İlin əvvəlindən vergi daxilolmaları 12,8 milyard manata çatıb

post-img

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz çoxdur

Azərbaycanda iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət–müəyyənləşdirilən hədəfə nail olmaq üçün dövlət tərəfindən dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsinin, o cümlədən inzibati qayda və prosedurların təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, beynəlxalq standartlara uyğun elektron xidmətlərin göstərilməsi kimi kompleks tədbirlər həyata keçirilir. Bütün bunların nəticəsində qeyri-neft sektorunun inkişafında əhəmiyyətli irəliləyişlərə nail olunur.

Son illərdə bütün bu istiqamət­lərdə gerçəkləşdirilən təşəbbüslər ölkəmizin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xa­rici investorlar üçün cəlbediciliyini daha da artırıb, sahibkarlıq sahə­sində sürətli inkişafın davamlılığını təmin edib və rəqabət qabiliyyətini möhkəmləndirib, eyni zamanda, beynəlxalq reytinqlərdə Azərbay­canın mövqeyini daha da yaxşı­laşdırıb.

Azərbaycanda hazırda “köl­gə iqtisadiyyatı”nın azaldılması məqsədilə vergi qanunvericiliyin­də dəyişikliklər edilməklə yanaşı, vergi inzibatçılığında da mütəmadi olaraq təkmilləşdirmələr aparılır. Bu, dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsini, ver­giödəyicilərinə xidmətlər çeşidinin artırılmasını və özəl bölmədə biz­nesin fəaliyyətinə səmərəli şəraitin yaradılması şərtləndirir. 

Vergi orqanları tərəfindən icti­mai əməkdaşlıq nöqteyi-nəzərin­dən bir sıra əhəmiyyətli tədbirlər platforması da yaradılıb. Sahibkar­lar, onların ictimai birlikləri, asso­siasiyalar və ekspert cəmiyyəti ilə mütəmadi görüşlər çərçivəsində qarşılıqlı əlaqələr genişləndirilib. Bu görüşlərdə səsləndirilən bir çox rasional təkliflərin reallaşdırılması ilə biznes mühiti daha da təkmil­ləşdirilib. Bununla da sahibkarlıq fəaliyyətini təşviq edən alətlər ar­tıb, Vergi Məcəlləsində müxtəlif dəyişikliklər edilib və fiskal maraq­lar iqtisadi inkişafla uzlaşdırılıb. 

Dövlət Vergi Xidmətinin məlu­matına görə, həyata keçirilən təd­birlər nəticəsində bu ilin 9 ayında 12,8 milyard manat vergi daxilol­ması təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz çoxdur. Keçən ilin müva­fiq dövrü ilə müqayisədə hesabat dövründə məcburi dövlət sosial sı­ğorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə yığımla­rın həcmində də yüksək göstəri­cilər diqqət çəkir:

–məcburi dövlət sosial sığorta haqları üzrə 3,8 milyard manat və­sait Dövlət Sosial Müdafiə Fondu­nun büdcəsinə köçürülüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqa­yisədə 14 faiz çoxdur;

–işsizlikdən sığorta haqları üzrə 132,8 milyon manat vəsait toplanıb. Bu, keçən illə müqayisə­də 15 faiz artıq vəsait deməkdir;

–icbari tibbi sığorta haqları üzrə isə 683 milyon manat vəsa­it aidiyyəti fonda ödənilib ki, bu da ötən illə müqayisədə 15,3 faiz əlavə vəsaitdir. 

Ümumilikdə, Dövlət Vergi Xidməti tərəfindən qeyd edilən istiqamətlər üzrə yığımlar 17,4 milyard manat olub ki, bu da ölkə üzrə ümumi fiskal yığımların 80 fa­izini təşkil edib.

Bütün bunlarla yanaşı, qey­ri-neft sektoru üzrə vergi daxilol­maları 7 milyard 425 milyon ma­nat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz çoxdur. Başqa sözlə, bu, proqnozdan artıq 415,5 milyon manat əlavə vəsaitin yığılması deməkdir.

Hesabat dövründə qeyri-neft sektorunda ÜDM-in nominal artım tempi 11,6 faiz olduğu halda, qey­ri-neft sektoru üzrə vergi daxilol­malarının nominal artım tempi 19,3 faizə yüksəlib. Nominal artım tem­pi üzrə verginin ÜDM-i üstələməsi 7,7 faiz artıb, bu da iqtisadiyyatda şəffaflaşmanın və “boz zona”da olan gəlirlərin vergiləndirilməsinin bariz göstəricisidir.

Qeyri-neft sektoru üzrə dövriy­yələrin həcmi 9,2 faiz, qeyri-neft sektorunda ƏDV üzrə dövriyyə­nin həcmi 9 faiz artıb. Elektron qaimə-faktura üzrə dövriyyələrin həcmi isə 22 faiz çoxalıb.

Ölkədə fəal vergiödəyicilərinin sayı 5,7 faiz artaraq 750 min nəfə­ri keçib. Fəal ƏDV ödəyicilərinin sayı 11 faiz, fəal obyektlərin sayı isə 6,8 faiz artıb.

XQ

İqtisadiyyat