Naxçıvanda Qərbi Azərbaycana Qayıdış hərəkatına dəstək

post-img

Dünən Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” mövzusunda konqres öz işinə başlayıb. Soydaşlarımızın tarixi yurdlarına beynəlxalq hüququn tələbləri əsasında dinc və ləyaqətli qayıdışı hərəkatına ictimai dəstək məqsədi daşıyan elmi-təşviqedici aksiya Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilir.

Festival-konqresin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanındakı abidəsini ziyarət etdilər. Sonra Heydər Əliyev Muzeyinə gələn iştirakçılara müstəqil Azərbaycan dövlətinin qurucusunun zəngin, çoxşaxəli siyasi irsi və mənalı ömür yolundan bəhs edən eksponatlar barədə məlumat verildi.

Festival – konqresin açılışı

Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresinin açılış mərasimində əvvəlcə Qərbi Azərbaycanda milli-mənəvi varlığımızı, etnoqrafik yadigarları və folklor yaradıcılığını əks etdirən kompozisiya təqdim edildi, videoçarx nümayiş etdirildi.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Qərbi Azərbaycana qayıdış” hərəkatına elmi-mədəni dəstək olan festival-konqresin iştirakçılarını salamlayaraq bildirdi ki, bu gün xalqımız öz tarixinin obyektiv mənzərəsini yaratmaq, milli özünütəsdiq prosesini yeni mərhələyə yüksəltmək  imkanı əldə edib. Uzun illər gizli saxlanılmış, zaman-zaman təhrif edilmiş fakt və hadisələrin əsl mahiyyəti aşkara çıxarılır və ədalətsizliklər aradan qaldırılır. 

2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 
aparılan Vətən müharibəsində xalqımızın 30 illik işğala son qoyaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, bu ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri isə suverenliyimizin Qarabağın bütün ərazisində təmin olunması nəinki Azərbaycanda, eləcə də Cənubi Qafqaz regionunda yeni geosiyasi gerçəklik yaradıb.  Tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi və inkişafı ilə yanaşı, həm də Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının bərpasının gündəmə gətirilməsi – Qərbi Azərbaycana qayıdış missiyasının dövlət siyasəti səviyyəsində ümumxalq hərəkatına çevrilməsidir.  

Fuad Nəcəfli daha sonra qeyd etdi ki, 2022-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı söylədiyi konseptual mülahizələrə, qarşıya qoyduğu vəzifələrə və verdiyi önəmli tapşırıqlara uyğun olaraq mükəmməl fəaliyyət proqramı olan konsepsiya qəbul olunub. Bir ilə yaxındır ki, ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı sistemli tədbirlərin həyata keçirilir. Qədim türk yurdu, tarix boyu Qərbi Azərbaycanla qonşuluqda eyni milli-mədəni areal olmuş Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin təşkili də məhz dövlət başçısının bu istiqamətdə müəyyənləşdirdiyi siyasətin icrasına xidmət edir.  Bu aksiya Qərbi Azərbaycanın tarixi, mədəni irsi və azərbaycanlıların tarixi-etnik torpaqlarından kütləvi deportasiyası ilə bağlı ölkəmizdə kütləviləşmiş hərəkatın tərkib hissəsidir.

Səlahiyyətli nümayəndə tarixi faktlara istinad etməklə azərbaycanlıların deportasiyasının tarixin tam açılmamış və beynəlxalq səviyyədə hüquqi-siyasi qiymətini almamış səhifələrindən olduğunu diqqətə çatdırdı: “Təəssüf ki, xalqımıza qarşı erməni millətçilərinin öz havadarlarının himayəsi ilə törətdikləri etnik təmizləmə və deportasiya siyasəti zamanında xəyanətkarlıqla ört-basdır edilib, müstəqilliyin ilk illərində isə bu məsələyə lazımi diqqət vetrilməyib. Yalnız Ümummilli lider 
Heydər Əliyev ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra ilk dəfə azərbaycanlıların deportasiyası və soyqırımı cinayətlərinə hüquqi-siyasi qiymət verib. 1997-ci il dekabrın 18-də “1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Prezident Fərmanı imzalanıb”.

Bu gün dünya birliyində söz sahibinə çevrilən Azərbaycan dövlətinin yeni reallıqlar formalaşdırdığını, hər bir soydaşımızın möhtəşəm tarixi hadisələrə şahidlik etdiyini vurğulayan muxtar respublika rəhbəri çıxışının davamında bildirdi ki, ulu öndər Heydər Əliyevin qüdrətli Azərbaycan dövləti qurmaq, milli haqlarımızı sonadək gerçəkləşdirmək siyasətini inamla davam etdirən Prezident İlham Əliyev ata vəsiyyətinə əməl edərək, torpaqlarımızı işğaldan azad etdiyi kimi, Qərbi Azərbaycana qayıdış missiyasını da qətiyyətlə himayə edir. Artıq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük yol qət edilib. Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq səviyyəyə çıxarılıb. 

Bildirildi ki, hazırda Qərbi Azərbaycana qayıdış konsepsiyası 3 prinsipə – tarixi faktlara, beynəlxalq hüquqa və dinc mübarizəyə əsaslanır. Ölkə Prezidentinin müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq, ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı gerçəkləşdirilən sistemli tədbirlərin davamı kimi bu gün Naxçıvanda keçirilən festival-konqres də ciddi mövzulara hədəflənib. Məqsəd soyqırımlarında böyük qurbanlar vermiş, kütləvi deportasiyaya məruz qalmış soyadaşlarımızın hüquqlarının bərpası, Qərbi Azərbaycanda etnomədəni terrora məruz qalmış tarixi-mədəni irsimizlə bağlı faktların ortaya qoyulması və dünya elmi ictimaiyyətinə çatdırılmasından ibarətdir.

Fuad Nəcəfli çıxışını dövlət başçısı İlham Əliyevin “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar” fikirləri ilə tamamladı. Səlahiyyətli nümayəndə “Qərbi Azərbaycana qayıdış” festivalının və konqresinin təşkilatçılarına təşəkkürünü bildirdi, iştirakçılara qarşıya qoyulmuş məqsədlərlə bağlı uğurlu fəaliyyət arzuladı.  

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev mərasimdə bildirdi ki, XX əsr boyu Qərbi Azərbaycanda soydaşlarımızın sivil inkişafı, təhsil hüququnun təmin edilməsi də erməni millətçilərinin davamlı basqısına məruz qalıb. Lakin soydaşlarımız milli varlıqlarını qorumaq üçün ciddi mübarizə aparmış, elm-bilik qazanmaq üçün ana dilli təhsili öz səyləri ilə inkişaf etdiriblər.

Qərbi azərbaycanlılar 1922–23-cü illərdə 36, 1924-cü ildə 62, 1929–30-cu illərdə 112, 1931-ci ildə isə 245 Azərbaycan məktəbinin fəaliyyətini təmin etməyə nail olublar. 1981–1982-ci tədris ilində Qərbi Azərbaycanda anadilli məktəblərin sayı 155-ə ensə də  deportasiya ərəsində 206 azərbaycandilli məktəb fəaliyyət göstərib. Qərbi Azərbaycandakı məktəblərimiz bu coğrafiyada elmi-mədəni inkişafı təmin etməklə yanaşı, Azərbaycan üçün də yüksək ixtisaslı kadrlar hazırlığına layiqli töhfə verib. Həmin təhsil ocaqlarının məzunları arasından elmin müxtəlif sahələrini əhatə edən 10 akademik, akademiyanın 9 müxbir üzvü, 140 elmlər doktoru və 740 elmlər namizədi yetişib. 

Nazir ali təhsil proqramlarına Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, toponimləri, İrəvan Müəllimlər Seminariyası ilə bağlı dərslərin, seçmə fənlərin daxil edilməsinin olduqca vacib olduğunu bildirib. O, Azərbaycanın elm, təhsil müəssisələrində Qərbi Azərbaycan tarixinin araşdırılması sahəsində ardıcıl, sistemli tədqiqatların aparılması və elmi-tarixi nəzəri əsərlərin yaradılması zərurətini də qeyd edib. 

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev söylədi ki, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımıza məxsus tarixi faktlar, ədəbi-mədəni dəyərlər, folklor nümunələri, toponimika məlumatları, o yurd yerlərindəki tarixi-mədəni abidələr barədə məlumatların tədqiq olunması ziyalıların, elm adamlarının qarşısında duran mühüm vəzifələrdir. Bu baxımdan, keçirilən festival-konqres mühüm əhəmiyyət kəsb edir. Konqresdə 200-dək məruzə dinləniləcək və onlar toplanaraq nəşr olunacaq. Naxçıvanda səslənən çağırırışlar və tarixi-mədəni faktlar Qərbi azərbaycanlıların layiqli və ədalətli şəkildə yurdlarına qovuşmasını hədəfə almış Qayıdış Konsepsiyasına mühüm töhfə olacaq.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli dedi ki, Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların qaçqınlıq taleyi ilə bağlı nümayiş etdirdiyi prinsipial mövqe, onların hüquqlarının bərpa olunmasına və öz doğma torpaqlarına qayıtmasına qəti və birmənalı dəstək ifadə etməsi, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını hazırlamaqla bağlı tapşırıqları tarixi torpaqlarımıza dönüş uğrunda mübarizəyə mütəşəkkil yön və güclü təkan verib.

İcma rəhbəri qeyd etdi ki, 1987–1991-ci illərdə baş vermiş sonuncu deportasiya zamanı Qərbi Azərbaycandakı 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayıb, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edib. Bütövlükdə, 300-ə yaxın yaşayış məntəqəsində tarixən soydaşlarımız məskun olublar: “Lakin təəssüf ki, onların hamısı ermənilərə xas üsul və metodlarla son nəfərinə qədər Qərbi Azərbaycandakı ata-baba yurdlarından qovuldular. Bu prosesdə 200-dən çox soydaşımızı ermənilər vəhşicəsinə qətlə yetiriblər, 400-dən artıq soydaşımıza bədən xəsarəti yetirilib. Qərbi Azərbaycan icmasına 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vurulub. Beynəlxalq qiymətləndirmə standartlarına görə, bu gün həmin məbləğ 700 milyard ABŞ dolları həcmindədir. Yeraltı, yerüstü sərvətlərimizə, tarixi-mədəni abidələrimizə vurulan ziyanı da bura əlavə etsək, yəqin ki, müvafiq rəqəm bir neçə dəfə artar. Mənəvi ziyanı isə heç bir məbləğlə ölçmək olmaz”.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva beynəlxalq hüquqda xalqın tarixən yaşadığı doğma yurdundan zorla çıxarılmasının cinayət əməli hesab olunduğunu diqqətə çatdırdı: “Soydaşlarımızın Qərbi Azərbaycan torpaqlarından zorla çıxarılması və etnik təmizləmə siyasətini yerinə yetirənlər beynəlxalq müstəvidə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Ermənistan tərəfi 4 minə yaxın itkin düşmüş soydaşlarımızla bağlı sorğularımıza cavab və minalanmış ərazilərimizlə bağlı heç bir məlumat vermir. Bu isə işğaldan azad olunmuş ərazilərimizə qayıdış və quruculuq prosesini ləngidir”. 

Ombudsman bildirdi ki,  Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan 30 ildir blokada şəraitində yaşayır. Üçtərəfli Bəyanatda öz əksini tapan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında kommunikasiyaların təmin olunması müxtəlif bəhanələrlə təmin olunmur. Səbinə Əliyeva beynəlxalq təşkilatlara səslənərək, Azərbaycana qarşı ədalətli mövqe göstərməyə, Qərbi azərbaycanlıların ləyaqətli və tam təhlükəsiz qayıdışına biganə qalmamağa çağırdı.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova söylədi ki, dəyişdirilmiş toponimləri və mövcud folklor nümunələrini öyrənməklə Qərbi Azərbaycan torpaqlarının tarixən Azərbaycan türklərinə məxsus olduğunu bir daha sübut edən faktlar aşkar edib. Erməni millətçilərinin Qərbi Azərbaycandakı yüzlərlə yer adlarını, tarixi faktları saxtalaşdırması heç nəyi dəyişmir. Çünki Azərbaycan xalqı yaşayır və öz tarixinə sahib çıxır.

Naxçıvanda keçirilən festival və elmi konqresin önəminə diqqət yetirən  alim dedi: “bu qədim diyarda təşkil edilən etnoqrafik təqdimatlar, kütləvi tədbirlər və elmi müzakirələr soydaşlarımızın min illərlə məskunlaşdığı, tarixi sərhədlər daxilində yaratdığı böyük maddi-mənəvi dəyərlərin nümunələrini, Qərbi Azərbaycanda xalqımızın son 2 əsrdə keçdiyi faciələrlə dolu yolun əhatəli mənzərəsini ortaya qoyacaq. Elmi tədqiqatların təkzibolunmaz faktlarla ortaya qoyduğu həqiqətlər  2 əsr müddətində soyqırımı və deportasiya dəhşətləri yaşamış xalqımızın tarixi yaddaşı qoruyub saxladığını sübuta yetirəcək. Bütün bunlar Qərbi Azərbaycana qayıdış hərəkatının elmi-hüquqi əsalarını və siyasi diplomatik təminatını möhkəmləndirəcək.

Festival-konqresin açılış mərasimi bədii hissə ilə başa çatdı.

Qərbi Azərbaycan kulinariyası

Festival-konqres çərçivəsində “Araz” Dövlət Qəbul Evində Qərbi Azərbaycan kulinariyasının təqdimatı oldu. Mərasimdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev, dövlət və ictimaiyyət xadimləri, media təmsilçiləri iştirak edirdilər.

Sərgidə İrəvan mətbəxinə aid 40 adda yemək, 50-yə yaxın şirniyyat və mürəbbə, 30-a yaxın şərbət, doşab, xoşab, 
100-ə yaxın meyvə, quru meyvə və tərəvəz, 50-dən çox müalicəvi bitki, 20 adda qış tədarükü qidası, 13 növdə müxtəlif çay nümunələri nümayiş etdirilib.

Naxçıvan Dövlət Universitetinin tələbələri Qərbi Azərbaycan ənənələri əsasında hazırladıqları səhnəcikləri təqdim etdilər.

Festival – konqresin davamı 

Sonra Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında öz işini davam etdirən festival-konqresdə Qərbi Azərbaycana həsr olunmuş sərgiyə baxış oldu. Ekspozisiyada bu əzəli yurd yerimizə aid ədəbiyyat nümunələri, elmi araşdırmalar, məqalələr toplusu, rəsm əsərləri nümayiş etdirilirdi.

AMEA-nın müxbir üzvü, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri Misir Mərdanov “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin davamında çıxış edərək bildirdi: “Bu gün yaşadığımız qürurlu və sevincli günləri görmək üçün xalqımız 200 ildir ki, yaşadı, yaratdı, zəngin adət-ənənələrini qoruyub saxladı. Vətən müharibəsindəki parlaq Qələbəmiz sayəsində bu günləri görmək bizə nəsib oldu. Bu formatda ilk tədbirin məhz Naxçıvanda keçirilməsi təsadüfi deyil. Ulu öndər Heydər Əliyev başda olmaqla Azərbaycana böyük şəxsiyyətlər bəxş edən Naxçıvan həm də həmin çətin günlərdə Qərbi azərbaycanlı soydaşlarımıza qucaq açıb. Təsadüfi deyil ki, deportasiyaya uğrayan Qərbi azərbaycanlıların böyük əksəriyyəti Naxçıvanda məskunlaşıb”.

Türkiyə Respublikasının Hacettepe Universitetinin rektoru, professor Mehmet Cahit Güran çıxışında Qərbi Azərbaycan torpaqlarının yüz illər boyunca azərbaycanlıların yaşadığı ərazilər olduğunu vurğuladı. Rektor qeyd etdi ki, Ermənistan tərəfindən zaman-zaman aparılan deportasiya siyasəti azərbaycanlıları öz torpaqlarından didərgin salıb, hüquqları tapdalanır: “Bu gün “iki dövlət, bir millət, tək yumruq” müstəvisində bölgədə yeni bir güc yaranıb. Bu güc bizi Qarabağ zəfərinə qovuşdurdu. Əminik ki, yeni reallıqlar Qərbi azərbaycanlı soydaşlarımızın da hüququnu bərpa edəcək, onlar öz doğma yurdlarına dönəcəklər”.

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov bildirdi ki, Prezident İlham Əliyevin dəstəyi ilə Qərbi Azərbaycan İcmasının yaradılması Qarabağ Zəfərindən sonra mühüm mərhələ təşkil edir. İcmanın ötən dövrdəki fəaliyyəti, verilən bəyanatlar, görülən tədbirlər Qərbi azərbaycanlıların ləyaqətli və təhlükəsiz şəkildə yurduna qayıtmasına böyük hüquqi və təşkilati dəstək kimi diqqətəlayiqdir.

Türkiyənin Qazi Universitetinin rektoru, professor Musa Yıldız, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Türkiyənin Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu, Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədri, Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü Abel Məhərrəmov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov və Türkiyə – Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti, professor Aygün Attar da çıxış edərək festival-konqresi Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına elmi yanaşma kimi yüksək qiymətləndirdilər.

Sonda iştirakçılar bədii kompozisiya təqdim edildi.

AMEA Naxçıvan bölməsində

Festival-konqres çərçivəsində AMEA Naxçıvan Bölməsində “Qərbi Azərbaycanın etno-mədəni mühiti: tədqiqlər, xatirələr, faktlar” kitabının təqdimatı keçirildi.

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli  təqdim edilən kitabın elmi-təbliğati önəmini qeyd edərək bildirdilər ki, folklorşünas, dosent Aytən Cəfərova Qərbi Azərbaycandan qaçqın düşmüş, Naxçıvanın müxtəlif güşələrində məskunlaşmış soydaşlarımızla görüşlərindən əldə etdiyi təəssüratları təhlil edərək ümumiləşdirib.

Ölkəmizin və qardaş Türkiyənin görkəmli tədqiqatçılarının  iştirak etdiyi festival-konqres bu gün işini davam etdirir. Keçirilən tədbirlərdə Qərbi Azərbaycana məxsus folklor nümunələrindən ibarət kompozisiyalar, kitab sərgisi, kulinariya və maddi-mədəniyyət nümunələrindən ibarət stendlər, Qərbi Azərbaycana həsr olunmuş mahnı və folklor nümunələrindən ibarət konsert proqramı, Qərbi Azərbaycana həsr edilən filmlərin nümayişi və digər tədbirlər yer alacaq. 

Festival-konqresə aid bütün məlumatların ictimaiyyətə daha əlçatan olması məqsədilə https://qacon23.ndu.edu.az/ saytı yaradılıb.

Tahir AYDINOĞLU,
Səbuhi HƏSƏNOV
XQ

Naxçıvan – Bakı 

 











Sosial həyat