Məntəqələrimiz səsverməyə hazırdır

post-img

Milli Məclisə seçkilər işğaldan azad edilmiş digər rayonlarımızın sakin­ləri kimi, kəlbəcərlilər üçün də xüsusilə əlamətdardır. Onların bir qismi ilk dəfə doğma yurdlarında, azad Kəlbəcərdə seçkilərdə iştirak etməyin qüru­runu yaşayacaq. Bunun üçün hazırda sürətlə yenidən qurulan, bərpa edilən və yaxın gələcəkdə Böyük Qayıdışın növbəti ünvanına çevriləcək Kəlbəcər­də 2 seçki məntəqəsi fəaliyyət göstərir. Kəlbəcərlilərin seçki əhval-ruhiyyəsi, ümumilikdə seçkilərə hazırlıq və məntəqələrdə görülən işlər barədə məlumat almaq üçün 123 saylı Kəlbəcər dairə seçki komissiyasının (DSK) sədri Adil Murtuzayevlə həmsöhbət olduq:

– Adil müəllim, azad Kəlbəcərdə ilk parlament seçkiləri keçiriləcək. Seçki dairəsinin sədri və bir kəlbəcərli kimi hansı hissləri keçirirsiniz?

– Əlbəttə ki, 2024-cü il fevralın 7-də keçirilmiş Prezident seçkiləri kimi, bu seç­kilər də bütün kəlbəcərlilər üçün böyük ta­rixi-siyasi hadisədir. Möhtərəm Preziden­timizin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində və 2023-cü il sentyabrın 20-də Qarabağda keçirilən lokal antiterror tədbirlərində qazandığı şanlı qələbələr nəticəsində bu gün Azər­baycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Bunun nəticəsidir ki, kəl­bəcərlilər ilk dəfə işğaldan azad olunmuş doğma yurdlarında Milli Məclisə seçkilərə hazırlaşırlar. Uzun müddətdir123 saylı DSK-nın sədriyəm. Çox xoşbəxtəm ki, mənim tərcümeyi-halıma və ömür kitabı­ma bu iki seçkidə fəaliyyət göstərmək ya­zıldı. Bu, mənim üçün şərəfdir. Ona görə də məsuliyyətli və qürurverici işimizin öh­dəsindən layiqincə gəlməyə çalışırıq. 

– Seçkilərə hazırlıq necə gedir?

– Kəlbəcərlilər respublikamızın 40-dan artıq şəhər və rayonunda müvəqqəti məskunlaşıblar. Həmin ərazilərdə 65 seçki məntəqəmiz fəaliyyət göstərir. Qürurveri­cidir ki, artıq Kəlbəcərin özündə də seçki prosesi həyata keçirilir, 63 və 64 saylı məntəqə seçki komissiyaları məhz orada yaradılıb. Hazırda məntəqələrin təchizatı və səsverməyə hazırlığı tam təmin edilib. Mərkəzi Seçki Komissiyasının Təqvim Planına uyğun olaraq seçkilərin azad, şəf­faf və demokratik keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Məntəqələrin hamısında lazımi avadınlıq mövcuddur. Səsvermə kabinələri tam hazır vəziyyətə gətirilib, maarifləndirici materiallar lazımi yerlərə asılıb. Eləcə də komissiya üzvləri­nin və müşahidəçilərin səsvermə günü öz vəzifələrini normal şəkildə yerinə yetir­mələri üçün təlimata uyğun şərait yaradı­lıb. Bir sözlə, bütün məntəqələrimiz səs­vermə gününə tam hazırdır.

Məlumat üçün bildirmək istəyirəm ki, 123 saylı dairə üzrə 55 413 seçici qeydiy­yatdadır. Həmin seçicilərdən 735 nəfəri ilk dəfə səsvermədə iştirak edəcək. 

Bildiyiniz kimi, Kəlbəcər uzunömür­lülər diyarıdır. Ona görə də, yaşlı seçi­cilərimizin sayı kifayət qədər çoxdur. Qeydiyyatda olan 6 qadın seçicimizin yaşı 100-dən yuxarıdır. Ən yaşlı seçicimiz isə 2 saylı məntəqə üzrə qeydiyyatda olan 111 yaşlı Baxşalıyeva Xeyrənsə İsmayıl qızı­dır.

– Rayon sakinlərinin seçkilərlə bağlı fəallığını necə dəyərləndirirsiniz?

– Çox yüksək. Faktlar da göstərir ki, 1 sentyabr seçkilərinə maraq böyükdür. Dairə üzrə 12 deputatlığa namizəd qey­də alınıb. Onlardan 1-i siyasi partiyanın namizədidir, digər 11 nəfər isə seçki mü­barizəsinə öz təşəbbüsləri ilə qoşulub. Seçkilərin azad və demokratik şəkildə ke­çirilməsini təmin etmək üçün seçki prose­sində müşahidəçi qismində iştirak etmək istəyənlərin də çoxsaylı müraciətlərinə müsbət cavab verilib. 567-i siyasi partiya­lardan, 415-i öz təşəbbüsü ilə, həmçinin 9 nəfəri qeydə alınmış namizədin vəkili və ya səlahiyyətli nümayəndəsi olmaqla, ümumilikdə, 991 nəfər seçkilərdə müşa­hidəçi qismində iştirak edəcək. Üstəlik, beynəlxalq müşahidəçilər də dairə üzrə müxtəlif seçki məntəqələrində seçki pro­sesini izləyəcəklər. Yəni, seçkilərdə şəf­faflığın təmin edilməsi üçün bütün şərait yaradılıb.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri

Müsahibə