Qardaşlığın elmi körpüsü

post-img

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Qırğız–Türk Manas Universitetinin  rektoru, professor Alpaslan Ceylan ilə görüş keçirilib.

Məclisdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Türkiyə və Qırğızıstanın birgə ali təhsil ocağı olan Manas Universitetinin ortaq türk dəyərlərinin qorunması, öyrənilməsi və inkişaf etdirilməsi baxımından fəaliyyətini diqqətə çatdırıb. O, Qırğız–Türk Manas Universitetinin son illərdə Qırğızıstan, Türkiyə və Azərbaycan ali təhsil ocaqları ilə geniş əlaqələr qurduğunu və birgə layihələr həyata keçirdiyini qeyd edib. AMEA ilə də həmin universitetin əməkdaşlığı gözəl nəticələr verir.

Sonra Qırğız–Türk Manas Universiteti haqqında videoçarx nümayiş olunub.  Professor Alpaslan Ceylan Türk tarixinin Anadoludakı mövcudluğu ilə bağlı araşdırmalar apararkən Azərbaycan, Gürcüstan və İran tarixinin də dərindən öyrənilməsi zərurətini nəzərə alaraq, bu ölkələrdə 10 ilə yaxın fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, Qırğız–Türk Manas Universitetinin son 2 ildə dünyanın ilk 1000 universiteti siyahısında yer aldığını və 2025-ci ilədək bu siyahıda ilk ­500-likdə olmasının hədəfləndiyini bildirib.  

Görüşdə Türk ölkələri arasında əsas problemlərdən olan ünsiyyət dili və əlifba birliyi məsələsinə də toxunularaq bu sərhədlərin qısa zamanda aradan qaldırılmasına, türk birliyinin daha da güclənməsinə nail olunacağına əminlik  ifadə edilib.

Ə.DOSTƏLİ 
XQ

Sosial həyat