olacaq. “OpenAI”nin rəhbəri Sam Altman bunları söyləyib: “Ən mühüm təkmilləşdirmələr, çox güman ki, təhlil etmək qabiliyyəti ilə bağlıdır”. O izah edib ki, süni intellekt modelləri məlumatları şərh etmək, nəticələr çıxarmaq və mövcud məlumatlardan və məntiqi nəticələrdən istifadə edərək problemləri həll etmək qabiliyyətinə malik olacaq.

Gəlin aydınlaşdıraq, yeni modeldən hansı imkanlar gözlənilir? Əvvəlcə, o, GPT-lə elə mətn hazırlaya bilər ki, insanlar tərəfindən yazılmış mətnlərdən praktiki olaraq fərqlənməz. İkincisi, bu versiya ünsiyyətin nüanslarını, o cümlədən sarkazm, ironiya və digər incəlikləri daha yaxşı başa düşməyə qadirdir.

Üçüncüsü, “GPT-5” çeşidli mövzu sahələrini dərindən başa düşməyi tələb edən elmi məqalələrin və ya proqram kodunun yazılması kimi mürəkkəb vəzifələri həll edə biləcək.

Qeyd edək ki, “GPT-5” digər süni intellekt sistemlərinə inteqrasiya da edə biləcək. Bu, daha mürəkkəb və intellektual proqramların yaradılmasına imkan verəcək.

Risklər və təhdidlər

“GPT-5”in inkişafı çoxlarının düşündüyündən çox təhlükəli ola bilər. Chatbot kimi süni zəkanın dominantlığı ciddi narahatlıq doğurur. Çünki onun təsirlərinə nəzarət etmək qeyri-mümkün olacaq.

İlon Mask da daxil olmaqla 1000-dən çox texnologiya tədqiqatçısı süni zəkanın inkişafının dezinformasiya və saxta təbliğatın yayılmasına kömək edə biləcəyi barədə xəbərdarlıq edən açıq məktub imzalayıb. Onlar bütün süni intellekt laboratoriyalarını 6 ay ərzində “GPT-4”dən daha güclü süni zəka sistemlərinin tədqiqatlarını dərhal dayandırmağa çağırıblar.

Bu qəbildən olan söhbətlər fonunda “OpenAI” şirkəti öz məhsullarının təhlükəsizliyindən narahat olmağa başlayıb. “The Nyu York Tayms”ın yazdığı kimi, “OpenAI” şirkətinin Təhlükəsizlik Komitəsi tədqiqatlara nəzarət edəcək və şirkətin texnoloji riskləri necə həll edəcəyinə dair təlimat verəcək.

BVF-nin məlumatına görə, dünya üzrə işləyən əhalinin demək olar ki, 40 faizi hazırda süni zəka ilə bağlı risklərə məruz qalır. Süni intellekti fərqli edən cəhətlərdən biri onun yüksək ixtisaslı işlərə təsir etmək qabiliyyətidir. Nəticədə, iqtisadiyyatı inkişaf etmiş ölkələr neyron şəbəkə ilə bağlı daha böyük risklərlə üzləşəcəklər.

PÜNHAN 
XQ

 

Dünya