Dünya Bankı ölkəmizdə gerçəkləşdirilən beynəlxalq layihələri dəstəkləyir

post-img

“Yaşıl enerji”nin 2030-cu ilədək 30 faizə çatdırılmasına xüsusi önəm verilir

Prezident İlham Əliyev Dünya Bankının (DB) respublikamızda həyata keçirdiyi texniki yardım və maliyyə dəstəyi layihələrini daim yüksək qiymətləndirir. Uzun illər ərzində ölkəmizin DB ilə əlaqələrində özəl sektorun diaqnostikası, innovasiyalar, idarəetmə texnologiyalarının inkişafı və digər sahələrdə əlaqələrin getdikcə möhkəm-lənməsi, qabaqcıl beynəlxalq təcrübənin tətbiqinə xüsusi önəm verilməsi daha qabarıq nəzərə çarpır. DB-nin Azərbaycanla son dövrdəki çoxşaxəli əməkdaş-lığında isə regional və beynəlxalq əhəmiyyətli enerji layihələrinə davamlı dəstəyi xüsusi diqqət çəkir. 

Maliyyə institutu Azərbaycanla apardığı dənizdə külək enerjisinin istehsalına dair Yol Xəritəsi, ölkə­mizdə elektrik enerjisi bazarının inkişafı, enerji səmərəliliyi, uzun müddətli enerji və iqlimlə bağlı planları, həmçinin yeni əməkdaş­lıq imkanlarına dair müzakirələrdə fəal iştirak edir. Bütün bu istiqamət­lərin dekarbonizasiya prosesini əhatə etdiyi və ölkənin 2050-ci ilədək karbon emissiyalarının 40 faizədək azaldılmasının hədəflədiyi vurğulanır. Eyni zamanda, DB-nin həyata keçirilən və planlaşdırılan bərpaolunan enerji layihələrinin respublikamızın qlobal enerji keçidi prosesinə milli səviyyədə töhfəsini gerçəkləşdirir. 

Energetika naziri Pərviz Şah­bazov bununla bağlı deyib: “Bu xüsusda, dövlət başçısı tərəfindən sosial-iqtisadi inkişafın başlıca meyarlarından biri kimi müəyyən­ləşdirilən “yaşıl artım“ ölkəsinə çevrilməklə bağlı tədbirlər mühüm rol oynayır. Cənub Qaz Dəhlizi layihəsinin nümunəsində olduğu kimi, DB ilə birgə əməkdaşlığımız əsasında dənizdə külək enerjisi po­tensialından istifadə etməklə “yaşıl enerji”ni də müxtəlif formalarda və müxtəlif marşrutlarla Avropaya ixrac edə bilərik”.

Energetika naziri Pərviz Şahba­zov ilə DB-nin enerji və infrastruktur üzrə regional direktoru Çarlz Cozef Kormier arasında oktyabrın 30-da keçirilən görüşdə də bu barədə ətraf­lı danışılıb. Energetika Nazirliyindən redaksiyamıza daxil olan məlumatda həmin görüşdə Azərbaycanın təbii qaz və bərpaolunan enerji sahələri­nin inkişafına dair siyasətinin hazırkı vəziyyəti çərçivəsində DB ilə əmək­daşlığın inkişafının müzakirə edildiyi bildirilib. Bu beynəlxalq maliyyə qu­rumunun apardığı təhlillər əsasında qaz tədarükünə tələbat və mövcud sahəyə investisiya cəlbinin pers­pektivi haqqında ətraflı bəhs edilib. Görüşdə, eyni zamanda, respublika­mızın enerji keçidi istiqamətində fəa­liyyəti və bərpaolunan enerji mən­bələrinin payının 2030-cu ilədək 30 faizə çatdırılması hədəfinin reallaş­dırılması ilə bağlı da fikir mübadiləsi aparılıb. Söhbət əsnasında diversi­fikasiya layihəsi sayəsində Cənub Qaz Dəhlizinin genişləndirilməsinin əhəmiyyəti, bu xüsusda maliyyə ins­titutları ilə əməkdaşlığın gücləndiril­məsi, bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində DB ilə birgə reallaşdırılan layihələrin əhəmiyyəti də vurğulanıb. 

Yeri gəlmişkən, bu gün respubli­kamız bərpaolunan enerji layihələri­nin reallaşdırılmasını diqqət mərkə­zində saxlayır və bununla bağlı dünyanın nüfuzlu maliyyə qurum­ları ilə əməkdaşlığını genişləndirir. Məsələn, Beynəlxalq Maliyyə Korpo­rasiyası (IFC) ilə dənizdə külək ener­jisindən istifadə üzrə Yol Xəritəsi çərçivəsində, eləcə də “Azərbaycan üçün Çevik Texniki Yardım Proqra­mının (AZTAF) enerji səmərəliliyi komponenti üzrə məsləhətçi xidmət­lərinin göstərilməsi”, “Azərbayca­nın enerji sistemində bərpa olunan enerji güclərinin genişləndirməsinə dəstək” layihələri üzrə əməkdaş­lıq edir. Eyni zamanda, 1862 MVt gücündə bərpaolunan enerji stan­siyalarının şəbəkəyə inteqrasiyası məqsədilə elektrik enerjisi sisteminin gücləndirilməsi ilə bağlı Dövlət Proq­ramı hazırlanması üzrə iş gedir. 

Energetika naziri Pərviz Şahba­zov DB-nin enerji və infrastruktur üzrə regional direktoru ilə fikir mü­badiləsi zamanı “Gürcüstan–Ru­mıniya Qara dəniz sualtı enerji və rəqəmsal qoşulma xətti” layihəsinin texniki-iqtisadi əsaslandırılması pro­sesində iştirak edən DB ilə “yaşıl enerji”nin “Xəzər-Avropa İttifaqı (Aİ) Yaşıl Enerji Dəhlizi” və Naxçıvan üzərindən Türkiyə-Avropa xətti ilə ötürülməsi, həmçinin digər potensial istiqamətlər üzrə də əməkdaşlıq im­kanlarını yüksək dəyərləndirib.

Azərbaycanın bərpaolunan enerji layihələrinin icrası DB Qrupu­nun üzvü Beynəlxalq Maliyyə Korpo­rasiyası (IFC) tərəfindən də daim dəstəklənib. Energetika Nazirliyi ilə bu korporasiya arasında respublika­mızda dənizdə külək enerjisi resur­sundan istifadə üzrə əməkdaşlığa dair 2021-ci il aprelin 14-də Anlaşma Memorandumu imzalanıb. Sənəddə ölkəmizdə bərpaolunan enerji mən­bələrindən istifadənin təşviqi, həm­çinin energetika sektorunun maliyyə davamlılığı və səmərəliliyinin artı­rılması üçün bu sahədə özəl sekto­run iştirakının dəstəklənməsi kimi ümumi məqsədlərin reallaşdırılması nəzərdə tutulub. 

Memoranduma əsasən, IFC ilə əməkdaşlıq Azərbaycanda dənizdə külək enerjisi potensialının qiymət­ləndirilməsini və yol xəritəsinin işlə­nib hazırlanmasını, növbəti mərhələ­də isə dənizdə müvafiq layihələrlə bağlı tenderlərin təşkili, özəl sektorla tərəfdaşlığın müəyyənləşdirilməsi, yardımçı investisiyaların həyata ke­çirilməsi kimi dəstəklər önə çəkilir. 

Anlaşma Memorandumu ilə nəzərdə tutulan bütün bu işlər IFC-nin “Dənizdə Külək Enerjisinin İnki­şafı Proqramı” çərçivəsində yerinə yetirilir. Bu proqram DB Qrupunun təşəbbüsü olan “Enerji Sektorunun İdarə edilməsində Yardım Proqra­mı”–ESMAP çərçivəsində maliy­yələşdirilir.

Bütün bu təşəbbüslərin gerçək­ləşdirilməsinin nəticəsidir ki, son illər ərzində təkcə neft-qaz sektorunda deyil, eyni zamanda, bərpaolunan enerji sahəsində də nəzərəçarpa­caq uğurlar əldə edilir. Bunun bir səbəbi vurğulandığı kimi, Azərbay­canın bu istiqamətdə beynəlxalq maliyyə institutları ilə sıx əmək­daşlığı ilə bağlıdırsa, digər səbəbi ölkəmizin zəngin bərpaolunan enerji potensialına malik olması ilə əlaqə­dardır. Xatırladaq ki, respublikamı­zın Xəzər dənizində təsdiqlənmiş 157 QV, quruda isə 135 QV külək enerjisi potensialı, ümumilikdə, 290 QV-dan çox bərpaolunan enerji eh­tiyatı var. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları da alternativ və bərpaolunan enerji mənbələri ilə diqqət çəkir. Təsadüfi deyil ki, dövlətimizin başçısının iş­ğaldan azad olunmuş ərazilərlə bağ­lı müəyyənləşdirdiyi iqtisadi inkişaf kursunda həmin iqtisadi ərazilər “ya­şıl enerji” zonasına çevriləcək əsas istiqamətlərdən biri hesab olunur.

Prezident İlham Əliyev çıxışları­nın birində Qarabağ və Şərqi Zən­gəzur iqtisadi rayonlarında alternativ və bərpaolunan enerji mənbələri ilə bağlı deyib: “İstər hidro, istər külək enerjisi sahəsində həm Gürcüstan­da, həm də Azərbaycanda, o cümlə­dən Qarabağda böyük potensial var. Artıq dediyim kimi, biz 25 qiqavat enerjini istehsal etmək məqsədilə bərpaolunan enerji sahəsində məş­hur olan bir neçə əsas beynəlxalq şirkətlə müqavilə və anlaşma me­morandumları imzalamışıq. Onun təxminən 500 meqavatı üçün artıq tikinti işləri gedir. 230 meqavatlıq güclərin açılışını biz bir neçə ay ər­zində planlaşdırırıq. 700 meqavat­dan artıq günəş və külək enerjisini biz ola bilsin, maksimum 2025-ci ilə qədər təmin edəcəyik. Qalan güclə­rin yaradılması plandadır. Bir sözlə, gələcəyimizin böyük üfüqləri var və biz hər zaman bir yerdə olmalıyıq”.

Mirağa ƏHMƏDOV,
iqtisadçı-ekspert

İşğaldan azad olunmuş əra­zilərdə 4 min MVt-dan artıq günəş, 500 MVt-dək külək ener­jisi potensialının mövcud olma­sı əsasında aparılan quruculuq işlərində məhz “yaşıl enerji” la­yihələrinə üstünlük verilir. Eyni zamanda, Qarabağ Azərbaycan­da yerli su ehtiyatlarının forma­laşdığı əsas rayonlardan biridir. 

Bu istiqamətdə “yaşıl elekt­rik” enerjisinin istehsal gücləri­nin bərpası çərçivəsində Laçın, Kəlbəcər və Suqovuşanda 20,2 MVt gücündə 4 su elektrik stan­siyasının bərpası başa çatdırılıb və artıq istismara verilib. Belə ki, Həkəri çayı üzərində yerləşən 8 MVt gücündə “Güləbird” SES, Tərtər rayonu ərazisində yer­ləşən 4,8 MVt gücündə “Suqovu­şan-1” və 3 MVt “Suqovuşan-2” kiçik su elektrik stansiyaları, o cümlədən 4,4 MVt gücündə “Kəl­bəcər-1” kiçik su elektrik stan­siyası işğaldan azad olunmuş sahələrin və bu ərazilərdə həya­ta keçirilən infrastruktur layihələ­rinin elektrik enerjisi ilə təmin olunmasını gerçəkləşdirib. 

Regiondakı digər mühüm enerji obyektləri Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində inşası hazırda davam etdirilən və qoyuluş gücü 200 MVt olan “Xu­dafərin” və 80 MVt olan “Qız Qa­lası” su elektrik stansiyalarıdır. Hər iki su elektrik stansiyasının tikintisi hazırda davam etdirilir və inşasının 2-2,5 il ərzində yekun­laşdırılması nəzərdə tutulur.

Bütün qeyd olunan layihələr, imzalanmış müqavilələr, plan­laşdırılan layihələr Azərbaycanın enerji strategiyasının nə dərə­cədə uğurlu olduğunu, ölkəmi­zin etibarlı enerji tərəfdaşı kimi mövqeyinin nə dərəcədə möh­kəmləndiyini göstərir. Bunun nəticəsidir ki, daha çox dövlət Azərbaycanla əlaqələrini inkişaf etdirməyə, onun enerji resursla­rına çıxış əldə etməyə çalışır.

“Yaşıl enerji” zonasının ya­radılması ilə bağlı 2022-2026-cı illəri əhatə edən tədbirlər təkcə bərpaolunan enerjinin inkişafı ilə məhdudlaşmır, enerji keçidinin bütün komponentləri üzrə fəa­liyyəti təşviq edir. Bu çərçivədə azad olunmuş ərazilərdə ümumi gücü 636 KVt olan Arximed qur­ğusu, 200-dən çox fərdi yaşayış evində günəş kollektoru, 170-dən çox binada günəş paneli, ictimai və sosial binalarda ümu­mi gücü 800 kVt-dan çox olan günəş enerjisi sistemləri, 2300-ə yaxın LED lampa ilə təchiz olu­nub və günəş enerjisi əsaslı, enerji səmərəli işıq dirəkləri, “ağıllı” dayancaqlar, elektrik dol­durma məntəqələri quraşdırılıb.

Bütün bunlar davamlı proses­lərdir və bütün səylər bu inno­vativ təcrübənin geniş tətbiqinə, azad edilən əraziləri enerji səmərəliliyində nümunəvi böl­gəyə çevirməyə səfərbər olunub.

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat