Amma Heydər Əliyevin hakimiyyətə gəlişi və onun Moskvadakı nüfuzu bunu həyata keçirməyə imkan verməyib
Azərbaycan ədəbi mühitində öz imzası və dəsti-xətti olan görkəmli şair, dramaturq, nasir və publisist, ictimai və dövlət xadimi, Azərbaycan Respublikasının birinci dərəcəli dövlət müşaviri, fövqəladə və səlahiyyətli səfir, Əməkdar incəsənət xadimi Hidayət Orucovla müsahibəmiz davam edir.
(əvvəli ötən sayımızda)
– Hidayət müəllim, bildiyimə görə, Anton Koçinyan Heydər Əliyevin Ermənistanın Azərbaycandan torpaq qoparmaq istəklərini ürəklərində qoyduğunu sonralar hansısa mətbuat orqanına verdiyi müsahibədə də etiraf edib. Belə bir əhvalat olubmu?
–1974-cü ilin noyabrında Anton Koçinyan istefaya göndəriləndən xeyli sonra – 1988-ci ildə Qarabağda separatizm baş qaldıranda, “Qarun” (Azərbaycan dilində “Bahar”) jurnalına müsahibə verir. Orada müxbir ona sual verir ki, “8 il Ermənistana rəhbərlik etmisiniz. Bu müddətdə Qarabağ məsələsi heç qaldırılmadımı?” Koçinyan cavab verir: “Niyə qaldırılmadı, qaldırıldı. Hətta 1968–69-cu illərdə bunu həll etməyə yaxın idik. O vaxt bunu reallaşdırmaq daha asan idi. Amma Heydər Əliyevin hakimiyyətə gəlişi və onun Moskvada yüksək hakimiyyət pilləsində nüfuzu bunu həyata keçirməyə imkan vermədi”.
Bu həqiqət idi, Koçinyan belə millətçi hərəkətlərə cəhd edirdi və bununla erməni milləti qarşısında özünün korrupsiya əməllərini ört-basdır etməyə çalışırdı. Ona görə də Sov.İKP MK Siyasi Bürosunun çox nüfüzlu üzvü, “boz kardinal” ləqəbi almış M.Suslov bir dəfə Anton Koçinyanı Moskvaya çağırıb ona bildirir ki, “bəsdir erməni millətçiliyini təbliğ etdiyiniz, yetər!” Bu irad Koçinyanın yaddaşında sərt şillə kimi qalmışdı...
– Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasından sonra, ümumən, Qərbi Azərbaycandakı soydaşlarımızın həyatında nə dəyişdi, bu hadisənin sizə hansı təsiri oldu?
– Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələn gündən Qərbi Azərbaycanla çox yaxından maraqlanırdı. İrəvanda işləyən azərbaycanlılarla, nomenklatur vəzifələrdə çalışan soydaşlarımızla, ziyalılarımızla imkan daxilində əlaqə yaratmağa çalışırdı, onlara yerlərdə olan münasibəti öyrənirdi, imkan düşən kimi Ermənistan rəhbərliyinə iradlarını bildirir və sözünü deyirdi.
Yaxşı yadımdadır, o zaman Bakıda “Ədəbiyyatların dostluğu xalqların dostluğudur” adı altında böyük bir konfrans keçirilirdi. Ermənistandan Yazıçılar İttifaqının sədri Vardqes Petrosyan gəlmişdi. Heydər Əliyevin onu qəbul etməsi ilə bağlı Ermənistanda az qala əfsanələr dolaşırdı. Çünki Petrosyan Heydər Əliyevin qəbulunda olduğuna və görüş uzandığına görə İrəvana uçan təyyarəni iki saat ləngidib uçmağa qoymamışdılar. Petrosyan qayıdandan dərhal sonra mənə zəng vurdu ki, gəl görüşək. Gedib görüşdüm. Dedi: “Heydər Əliyev sizi yaxşı tanıyırmış. Məndən sizi soruşdu, işlərinizlə maraqlandı”. Dedim: “Heydər Əliyev məni cəmi bir dəfə görüb, inanmıram mən onun yadında qalım”. Petrosyan əlini çiynimə qoyub dedi: “Sən Heydər Əliyevi yaxşı tanımırsan. Mən sənin haqqında danışdım. Sözümü ağzımda qoyub dedi, hə biz də onu izləyirik. Çox maraqlı işlər görür”. Dedi, “Heydər Əliyev sizin teatrınızla, onun binası problemi, burada işləyənlərin sosial vəziyyəti ilə maraqlandı”. Təbii ki, mən qürur hissi keçirdim və elə bil arxamda bir dağ əmələ gəldi. Demək, Ermənistanda biz yiyəsiz deyilik.
Sonra Heydər Əliyevin bizim teatrla maraqlanmasını mənə Ermənistanın mədəniyyət naziri də, Mərkəzi Komitənin katibi də dedi.
– Heydər Əliyev, yəqin ki, hələ Azərbaycanın birinci katibi olanda İrəvanda hər hansı bir tədbirdə iştirak edib və siz bunu görməyə bilməzdiniz. Çünki o zaman siz İrəvan Teatrının direktoru, həm də orda elitada təmsil olunan azərbaycanlılardan idiniz. Ermənilər öz məkr və xislətlərini açıq büruzə verirdilərmi?
– Əlbəttə, Heydər Əliyev İrəvanda bir çox tədbirlərdə iştirak edirdi. Məsələn, 1970-ci ilin payızında Ermənistan SSR-nin 50 illiyi idi. Sov.İKP MK-nın Baş katibi Brejnev də İrəvana gəlmişdi. Təbii ki, Heydər Əliyev də o tədbirdə iştirak edirdi. Həmin tədbirdə Brejnevin çıxışından sonra ən çox alqışlanan Heydər Əliyevin çıxışı oldu. Heydər Əliyev auditoriyanı bir andaca ələ almağı bacarır və xarizması ilə özünə simpatiya aşılayırdı. Məsələn, o tədbirdə Heydər Əliyev çıxışının əvvəlində zala müraciətlə erməni dilində dedi: “Hörmətli yoldaşlar!” Dərhal gurultulu alqışlar qopdu. Bundan sonra onu bir neçə dəfə belə sürəkli alqışlarla müşayiət etdilər. Sonda da ikinci dəfə erməni dilində dedi: “Yaşasın Sovet Ermənistanı”. Alqışlar bir neçə saniyə dayanmaq bilmədi. Bütün bunlara baxmayaraq, artıq zalın baxışından hiss olunurdu ki, qatı millətçilərin içində bir qısqanclıq, paxıllıq, riyakarlıq var.
Onu da deyim ki, Heydər Əliyevin Sovet İttifaqında şöhrəti yayıldıqca ermənilər bundan son dərəcə qəzəblənir və müxtəlif iyrənc, cılız hərəkətlərə yol verirdilər. Məsələn, bir gün Ermənistan Yazıçılar İttifaqının sədri Vardqes Petrosyanı, məşhur yazıçı, SSRİ Dövlət mükafatı laureatı Gevork Emini və bir də məni İrəvan Pedaqoji İnstitutuna görüşə dəvət etmişdilər. Görüş keçiriləcək akt zalı ilə üzbəüz institutun Azərbaycan bölməsi yerləşirdi.
Heydər Əliyev Siyasi Büroya namizəd seçilməmişdən əvvəl, Ermənistanda dövlət müəssisələrində, ali məktəblərdə Siyasi Büro üzvləri ilə yanaşı, namizədlərin portretlərini də divara vururdular. Heydər Əliyev Siyasi Büro üzvü seçiləndən sonra yalnız Büro üzvlərinin portretlərini vurdular ki, nə var-nə var Heydər Əliyevin portreti olmasın. Mən bu institutda estetikadan mühazirələr oxuyurdum deyə, bura tez-tez gəlirdim və burada Heydər Əliyevin portreti var idi. Görüşə gələndə diqqət etdim ki, Heydər Əliyevin portreti yoxdur. Universitetin Azərbaycan bölməsinin dekani, təbii azərbaycanlı müəllim yanımda gedirdi. Ondan soruşdum: “Heydər Əlirzaoğlunun portretini görmürəm?” Dedi: “Bunlar çıxarıblar, indi biz də Heydər Əliyevin o ölçüdə şəklini axtarırıq”. İnstitutun rektoru da mənim sol tərəfimdə gedirdi. Başqa bir sözümüz olmadı. Zala girdik. Rektorun bir tərəfində mən, o biri tərəfində Petrosyan oturmuşdu. Rektor yavaşca mənə tərəf əyilib dedi: “Sizin dekanla söhbətinizi eşitdim. Siz elə şeylərə fikir verməyin. Hansısa axmaq o şəkli ordan çıxarıb... Mən özüm tapşıraram Heydər Əliyeviçin portretini gətirib ora vuracaqlar”. Mən də sözümü deməliydim, amma lazımi tərzdə. Dedim: “Yox, mən ona bir söz demirəm, amma belə bir təhsil müəssisəsində hansısa axmağın portreti ordan salması təəssüf doğurur. Fikirləşirəm 30 il Mikoyanın şəkli bizim başımızın üstündə olub. Bir azərbaycanlı onu divardan qoparıb düşürməyib. Siz elə bilirsiz bizim içimizdə axmaq yoxdur, var. Amma heç kim bunu etməyib”. Rektor qızardı, bozardı, amma bu iradı zəhər kimi uddu.
Açığını deyim ki, Heydər Əliyevə və mənə olan münasibət bununla bitmədi. Mənə söz verdilər, danışdım və sonda zala müraciət edib dedim, “ kimin sualı varsa qalxıb birbaşa şifahi verə bilər”. Son kurs tələbəsi, ya da aspirant olan gözəl bir qız yerindən qalxıb dedi: “Yoldaş Hidayət, Siz Leninə, Stalinə, Xruşova və Brejnevə necə baxırsınız?” Dərhal hiss etdim ki, bu sual Heydər Əliyevə yönəlik bir sualdır. Dedim: “Bilirsiniz, mən teatrda işləyirəm, mənim leksikonumda teatr terminləri çoxdur. Lenin dramatik qəhrəmandır, Stalin faciəvi qəhrəmandır, Xruşov komik qəhrəmandır. (Hamı diqqət kəsilib, Brejnev haqqında nə deyəcəyimi gözləyir.) O ki qaldı Brejnevə..., onu sonra deyərəm”. Zal sükuta daldı və bir neçə saniyədən sonra alqışladılar.
– Elə bilirəm Heydər Əliyevin artan nüfuzu erməniləri elə də rahat buraxmazdı. Bunu hansısa formada daha necə və hansı miqyasda büruzə verirdilər?
– Təbii, ulu öndərin nüfuzu artdıqca ermənilərin ona qarşı qəzəbi də artırdı və bunu gizlədə bilmirdilər. Bir dəfə xidməti avtomobilimdə Basarkeçərə gedirdim. Sürücüm bir erməni idi. Kamo (köhnə adı Kəvərdir) yaşayış məntəqəsindən çıxıb qarşıdakı dərədən yuxarı qalxırdıq. Baxdım ki, yol göstəricisinin üstündə bir şəkil vurublar. Elə bil ürəyimə damdı və öz-özümə dedim: “Birdən Heydər Əliyevin şəkli olar”. Maşını saxlatdırdım. Düşüb 50-60 metr geridə qalan bu yol göstəricisinə yaxınlaşdım. Gördüm Heydər Əliyevin şəklidir, üzünə palçıq vurub, asıblar. Əslində bu azərbaycanlılara sataşmaq üçün edilmiş bir hərəkət idi. Şəkli ordan götürüb gətirib maşına qoydum. Həmin o erməni sürücü neçə dəfələrlə belə epizodların şahidi olub, elə ermənilərin ünvanına söyə-söyə şəkili qoparıb gətirib maşına qoyub. Əslində bu erməni cılızlığının, paxıllığının aydın bir göstəricisi idi.
...1982-ci il noyabrın 10-da Sov.İKP MK-nın Baş katibi Brejnevin vəfatı xəbəri yayılanda, bütün Ermənistan bunu bayram kimi qarşıladı. Hətta onun şəkillərini tramvayların arxasına vurmuşdular, ictimai yerlərdə onu məsxərəyə qoyurdular. Onların gözündə Brejnev Heydər Əliyevin Moskvadakı dayağı sayılırdı və ona görə belə edirdilər. Bütün bunlar, əlbəttə Heydər Əliyevin böyüklüyünü və ermənilərin onun qarşısında acizliyini göstərən faktlar idi. Onlar o zaman başa düşmüşdülər ki, Heydər Əliyev nə qədər vəzifə başındadır, Azərbaycana qarşı məkrli planlarını həyata keçirə bilməyəcəklər.
– Hidayət müəllim, 1987-ci ildə Heydər Əliyev Qorbaçovun namərdcəsinə təzyiqləri altında hakimiyyətdən uzaqlaşdırılmasaydı, ermənilər Qərbi Azərbaycandakı soydaşlarımızı deportasiya edə bilərdilərmi? Ümumiyyətlə o, iş başındaykən erməni separatizmi Azərbaycana qarşı böyük təcavüzə çevrilərdimi?
– Birmənalı şəkildə deyirəm ki, mümkün deyildi. Bilirsiniz, bunu mən dünən, bu gün demirəm. Hələ erməni separatizmi tüğyan edən illərdə, Azərbaycana qarşı erməni təcavüzü böyük miqyas alanda yazırdım və deyirdim ki, əgər Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırılmasaydı, xalqımız 1990-cı illərdə qarşılaşdığı faciələrlə üzləşməzdi. Heydər Əliyevi 1987-ci ilin noyabrında, Oktyabr inqilabının 70 illiyində istefaya getməyə məcbur etdikdən iki həftə sonra Qorbaçovun köməkçisi Aqanbekyanın Fransanın “Humanite” qəzetindəki məlum məqaləsi dərc edildi və bu məqalə Ermənistanın Azərbaycana qarşı bütün cəbhə boyu hücuma keçməsinə sanki bir işarə oldu.
Yaxşı xatirimdədir, Dağlıq Qarabağ Muxtar Vilayətinin 50 illiyi tədbirində Heydər Əliyev çıxış etdi və ağzınacan ermənilərlə dolu olan zalda cəsarətlə bəyan etdi ki, “bəziləri deyirlər guya Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistana verilməlidir. Bu absurddur və bunun heç bir əsası yoxdur. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və həmişə də belə olacaq”. Orada oturan azərbaycanlılar bir yana qaldı, ermənilərin gurultulu və sürəkli alqışları ərşə ucaldı. Belə olan halda mümkün olardımı ki, Heydər Əliyev hakimiyyətdə olsun, ermənilər at oynatsınlar? Əlbəttə yox.
Yeri gəlmişkən, bu hadisələrlə bağlı bir əhvalatı da danışım. O zaman Xankəndidə separatçı hərəkat baş qaldıranda məni də ora göndərdilər. Şəhərə çatanda bildim ki, Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov da buradadır. Baxdım ki, Vilayət Partiya Komitəsinin qarşısındakı meydanda 10-15 min erməni toplaşıb. Bunların hərəkətlərindən görünürdü ki, yaxşı hazırlıq keçiblər. Erməni yazıçı, əslən qarabağlı olan, amma Bakıda yaşayan Levon Adyan da Xankəndiyə gəlmişdi. Partiya komitəsinin binasında qarşılaşdıq. Açıq millətçi deyildi, amma sonradan məlum oldu ki, o da qatı millətçiimiş. Görüşdük, hadisələrlə bağlı fikir mübadiləsi apardıq. Soruşdum: “Bunu kimlər təşkil edib belə? Sənin məlumatın olmamış deyil”. Dedi: “Bütün bunları aqrapromun sədri maliyyələşdirir. Çox imkanlı adamdır”. Sonra Levon meydanı mənə göstərib dedi: “Heydər Əliyeviç burada olsaydı, özü çıxıb bu meydanı dağıdardı”. Yəni bəyənmədiyimiz erməninin yazıçısı da bunu deyirdi.
Levon harasa getdi, mən də buranın birinci katib oturan mərtəbəsinin foyesində pəncərədə durub meydanı müşahidə edir və düşünürdüm, namərd dünya, Heydər Əliyevin hakimiyyətdə olmayan günləridir, bunlar belə meydan sulayırlar. Bu məqamda Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov Gevorkovun kabinetindən çıxıb mənə yaxınlaşdı. Bir az da gərgin vəziyyətdə rus dilində soruşdu: “Orada nə qışqırırlar?” Dedim: “Deyirlər Ermənistana birləşək”. Dedi: “Nəsə oxşamır...” Dedim: “Erməni dilində “miatsum” birləşmək deməkdir də”. Ayılan kimi oldu, qayıtdı: “Hə, doğurdan, axı, Siz erməni dilində bilirsiniz...” Bir qədər sükuta daldı və sual verdi: “Yaxşı biz neyləyək ki, qırğına yol verməyək?” Mən, yalan olmasın, 15 dəqiqə buna bütün məslələri təfsilatı ilə danışdım. Dedim: “Bu meydan bu gün-sabah dağıdılmalıdır. Burada komendant saatı tətbiq edilməlidir. Qərbi Azərbaycanda yaşayan ərazilərdə komendant saatı tətbiq edilməlidir. Qan tökülməsini istəmiriksə, bunlar olmalıdır”. Üç-dörd dəfə təkrar soruşdu: “Neyləyək ki, qan tökülməsin?” Mən dediyimin üstündə dururdum. Bir anlıq mənə diqqətlə baxıb yenidən birinci katibin kabinetinə qayıtdı...
Bir saat sonra Kamran Bağırov çıxıb meydandakılara elan etdi ki, Vilayət Partiya Komitəsinin bürosu qərar verib, bu gün plenum çağırılsın və birinci katib Gevorkov vəzifəsindən azad edilsin. Meydanda alqış sədaları qalxdı, papaqlar göyə tullanır, şadyanalıq daha necə. Bir neçə dəqiqədən sonra meydan sakitləşdi ki, görək Kamran Bağırov daha nə deyəcək. O sözünə davam edib dedi: “Vilayət Partiya Komitəsinin bürosu tövsiyə edir ki, Poqosyan hansısa gorbagor oğlu Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsinə namizəd irəli sürülsün”. Levon da gəlib yanımda durmuşdu, soruşdum: “Bu Poqosyan kimdir?” Bu dəfə qürurunu gizlətməyib dedi: “Aqrapromun sədridir də”. Mən dəhşətə gəldim və elə tez-tələsik orada tanıdığım Azərbaycan rəhbərliyindən qabağıma çıxan-çıxana bu Poqosyanın kim olduğunu bildirdim. Amma çifayda, məni eşidən olmadı...
(ardı var)
İlqar RÜSTƏMOV,
Əməkdar jurnalist


