“Qərbi Azərbaycan toponimləri”

post-img

Tarixin bu torpaqlardakı möhürü

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Qərbi Azərbaycan toponimləri” mövzusunda respublika elmi konfransı keçirilib. Tədbirdə Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli “Torpağın dili – toponimlər” mövzusunda çıxış edərək bildirib ki,  toponomika coğrafiya, tarix və dilçiliyin kəsişməsindən yaranan, inkişaf edən bir elmdir, mənşəyinə görə coğrafiyaya borcludur. 

Natiqin sözlərinə görə, toponimlər coğrafi adların etimologiyasının linqvistik mərhələsi kimi tanınmalıdır. Toponimik sistemin etnik təcrübə, xalqın inkişaf tarixinin və həyatının xüsusiyyətləri ilə müəyyən edilən mədəni və tarixi-etnoloji kateqoriyası dünyanın linvistik mənzərəsinin tərkib hissələrindən biridir. 

 Sonra, professorlar Sayalı Sadıqova, İlham Tahirov, İsmayıl Məmmədli, Kifayət İmamquliyeva, Elçin İsmayılov və digər tətqiqatçıların “Göyçə mahalının qədim toponimləri”, “Qərbi Azərbaycan toponimlərinin semantik-sahə strukturu”, “Göyçə mahalının etnotoponimləri”, “Qərbi azərbaycanlıların deportasiyası: şivələr və toponimlər”, “Qərbi Azərbaycan toponimlərinin izi ilə” və s. mövzularında məruzələri dinlənilib. 

 Məruzələrdə qeyd olunub ki, toponimlər xalqın tarixinin dəqiqləşdirilməsində, əcdadlarımızın ulu keçmişi haqqında biliklərin genişlənməsində mühüm rol oynayır, tarixi abidə kimi xalqın formalaşmasını, mənşəyini özündə qoruyub saxlayır. 

Tədqiqatçıların fikrincə, Qərbi Azərbaycanda işlənən toponimlər də azərbaycanlıların  qədimdən yaşadığı yerlərdən biri olduğunu sübut edən faktlardır. Coğrafi adlardan tutmuş toponimlərin formalaşmasında iştirak edən sözlərin hər biri burada yaşayan xalqların tarixini özündə yaşadır. 

Təqdirəlayiq haldır ki, Dilçilik İnstitutunda Toponimika sektorunun əsasında yaradılmış Toponimika şöbəsi Qərbi Azərbaycanda ermənilər tərəfindən adları dəyişdirilmiş toponimlərin bərpası istiqamətində tədqiqatlar aparır.

Konfransda belə bir məqama da toxunuldu ki, Qarabağda zaman-zaman Azərbaycan tarixinə aid toponimlər kütləvi şəkildə dəyişdirilib, işğal dövründə bəzi adlar tərcümə edilib, bəzilərinə isə yeni erməni adları qoyulub. Xoşbəxtlikdən, xalqımızın 44 günlük tarixi savaşdakı parlaq qələbəsindən sonra ermənilərin bu istiqamətdəki saxta fəaliyyətinə son qoyulub. 

Fidan SALMANOVA
XQ

 

Sosial həyat