Köçkün şairin yurd həsrəti

post-img

İsmayıl İmanzadə imzası ötən əsrin 60-cı illərindən ədəbi ictimaiyyət arasında tanınır. Kitablarında onun duyğularını ifadə edən qanadlı misralar oxucu ürəyinə yol tapıb. Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış qələm sahibinin “Ömür muncuq düzümüdür”, uşaqlar üçün yazdığı “Hər çəməndən bir çiçək” və ədəbi yaradıcılığından bəhs edən məqalə və rəylərdən ibarət  “Halal insanın söz halallığı” kitablarının təqdimat mərasimində bu barədə ətraflı danışılıb.

Dünyaya göz açdığı Cəbrayıla qırılmaz tellərlə bağlı olan şairin şeirlərində hər cığırı, hər dolayı ona doğma olan yerlərin mənzərəsi – şəlalənin nəğməsi, çayların şırıltısı, bulaqların zümzüməsi, meşələrin payız pərişanlığı, torağaylı çöllərin yay duyğuları, gənclik illərinin sevdası ilə yanaşı, yurd sevgisi də öz əksini tapıb. Doğma torpağın işğalından sonra Mingəçevirə pənah apararaq  “arzularından özünə dam tikən”, “ağrı-acısına bürünüb yatan”, “Kürü Araz, Bozdağı Diri dağ bilən” şair məcburi köçkün taleyi yaşayıb. Vətən müharibəsində xalqımızın qazandığı möhtəşəm Zəfərdən sonra onun şeirlərinə nikbin ruh, qürur dolu misralar əlavə olunub.   

Doğma yurdu tərk edəndə evinin açarları ilə çıxan və onu əziz bir xatirə kimi özündə saxlayan İsmayıl İmanzadə indi yenidən ata-baba ocağına dönməyə, hər daşını, qayasını, kol-kosunu yaddaşına həkk etdiyi Mərcanlı kəndində çıraq yandırmağa tələsir. Şairin özünün də ­dediyi kimi, axı “ömür muncuq düzümüdür, harda qırıla-qırıla...”

Yazıçılar Birliyin katibi Elçin ­Hüseynbəyli, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, filologiya üzrə fəlsəfə doktoru  Tariyel Abbaslı, şair Musa Ələkbərli  və başqaları şairin yaradıcılıq məziyyətləri, indiyədək işıq üzü görən 30-dan artıq  kitabı barədə bəhs ediblər.  Müəllifin uşaqlar üçün yazdlığı şeirlərdə sadəlik, axıcılıq, dil rəvanlığı ilə yanaşı, etnoqrafik detallar xüsusilə diqqəti cəlb edir. Çıxış edənlər Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri kimi fəaliyyət göstərən  İsmayıl İmanzadənin rəhbərlik etdiyi yaradıcılıq qurumuna çoxlu istedadlı gənc cəlb etdiyini və onların yaradıcılıq məhsullarından ibarət bir neçə almanax və jurnalın çap edildiyini də vurğulayıblar. 

Mərasimin sonunda şair İsmayıl İmanzadə təşkilatçılara və onun yaradıcılığına yüksək dəyər verənlərə minnətdarlığını bildirib. 

Süleyman QARADAĞLI

 



Sosial həyat