Qərbi Azərbaycan harayı dünyada da səslənməlidir

post-img

Xalq TV-nin növbəti müsahibi ilə söhbətin mövzusu soydaşlarımızın Qərbi Azərbaycan torpaqlarından zaman-zaman qovulması, onların soyqırımı və deportasiyalara məruz qalmasıdır. 

Qonağımız bizimlə görüşə kitabları ilə gəlmişdi. Onları vərəqlədik. Bir anlıq gözlərimiz qarşısında qan yaddaşımızın səhifələri açıldı. Nə yaxşı ki, Vətənimizin döyüşkən oğulları kimi, hər qarışından, tarixindən, mənəvi dəyərlərindən kitablar yazan ziyalılar nəsli də var.

Beləliklə, müsahibimiz Qərbi Azərbaycanın Dərələyəz mahalının Qabaxlı kəndindən 1988-ci ildə deportasiya olunmuş Akif Şahbazovdur. 

İxtisasca iqtisadçı olan Akif müəllim söhbətə Vətənli günlərindən başladı:

– Ömrümün 18 ili Dərələyəz mahalının Qabaxlı kəndində keçib. 1976-cı ildə kəndimizdə orta məktəbə getmişəm. 1986-cı ildə orta təhsilimi əla qiymətlərlə başa vursam da, erməni müəllimləri mənə qızıl medal vermədilər. İndi mən bunu deməklə sizə zədələnmiş bir ömrün yaşantılarından bəhs edirəm. On illik zəhmətimin bəhrəsini – “qızıl medal”ımı həsrətlə gözləsəm də, azərbaycanlıların uğurlarına min cür fitnə-fəsadla sədd çəkən daşnak nəvələri yüzlərlə qızıl medala layiq olan azərbaycanlı kimi məni də bu sevincdən məhrum etdilər.  Onlar bu siyasətləri ilə bizim kimi gəncləri mənəvi cəhətdən sındırmaq istəyirdilər. 

– Bu, xain qonşumun xisləti idi, düşmənçilikdən irəli gəlirdi. 

– Əlbəttə, tək Dərələyəz mahalında deyil, Qərbi Azərbaycan orta məktəblərinin hamısında azərbaycanlılara qarşı xainlik hökm sürürdü. 

Həmin illərdən anladım ki, harada erməni varsa, bizim uğurlarımıza sipər çəkir. Çox şeydən isə xəbərsiz idik... Nə biləydik ki, dədə-babalarımızın bizə əmanət qoyduğu yurd yerlərimizdən didərgin düşəcəyik, əliyalın vəziyyətdə dağa-daşa pənah aparacağıq… 

1987-ci ildə Sovet Ordusuna hərbi xidmətə çağırıldım. Moskva vilayətinin Serkov şəhərində hərbi xidmətdə idim. Doğulduğum kənddən, yaşadığım mahaldan, valideynlərimin ağrı-acısından, erməni faşistlərinin qanlı ssenarilərindən xəbər tutduqca odlanırdım. 1988-ci ildə əsgəri xidmətimi başa vuranda isə Dərələyəz mahalından elim-obam, valideynlərim sürgün olunaraq Sumqayıt şəhərinə pənah gətirdi. 

Əsgəri xidmətimin son günlərində Vətənimə qarşı erməni daşnaklarının soyqırımı siyasəti haqqında eşitsəm də, aldığım acı xəbərlərə inana bilmirdim. Düşündüm ki, mən Sovet Ordusunda xidmət edirəm, bəs bu ordu niyə azərbaycanlıları qorumur? 

Yüz illər boyu İrəvan mahalında yaşayan Azərbaycan türkləri öz torpaqlarında nəyə görə vəhşicəsinə qətlə yetirilməli idi? Mən hazırlaşırdım ki, elimə-obama gedim, amma qaçqınlıq alın yazım oldu. Torpaq itirməkdən böyük dərd varmı dünyada? Bu ağrı-acı 35 ildir ki, ürəyimizdə sağalmaz yaradır. 

– Çox təəssüf ki, 70 il milyonlarla Azərbaycan gəncinin qulluq etdiyi sovet ordusu nəinki onları qorumadı, hətta ermənilərə hərbi dəstək verdi. Belə bir vəziyyətdə bizə xalqlar dostluğu barədə nəğmə oxutdururdular. Azərbaycan türklərinin başına gətirilən müsibətlər zaman-zaman yaşanıb və unutdurulub.

– Bəli, Qərbi Azərbaycanın yerli əhalisinin – azərbaycanlıların 1988-ci ilə qədər qarşılaşdığı faciələrin tarixi xalqımızdan gizlədilib. Daha doğrusu, böyük siyasətlərin nəticəsində gerçək tariximizi öyrənə bilməmişik. Bu gün ziyalılarımız, tarixçilərimiz əllərindəki qələmi bir an belə yerə qoymamalıdırlar. Bunu bizdən zaman, tarixi şərait tələb edir. Gördüyünüz bu kitablara diqqət edin. Xalqımız erməni faşistlərinin tarixən törətdiyi qırğınlar haqqında mükəmməl biliyə malik olmalı və gələcək nəsillər üçün kitab küliyyatı hazırlamağı qarşılarına məqsəd qoymalıdırlar. Hər kəs doğulduğu yurd yerinin xəritəsini, dialekt və şivələrini, toponimlərini öyrənməyi özünə Vətən borcu bilməlidir. Həmin torpaqlar bizimdir! Yolumuzu gözləyir. 

Qərbi Azərbaycanın görkəmli ziyalılarından biri, filologiya elmləri doktoru, professor, mərhum millət vəkili Həsən Mirzəyevin ürək yanğısı ilə yazdığı kitablar külliyyat halında Dərələyəz camaatının hər birinin evində masalarının üstündə olmalıdır. Haylar olmayan tarix uydurub bütün dünyanı gəzdirirlər. Biz isə tarixi həqiqətlərimizi yazıb, bütün bəşəriyyətə səs salmaqda gecikmişik. Qan yaddaşımıza laqeydliyimiz bizə baha başa gəldi. Hər bir əli qələm tutan ziyalı doğulduğu yurd yeri haqqında yazmalı, həmin tarixi torpaqların xəritəsini bugünkü və gələcək nəsillərə öyrətməlidirlər. Vətən naminə vətəndaşlıq missiyasını hər birimiz öz üzərimizə götürməliyik. 

– Sizcə, daha nələri etməliyik?

– Əlbəttə, 1905 –1907, 1918 –1920, 1948–1953 və 1988-ci illərdə xalqımıza qarşı xüsusi hazırlanmış qanlı ssenarilər, bu faciələrin başvermə səbəbləri orta məktəb dərsliklərinin proqramına salınmalı, uşaqlarımıza, yeniyetmə nəsilə hərtərəfli öyrədilməlidir. Qərbi Azərəbaycana daxil olan bütün ərazilərin xəritəsi, toponimikası orta və ali təhsil ocaqlarının dərs vəsaitində öz əksini tapmalıdır.  Ermənilərin törətdiyi müharibənin dəhşətlərini dünyaya çatdırmalıyıq.

Tarixi gerçəkliyi öyrənməsək, düşmən siyasətinin davam etməsini dayandıra bilmərik.

1813 və 1828-ci illərin bədnam Gülüstan və Türkmənçay müqavilələri, Azərbaycan torpaqlarının parçalanması, hayların Qarabağ və İrəvan torpaqlarına köçürülməsi və nəticədə “Erməni vilayəti” adlı inzibati bölgünün yaranması düşmənlərin bizə qarşı ən böyük ədalətsizliyidir. Amma biz bu haqsızlıq qarşısında susmamalıyıq. Zaman bizə çox şey öyrətdi. 

Qərbi Azərbaycanda qalmış yurd yerlərimizlə bağlı yazılan kitabların nəşr olunması, geniş ictimaiyyətə çatdırılması üçün bundan sonra da maddi və mənəvi cəhətdən əlimdən gələni etməyə hazıram. 

– Sizə və Qərbi ­Azərbaycan ­İcmasının hər bir üzvünə bu ­missiyanı uğurla başa çatdırmağınızı arzu edirik.

Söhbəti apardı: 
Kəmalə Abdinova

 

Müsahibə