Azərbaycan “Bir kəmər-bir yol” layihəsində önəmli ölkədir

post-img

Azərbaycan Respublikasının Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov bu ölkənin nüfuzlu vb.kg agentliyinə müsahibə verib. XQ aktuallığını nəzərə alaraq həmin açıqlamanı təqdim edir:

–Cənab səfir, siz Çində 5 il səfir işləmisiniz və bu ölkəni yaxşı tanıyırsınız. Sizin fikrinizcə, “Bir kəmər-bir yol” layihəsi digər ölkələr üçün nə dərəcədə faydalıdır?

–Azərbaycan qeyd etdiyiniz bu layihəni tam dəstəkləyir. Hələ ­1998-ci ildə xalqımızın Ümummilli lideri ­Heydər Əliyev tarixi İpək yolunun bərpası təşəbbüsü ilə çıxış etdi. Dahi şəxsiyyətin səyləri ilə Azərbaycanda İpək yolunun bərpası və inkişafı ilə bağlı Bakıda keçirilən beynəlxalq forumda dünyanın 42 ölkəsinin nümayəndəsi iştirak etdi, onlardan səkkizi dövlət başçıları idi. Beləliklə, Azərbaycan Şərqin Qərblə birləşməsinə tam imkan verən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başladı. 

Çin tərəfinin “Bir kəmər - bir yol” təşəbbüsü də Azərbaycanın maraqlarına tam cavab verir. Mən özüm də vaxtilə Çində işləmişəm və buna görə də əminliklə deyə bilərəm ki, “Bir kəmər - bir yol”, ilk növbədə, məhsulların birgə istehsalı, ümumi inkişaf və fayda deməkdir. Bu layihə yolun ətrafında olan bütün dövlətlərin inteqrasiyasını təmin edir. Bu marşrut Şərqi Çindən başlayır və Qərbi Avropanın son nöqtəsinə qədər uzanır. Bu isə xalqların iş qüvvəsi, istehsal amilləri hesabına  inteqrasiyasını mümkün edir. Həmçinin Azərbaycanın bu layihəni dəstəkləməsinin əsas səbəblərindən biri yolun ölkəmizdən keçməsidir. 

Ola bilsin ki, gələcəkdə bu beynəlxalq marşrutun ikinci istiqaməti– Zəngəzur dəhlizinin də işə düşməsi mümkün olsun. Zəngəzur dəhlizinin açılması ilə Qazaxıstan və Azərbaycanı Xəzər dənizi üzərindən birləşdirən Orta Dəhliz qurudan keçəcək və aradakı məsafə xeyli qısalacaq. Beləliklə, biz Avropa, Afrika və Yaxın Şərqə doğru başqa bir marşrut qazanacağıq.

–Cənab səfir, belə bir mülahizə də yürüdürlər ki, “Bir kəmər-bir yol” layihəsi bir növ Qərb hegemonluğuna qarşı tarazlıq yaradır. Bu fikirlə razısınızmı?

–Qeyd edim ki, heç bir yol başqa bir yola qarşı deyil. Bu cür layihələr yalnız bir-birini tamamlayır. Dünya hər kəs üçün kifayət qədər genişdir, sadəcə olaraq bir-birimizin maraqlarına hörmət etməliyik. Logistika imkanları nə qədər çox olarsa, dünya iqtisadi əlaqələri də bir o qədər inkişaf edər. Bu, o deməkdir ki, inteqrasiya proseslərinə getdikcə daha çox ölkə cəlb olunacaq. 

Azərbaycan müstəqilliyinin ilk günlərindən dünyaya açıqdır, xüsusən də ulu öndərimiz Heydər ­Əliyev bu ideyanı irəli sürüb, ölkəmiz bu layihəni dəstəkləyib. Eyni zamanda, Qərbə doğru bir neçə layihə də həyata keçirmişik. Bunlar sonradan Trans-Adriatik və Trans-Anadolu layihələrində öz davamını tapmış Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləridir. Ona görə də Azərbaycan “Kəmər və Yol” layihəsinə tam şəkildə daxil olub və onun ən fəal iştirakçılarından biridir. Bizim Çinlə sıx əlaqələrimiz var və  maraqlarımız, baxışlarımız tamamilə üst-üstə düşür.

Müsahibə