Böyrəklər necə daş bağlayır?

post-img

Bu bəladan əməliyyatsız da xilas olmaq mümkündür

Urolitiyaz böyrəklərdə və sidik yollarında sərt daşların əmələ gəlməsi patologiyası ilə xarakterizə olunan geniş yayılmış xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Yer kürəsinin yetkin işləyən əhalisinin, ən azı, 3 faizi bu patologiyadan əziyyət çəkir. “Premium” klinikasının uroloq-androloqu, Rusiya və Avropa Uroloqlar Assosiasiyasının üzvü, tibb elmləri doktoru, professor Cəfər Əhmədli aktual olan urolitiyazla bağlı XQ-yə müsahibəsində dedi: 

– Urolitiyaz hər kəsdə və hər yaşda baş verə bilər. Dünya üzrə 30–50 arası yaşda olan əhalinin yarıdan çoxu xüsu­si risk qrupuna daxildir. Urolitiyazdan danışanda öncə onu qeyd etməliyik ki, bir qayda olaraq, bu patoloji hal birtərəf­li olur. Hər iki böyrəkdə daş yaranması xəstələrin yalnız üçdə birində aşkar edi­lir. Urolitiyaz planetin ən qədim xəstə­liklərindən biri hesab olunur. Xəstəlik haqqında ilk qeydlərə Misir və Yunanıs­tanın qədim əlyazmalarında rast gəlinir. Məşhur filosof və həkim Hippokrat qara­ciyər problemləri ilə mübarizə üsullarını öyrənməklə yanaşı, bu patologiyanın da cərrahi müalicəsinin əsasını qoyub. Amma urolitiyazla bağlı problemlərin dəqiq mənbəyini müəyyənləşdirmək hələ də mümkün olmayıb. 

– Professor, xəstəliyi yaradan və ona təkan verən səbəblər hansılardır? 

– Qidalanmanın qeyri-normal olması ilkin səbəb kimi götürülür. Amma xarici mühitin təsiri, irsiyyət, insanın yaşadığı ərazinin su tərkibi və digər amillər də xəstəliyin yaranmasına təsir edir. Ba­lanslaşdırılmayan pəhriz saxlamaq uro­litiyaz yarada bilər. Bu, tez-tez gündəlik menyuda oxşar məhsullardan çox isti­fadə etməkdir. Məsələn, ət urat daşları, süd kalsium birləşmələrinin yaranmasına səbəb olur. Xəstəliyi müxtəlif infeksiyala­ra həssaslıq (patogen mikroorqanizmlər sonradan daşlarla əhatə olunan çökmə nüvələri əmələ gətirir), endokrin və ya genetik təbiətin patologiyaları (diabet, gut (podaqra) kimi xəstəliklər bədəndə duz konsentrasiyasının artmasına səbəb olur), sidik durğunluğu ilə müşayiət olu­nan anomaliyalar (onurğa beyni zədələ­ri, xərçəng şişləri) yaradır. 

Urolitiyaza səbəb olan xarici (ek­zogen) mənbələri də qeyd etmək lazım­dır. Ultrabənövşəyi şüalanma, D vitamini çatışmazlığı və az su qəbul etmək xəstə­liyin yaranması ehtimalını artırır. Bəzi mütəxəssislər daşların əmələ gəlməsi ilə həyat tərzi arasında sıx əlaqə olduğunu qeyd edir. Az hərəkətlilik və fiziki fəaliy­yətin olmaması sağlamlıq problemlərinin yaranması üçün ilk addımdır. 

– Urolitiyaz hansı simptomlarla özünü göstərir? Həkimə nə vaxt mü­raciət edilməlidir?

– Xəstəliyin ilkin mərhələlərinin asimptomatik olması xəstələr kimi hə­kimlər üçün də problemlər yaradır. Daş əmələ gəlməsinin ilk mərhələlərində pa­tologiyanı müəyyən etmək, demək olar ki, mümkün deyil (kompleks aparat diaq­nostikası istisna olunur). İnsan urolitiyaz­dan yalnız daşlar böyük ölçülərə çatdıq­dan və ya hərəkət etdikdən, böyrəklərin işini pozaraq və sidik axınını çətinləşdir­dikdən sonra şübhələnə bilər. Xəstəliyin əsas təzahürü ağrıdır. Kanalların qəfil tıxanması ilə kəskin ağrı yaranır. Çox vaxt narahatlıq sol və ya sağ tərəfdə, bəzən hər iki tərəfdə, bel, qarın altı və daha aşağı nahiyələrə yayılır. Patologi­yanın gedişi sidikdə qanın görünməsi ilə müşayiət olunur. Bu hal daşların hərəkə­ti zamanı sidik kanallarının divarlarının zədələnməsi ilə əlaqələndirilir. Təsvir edilən simptomlara iltihab prosesinin ümumi əlamətlərini əlavə etmək lazım­dır. Urolitiyaz bədən hərarətinin yüksəl­məsi, baş ağrısı, ürəkbulanma, iştahsız­lıq, zəiflik və qusmaya səbəb olur. 

– Söylədiyiniz simptomların bə­ziləri öd daşı, mədəaltı vəz, qaraciyər xəstəliklərində də müşahidə edilir. Urolitiyazın diaqnozu necə müəyyən­ləşdirilir?

– Urolitiyaz olduqca təhlükəli xəstə­likdir. Vaxtında müalicə olunmazsa, bu patoloji vəziyyət hidronefroz, kəskin böy­rək çatışmazlığı, xroniki hipertrofik sis­tit, urosepsis və pionefroza səbəb olur. Buna görə, simptomlar müşahidə olunan kimi təcrübəli mütəxəssislərdən məs­ləhət almaq lazımdır. Uroloq və nefroloq urolitiyazın aşkarlanmasında və müali­cəsində iştirak edir. İlk növbədə, həkim xəstəni müayinə edir, anamnez toplayır və ağrının yerini əllə (palpasiya) müəy­yənləşdirir. Növbəti addım laboratoriya tədqiqatıdır. Qan və sidik nümunələrin­də EÇR-də artım, leykosit formulasının dəyişməsi, qırmızı qan hüceyrələrinin və duzların varlığı və konsentrasiyası qeyd olunur. İlkin diaqnoz aparatla müayinə­dən istifadə etməklə təsdiq və ya təkzib edilir. Kompüter tomoqrafiyası daşların dəqiq yerini, sıxlığını, strukturunu müəy­yən etməyə imkan verir. Ultrasəs müa­yinəsi 5 millimetr və daha yuxarı ölçülü daşları müəyyən etmək üçün uyğundur. Kontrastlı rentgen isə sidik yollarında tıxanıqlığı müəyyənləşdirir. Bu müa­yinələrdən sonra xəstəliyin tam diaqno­zu əldə edilir.

– Xəstələrin müalicəsi necə aparı­lır? Onlara tövsiyələriniz. 

– Terapevtik üsulun seçimi daşların ölçüsündən və xəstəliyin ağırlığından asılıdır. İlk növbədə ağrılar aradan qaldı­rılır. Kanallar tıxandıqda xəstəyə ağrıkə­sicilər və qeyri-steroid dərmanlar təyin edilir. 

Konservativ müalicə metabolik poz­ğunluqların düzəldilməsi ilə məhdud­laşır. Bunun üçün xəstəyə pəhriz te­rapiyası – spirtli içkilərdən imtina, duz və ədviyyatların miqdarının maksimum məhdudlaşdırılması, su – duz balansı­na ciddi nəzarət təyin olunur. Urolitiyaz üçün antibiotiklərlə müalicə qadağandır. Digər qeyri-invaziv üsul ultrasəs müali­cəsidir. Şok dalğası – litotripsi diametri 2 santimetrə qədər olan daşları parçalaya bilir.

Fizioterapiya ilə müalicədə elektrik, işıq, maqnit, mexaniki və termiki üsul­lardan, hidro və radio müalicədən istifa­də edilir. Həmin üsullar və prosedurlar xəstəliyin müddətindən asılı olaraq hər xəstə üçün fərdi seçilir.

Zərərli vərdişlərdən – siqaret çək­mək, spirtli içkilərdən imtina etmək və aktiv həyat tərzi keçirmək (idman, fiziki fəaliyyət, çox gəzmək vərdişi) faydalı olar. Qeyd edilən üsullar təsir etməyən­də, xəstəyə cərrahi müalicə təyin edilir. 

Bu gün daşların cərrahi müalicəsi ge­niş yayılmış laparoskopiya, klassik qarın cərrahiyyəsi, lazer, pnevmatik avadan­lıqdan istifadə ilə aparılır. Tövsiyə ola­raq deyə bilərəm ki, patoloji vəziyyətin qarşısını almaq mümkündür. Əməliyyat olunmaq istəməyən böyrəklərini o həd­də çatdırmamalıdır. Bunun üçün həyat tərzinə diqqət edilməli, bədənin ümumi sağlamlığını dəstəkləməyə yönəlmiş tövsiyələrə əməl olunmalıdır. Bədən çəkisinə nəzarət və sidik-cinsiyyət sis­teminin infeksiyalarını vaxtında müalicə etməklə urolitiyaz riskini azaltmaq müm­kündür.

Zərifə BƏŞİRQIZI
XQ



Müsahibə