“Gənc Fest” – gənclərin idman bayramı

post-img

Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Su İdmanı Sarayı ərazisində yerləşən Avropa Oyunları Parkında “Gənc Fest” festivalı start götürüb.

Dörd gün davam edəcək və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, gənclərlə görüşünün 30 illiyinə həsr olunan festivala respublikanın müxtəlif regionlarından gənclər qatılıblar. Tədbirin açılış mərasimindən əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İndira Hacıyeva festivalın əhəmiyyətindən danışıb. Gənc nəslin düzgün yetişdirilməsinin ölkə siyasətində mühüm yer tutduğunu bildirən nazir müavini, qeyd edib ki, əsası Ümummilli ­lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətini Prezident ­İlham Əliyev uğurla davam etdirir:

– Gənclərimiz ölkəmizdə cəmiyyətin aparıcı qüvvəsi kimi öndə addımlayır, həyatın bütün sahələrində özlərini doğruldurlar. Bu gün gənclərin bayramıdır. Ulu öndər Heydər Əliyevin gənclərlə görüşünün 30 illiyinə həsr olunan bu festivalın təşkilində əsas məqsəd gənclərimizin daha da inkişaf etməsinə təkan verməkdir. Azərbaycanda bütün sahələr kimi, idman da sürətlə inkişaf edir, idmançılarımız böyük nailiyyətlər qazanırlar. Ötən 30 il ərzində gənclər siyasəti sahəsində böyük işlər görülüb. Bu gün Bakıda, eləcə də, bölgələrdə idmanla məşğul olmaq üçün geniş infrastruktur var. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılıb və bu iş davam edir. Bütün bunlar gənclərin hərtərəfli inkişafı üçün böyük əhəmiyyət daşıyır.

Azərbaycan Gənclər Fondunun icraçı direktor vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov isə vurğulayıb ki, ölkəmizdə gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, onların sağlam həyat tərzinin təşkili hər zaman diqqət mərkəzindədir. Gənclərimiz də dövlət qayğısını daim öz üzərlərində hiss edirlər:

– Gənclərimiz daim öz üzərlərində işləyir, qazandıqları nailiyyətlərlə onlara bəslənilən etimadı doğruldurlar. Regionlarımızda gənclər üçün düşərgələr, seminarlar, festivallar təşkil edilir ki, bu da onların öz  asudə vaxtlarını səmərəli keçirmələri üçün geniş imkanlar yaradır. 

Festivalın ilk günündə effektiv komanda işi, yanğın təhlükəsizliyi, ilkin tibbi yardım, ilkin hərbi hazırlıq və teatr sənəti haqqında təlimlər keçirilib. Növbəti günlərdə isə “Bərpa Olunan Enerji”, “Nüvə Enerjisi”, “Su Çatışmazlığı”, “Texnoloji İnnovasiyalar” kimi ekoloji mövzularda debatların keçirilməsi planlaşdırılıb. Sonda proqramı uğurla başa vurmuş şəxslər müvafiq sertifikat alacaqlar. 

L.AMİN
XQ

 



Sosial həyat