Türkiyədə “Azərbaycan rüzgarı” əsdirən soydaşımız

post-img

Türkiyədə Azərbaycan və Qaqauz mədəniyyətini layiqincə təmsil edən Səidə Ömər Bakıda dənizçi ailəsində anadan olub. 1996–2002-ci illərdə Vaqif Mustafazadə adına 2 saylı musiqi məktəbində rəqs sənətini öyrənib. Orada fəaliyyət göstərən “Aysel” qrupunda çıxış edib. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində Xalq artisti Oqtay Mirqasımovun tələbəsi olub və bakalavraturanı fərqlənmə diplomu ilə bitirib. 

Gənc istedad Suraxanı rayonu 2 saylı uşaq evində “Ağ çiçəklər” rəqs qrupunun, Heydər Əliyev adına liseydə “Zərifə” rəqs qrupunun qurucusu və rəhbəri, “Rəqs dünyası” adlı verilişin, “Günəş və Həma­il” adlı uşaq televiziya proqramının müəl­lifi və aparısıcı olub. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Ok­tay Mirqasımovun “Günaydın, mələyim” filmində rejissor assistenti, Azərbaycan Alpaqut Federasiyasında Mədəniyyət Departamentinin sədri vəzifəsində çalı­şıb. Hazırda Türkiyədə mədəni tədbirlər­də Azərbaycan, eləcə də Qaqauz rəqs sənətini və ədəbiyyatını təmsil edir. 

Beləliklə, müsahibimiz İstanbul Uni­versitetinin doktorantı, qardaş ölkənin TRT kanalında “Azərbaycan rüzgarı” te­le-radio proqramının müəllifi və aparıcısı Səidə Ömərdir. 

– Səidə xanım, Türkiyəyə nə za­man getdiniz?

– 2018-ci ildə. Məqsədim orada təhsilimi davam etdirmək olub. Əslində, Türkiyədə təhsil almaq elə də asan de­yil. Hədəfinə çatmaq üçün xeyli yol keç­məlisən. Mən də bütün gücümlə təhsili­mi uğurlu başa vurmaq və faydalı işlər görmək üçün bu yola çıxdım. 2021-ci ildə İstanbul Universitetinin radio, televi­ziya və kino bölümündə magistr pilləsi­ni başa vurduqdan sonra eyni ixtisasda doktoranturaya qəbul edildim. Hazırda yeniyetmələrin problemləri ilə bağlı elmi iş üzərində çalışıram. Magistr pilləsində yazdığım elmi işim elmi rəhbərim profes­sor Nilufər Pəmbəcioğlunun təşəbbüsü ilə Türkiyədə kitab halında çap olundu. 

Bildiyiniz kimi, dünyada spirtli içkilərə aludəlik artmaqda və cəmiyyət üçün problemlər yaratmaqdadır. Mənim də dissertasiya işim bununla bağlı oldu. Bu mövzunu seçməkdə məqsədim insanla­rı alkoqollu içkilərdən uzaqlaşdırmaqdır. Bizim filmlərdən nümunələr gətirilən ki­tabda Türkiyə və Azərbaycanda yaşayan ziyalıların da fikirləri yer alıb. Nəticə eti­barı ilə, Azərbaycan kinosunda spirtli iç­kidən istifadənin təsviri aradan qaldırılıb. Əksinə, alkoqolun istifadəsi ailəiçi prob­lemlərə və mənfi nəticələrə səbəb kimi əks etdirilir. Yeri gəlmişkən, bu barədə bir neçə elmi məqaləm beynəlxalq Türkiyə­də və Yunanıstanda toplu və dərgilərdə nəşr olunub ki, bu da akademik fəaliyyə­timin tərkib hissəsidir.

– “Azərbaycan rüzgarı” layihəsi necə yarandı?

– Bu telelayihə mənim öz ideyamdır. Türkiyədə Azərbaycan mədəniyyətini, tarixini, coğrafiyasını, bir sözlə, ölkəmizi hərtərəfli şəkildə tanıdan proqramlar az­dır. Azərbaycanın qədim tarixindən, zən­gin mədəniyyətindən nə qədər danışsan, bitməz. Düşündüm ki, niyə milli irsimizi televiziya vasitəsilə Türkiyə cəmiyyətinə çatdırmayaq? İki qardaş ölkənin insanları bir-birini daha yaxından tanımalıdırlar. Bu baxımdan “Azərbaycan rüzgarı” layihəsi­ni uğurlu saymaq olar, çünki artıq 4 möv­sümdür ki, yayımlanır. 

Proqramın özünəməxsus tamaşaçı auditoriyası var. Verilişlərə çox sayda si­yasət, elm, sənət adamları dəvət olunur və qonaqlarla müxtəlif mövzulara toxunu­ruq. Tarixi günlərimiz, görkəmli şəxsiyyət­lərimiz davamlı olaraq anılır. Pandemiya dönəmində belə, layihəmiz fəaliyyətini dayandırmadı. 44 günlük savaş zamanı isə yayınlanan proqramlarımız ordumu­zun Zəfər yürüşünə həsr olunmuşdu. Bu baxımdan özümü xoşbəxt teleaparıcı hesab edirəm. Qardaş Türkiyədə zəfər proqramları ilə tamaşaçıların önünə çıx­maq mənim üçün çox qururverici idi.

– Bəs, layihəyə dəstək məsələsi necədir? 

– Əslində, layihə uzun zaman dəstək­siz yayınlandı. Bir müddət mən özüm bu layihəni təmənna güdmədən, aldığım tələbə təqaüdlərlə təkbaşına həyata ke­çirdim. Verilişin ərsəyə gəlməsi çox çə­tinliklərdən keçdi. Daha sonra layihəmizə Azərbaycan Diasporuna Dəstək Fondu yardımçı oldu.

– Qaqauz təmsilçiliyini necə ger­çəkləşdirirsiniz? 

– Anam Qaqauz, atam Azərbaycan türküdür. Odur ki, hər ikisindən özüm üçün əxz etdiklərimi təbliğ edirəm, yəni Türk dünyası proqramlarında yer alıram (gülümsəyir). Əminəm ki, anamın da, atamın da ruhu bundan şad olur. Onu da qeyd edim ki, bu layihələri icra etmə­yi özümə borc bilirəm. Qaqauz olaraq 2022–2023-cü illərdə İstanbulda keçirilən fotosərgidə Qaqauz folklor geyimində və anamın toxuduğu kilim ilə olan fotoşəklim də sərgiləndi (duyğulanır). Qeyd edim ki, bu il də həmin fotoşəkil İstanbuldakı bir çox mərkəzi yerlərdə, o cümlədən Birlik fondunda ekspozisiyalarda nümayiş olunur. 

– Yeni hansı layihələriniz var?

– “TRT Türkü Radio”da da “Azərbay­can Rüzgarı” radio proqramımıza start verilib. Proqram həftənin bazar günləri saat 23:30-da (Türkiyə vaxtı ilə) yayımla­nır. (https://radyo.trt.net.tr/kanallar/trt-tur­ku). Verilişlərdə Azərbaycanın zəngin musiqi irsi, xüsusilə də muğam və xalq mahnılarımız səslənir. 

Bildiyimiz kimi, Türkiyədə Azərbay­can musiqisini çox sevirlər. Bu proqra­mın qardaş ölkənin dövlət radiosunda hazırlanması bizim üçün çox önəmlidir. Azərbaycan tarixini, coğrafiyasını, mə­dəniyyətini, xüsusilə istiqlal şairlərimizin şeirlərini və sevilən musiqilərimizi Tür­kiyə pəncərəsindən dünyaya çatdırmaq imkanımız yaranıb. 

Bu layihənin həyata keçirilməsinə görə TRT qurumuna, TRT İstanbul Ra­dio Müdirliyinə minnətdarlığımı bildi­rirəm. Lazım olan dəstəyi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi də əsirgəmir. Agentliyin rəhbərliyinə və Azərbaycan mədəniyyətinin təbliğindən yorulmayan incəsənət xadimlərinə çox təşəkkür edirəm. Biz birlikdə olanda daha güclüyük.

– Səidə xanım, sizə Vətən naminə gərəkli fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq! 

Müsahibəni apardı:
Əli NƏCƏFXANLI
XQ





Müsahibə