Özü-özünü yetişdirmiş bəstəkar

post-img

Üzeyir Hacıbəylinin acılı-şirinli həyat hekayəsi

Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi,  Dövlət Himninin müəllifi, Şərq dünyasında ilk operanın müəllifi, dahi azərbaycanlı Üzeyir Hacıbəyli 1885-ci ilin 18 sentyabrında kənd mirzəsi ailəsində dünyaya gəlib. Bundan 110 il sonra professional musiqimizin banisinin dünyaya gəldiyi gün müstəqil Azərbaycanın Prezidenti Heydər Əliyevin sərəncamı ilə milli bayram kimi qeyd edilən Üzeyir Musiqi Günü kimi şərəfləndi. 

Balaca Üzeyir ilk təhsilini Şuşadakı ikisinifli rus-türk məktəbində alıb. Özünün də qeyd etdiyi kimi, ilk musiqi savadını isə xanəndə və sazəndələrdən gör-götür eləyib. Şuşada göstərilən bir səhnəcik də gələcəyin bəstəkarını musiqi aləminə ilhamlandırıb. Onda Üzeyirin 13 yaşı olarmış. Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü, dirijorluğu ilə və Cabbar Qaryağdıoğlunun ifasında Şuşada “Məcnun Leylinin məzarı başında” adlı bir səhnəcik göstərilmişdi. Üzeyir də qardaşları ilə birgə orda xorda oxumuşdu. Bundan 8 il sonra həmin səhnəcikdən təsirlənən Qori Seminariyası məzunu böyük Füzulinin poeması əsasında Azərbaycanda, eləcə də Şərqdə operanın özülünü qoyur – “Leyli və Məcnun”u yazır. 1908-ci il yanvarın 12-də əsərin ilk nümayişinin dirijoru da Əbdürrəhim bəy Haqverdiyev olur. Skripka partiyasını isə Üzeyir bəy özü ifa edir.

 “Çöl qala” deyilən yerdə Üzeyirgilin evləri olub. Şuşa işğal olununa qədər ora Üzeyir bəyin ev muzeyi kimi fəaliyyət göstərib. Uşaqlıq illərində burada bir hadisə baş verir. Bir gün uşaqlarla birgə qonşuda xan qızı Natəvanın bağına meyvə oğurluğuna gedir. Bu vaxt xan qızı həyətə düşür. Uşaqlar onu görüb qaçırlar, Üzeyir isə tutulub qalır. Qopartdığı iki almanı papağının altında gizlədən gələcək bəstəkar Banu ona yaxınlaşanda baş əyib salam verir. Buxara papağı yerə düşür, almalar görünür. Şairə bunu görüb soruşur: 

– Siz burda nə edirsiniz? 

– Alma yığırdıq.

–Bəs, məni tanıyırsınız?  

– Siz xan qızı Natəvansınız, həm də şairəsiniz.

Bu qısa söhbətdən sonra Üzeyir Natəvanın bir neçə qəzəlini əzbərdən deyir. Bu da təbii ki, Natəvanın xoşuna gəlir və onun başını sığallayıb deyir:

 – Sən qoçaq, ağıllı oğlansan, gələcəyin parlaq olacaq.

13 yaşında Üzeyir hekayələr yazmağa başlayır və onları “Kitabi-məzhəkə” adı altında toplayır. Sonra kitaba illüstrasiyalar çəkir, onu özü cildləyir. O kitabları 15 qəpikdən satan Üzeyir həmin pulla ailəsinə köməklik edir. İllər keçdikdən sonra Üzeyir bəyin xanımı tərəfdən qohumu, sonralar onun ev muzeyinin direktoru olmuş Ramazan Xəlilov həmin kitabdan birini Şuşadan tapdırıb Üzeyir bəyə doğum günü hədiyyəsi kimi verir. Əhvalat belə olur. Ramazan Xəlilov “Üzeyir bəyi hansı hədiyyə ilə təəccübləndirmək olar?” - deyə çox düşünür və tapır. Şuşaya gedib orda qocaman zərgər Yemiş əmini tapır və ondan həmin kitabı tapmağı xahiş edir. Kitabın nüsxəsi tapılır. Ramazan müəllim onu Üzeyir bəyin iş otağındakı stolun siyirməsinə qoyur.

Ramazan Xəlilov xatirələrində yazır ki, Üzeyir bəyin bir adəti var idi: “Hər səhər əl-üzünü yuyub iş otağına keçərdi, yarım stəkan çaydan və bir neçə qullab siqaretdən sonra işləyərdi. Yalnız ondan sonra səhər yeməyi üçün qonaq otağına keçərdi. Siqaretini götürmək üçün siyirtməni açanda “Kitabi-məzhəkə”ni görür. “Bunu ancaq Ramazan edər” - xanımı Məleykəyə söyləyir və gözləri dolur. O hədiyyə, həqiqətən, Üzeyir bəy üçün qiymətli idi”.

Ramazan Xəlilov Tiflisdə yaşadığı vaxtlarda Bakıda Üzeyir bəyin ev muzeyi yaradılır və Heydər Əliyev onu Bakıya gətirdib – “Səni bu muzeyə ömürlük direktor təyin edirəm”, - deyib. Ramazan Xəlilov da ömrünün sonuna qədər Üzeyir bəyin ev muzeyinə rəhbərlik edib. Onun şəxsi arxivi Üzeyir bəyin ev muzeyi qədər zəngin olub. Muzey darısqal olduğundan onları muzeyə daşımayıb. Arxivin bir hissəsi ölümündən sonra muzeyə verilib.

14 yaşında Üzeyir Qori müəllimlər seminariyasına oxumağa gedir. 1899–1904-cü burada təhsil alır. Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyir, skripka, violonçel və baritonda çalmağı öyrənir. Eyni zamanda, xalq mahnı nümunələrini nota köçürür. 1904-cü ildə seminariyanı bitirdikdən sonra Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilir.

Üzeyir bəy Qori müəllimlər seminariyasında oxuduğu illərdə gələcək tale yolu da rastına çıxır. Həyat yoldaşı, ilk və yeganə sevgisi, tatar qızı Məleykə xanımla da Tiflisdə tanış olur. Məleykə xanımın qardaşı Əli Terequlov (əslində, Tanrıqulov–red) Üzeyir bəylə bir sinifdə oxuyurdu. Bazar günləri Əli Üzeyiri evlərinə aparar, teatrlara, Tiflisin gəzməli-görməli yerlərinə gedərdilər. Üzeyir bəy gələcək həyat yoldaşını da elə ordaca görüb sevmişdi.

Sonrakı illərdə evlənirlər, Bakıda kirayədə yaşayırlar. Hazırda ev muzey kimi fəaliyyət göstərən mənzilə 1915-ci ildə köçürlər və 1942-ci ilə qədər burada yaşayırlar.

İlk operanın və operettaların uğurundan sonra Üzeyir Hacıbəylinin istedadı, artıq dünyaya yayılmış şöhrəti ona qarşı qısqanclıqları, düşmənçiliyi günü-gündən artırır. Xeyirxahları onu bir neçə dəfə ölümün pəncəsindən xilas edirlər. İlk belə hadisə Hadrutda dərs dediyi vaxtlar erməni-müsəlman davasının vüsət aldığı 1905-ci ilə təsadüf edir. Kəndin ağsaqqalları ermənilərin Üzeyir bəyə qəsd hazırladığını görüb onu gizlincə Yevlaxa yola salırlar. Gənc müəllim ordan da Bakıya gəlir.

1918-ci ilin mart qırğını zamanı da ermənilər Üzeyir bəyin evini gülləbaran ediblər. O zamanlar Üzeyir bəy artıq kifayət qədər tanınırdı. Ermənilər onu öldürmək istəyirdilər. Ancaq xoşbəxtlikdən, bu istəklərini həyata keçirə bilmirlər. Ölüm bəstəkardan uzaq düşür. Hadisələr baş verməmişdən əvvəl Nəriman Nərimanov bəstəkarı yanına çağırır və ona teatr truppası ilə birgə İrana qastrol səfərinə getməyi tapşırır. Əvvəl Üzeyir bəy razılaşmır, “mən Azərbaycanı qoyub heç yerə getməyəcəm”, - deyir. Ancaq Nərimanovun təkidindən, “Siz bizə gələcəkdə lazımsız” sözündən sonra Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının teatr truppası İrana yola düşür. Onlar bir neçə ay İranda qalır, müxtəlif şəhərlərdə tamaşalar göstərirlər. Oktyabrda isə vətənə qayıdırlar. O zaman bütün qəzetlər Üzeyir bəyin qayıdışına görə, xalqa gözaydınlığı verirdi. Nəriman Nərimanov 1920-ci ilin qırmızı terror zamanı da Üzeyir bəyi ölümdən xilas edir. 1975-ci ildə Üzeyir bəyin ev muzeyi əsaslı təmir olunan zaman divarlardakı həmin güllə yerlərini Ramazan müəllim öz xatirələrində qeyd edib.

Sovet rəhbəri Stalin 1937-ci ildə repressiyalara rəvac versə də, Üzeyir bəyə rəğbəti bəstəkarı xilas edir. Stalin Mircəfər Bağırovdan Üzeyir bəyə salam göndərərmiş. O, “Koroğlu”, “Arşın mal alan” operalarına yüksək qiymət verib. Özü bu barədə Üzeyir bəyə deyib ki, hər iki operanızı çox sevirəm və əzbərdən bilirəm.

“Arşın mal alan” filminin 45-ci ildə, müharibənin qızğın vaxtı ekranlara çıxmasının səbəbi də məşhur erməni oğurluğu olub. Amerikada yaşayan erməni rejissoru bir film çəkir. Ssenari bütünlüklə “Arşın mal alan”ın süjeti olub, amma Üzeyir bəyin imzası yox imiş. Rejissor filmin şərq motivləri ilə çəkildiyinin yazıbmış. Bunu əvvəlcə Azərbaycan rəhbərliyi, onun vasitəsi ilə sovet rəhbərliyi bilir. SSRİ müəllif hüquqları ilə bağlı beynəlxalq konvensiyaya üzv olmadığından Üzeyir bəyin hüquqlarını qoruya bilmirlər. Stalin deyir ki, bunun bir yolu var, təcili “Arşın mal alan” film çəkilib bütün dünyaya yayılsın. Belə də olur.

1938-ci ildə Moskvada Azərbaycan incəsənəti günlərində “Koroğlu” operasına Stalin özü şəxsən tamaşa edir. Ondan sonra Üzeyir SSRİ bəstəkarları içərisində ilk olaraq xalq artisti adına layiq görülür. Belə bir dostluq şarjı da çəkilir: başqa bəstəkarlar bir sıradadır, Üzeyir bəy isə öndədir, onları arxasınca aparır. O günlərdə Azərbaycan nümayəndə heyətinə şəxsən ziyafət verən Stalin Üzeyir bəyi öz yanında əyləşdirir. Oradaca Stalin Üzeyir bəyin şərəfinə Əsgərin ariyasından bir parça oxuyur. Qardaşı Ceyhun barədə Üzeyir bəyə sual verən Stalin onun xaricdə yaşadığını bildiyini söyləyir. Sonra “Ona yazın gəlsin vətənə, işlə, evlə təmin edərik”, - deyir. “Koroğlu” operası barədə Üzeyir bəyə müsbət rəy deyən Stalin onu da qeyd edir ki, sizin gördüyünüz iş bütün sovet bəstəkarlarına örnək olmalıdır, Şərq musiqisi ilə Qərb musiqisinin sintezi bir örnəkdir.

1937-ci ilin qanlı repressiyaları vaxtı yenidən millətçi damğası vurulacağını düşünən Üzeyir bəy həyəcandan şəkərə tutulur. Pəhrizinə riayət olunsa da, səhhətinə ciddi nəzarət edilsə də, xəstəlik özünü göstərməyə başlayır. Və 1947-ci ildə Üzeyir bəyin vəziyyəti ağırlaşır. Dərhal xəstəxanaya yerləşdirirlər. “Leçkomissiya”da Osipyan soyadlı bir erməni bilərəkdən bəstəkara çox kəskin pəhriz yazır, eyni zamanda insulin vurur. İnsulin vurulanda isə pəhriz olmaz. Üzeyir bəy bir ayda 18 kiloqram arıqlayır. Bu isə ürəyinə təsir göstərir və ürək tutmaları başlayır. Üzeyir bəyi Stalinin göstərişilə Moskvaya, Kreml xəstəxanasına göndərirlər. Burada həkimlər müayinə zamanı Bakıda düzgün müalicə aparılmadığını bildirirlər. Onun 3 ay yaşayacağını deyirlər. Üzeyir bəy Mərdəkana – hökumət bağına gətirilir. Mircəfər Bağırovun Səhiyyə Nazirliyinə verdiyi göstərişə əsasən, konsilium keçirilir. Tapşırılır ki, Üzeyir bəyə ciddi nəzarət olunsun. 1948-ci ilin sentyabrında ağır vəziyyətdə olan bəstəkarı öz evinə gətirirlər.

Üzeyir Hacıbəyli noyabrın 23-də gecə saat 2-də 63 yaşında “Monolit” deyilən binadakı mənzilində vəfat edir.

Şərqdə ilk operanın, ümumiyyətlə peşəkar musiqi sənətinin banisinin dəfninə demək olar ki, bütün Azərbaycan yığılır. Mircəfər Bağırov onun tabutunun altına çiynini verməyi özünə şərəf bilir. Böyük Məmməd Əmin Rəsulzadə isə Türkiyədə yazdığı nekroloqda bildirmişdi ki, özü özünü bəstəkar kimi yetişdirmiş Hacıbəylinin çiynini Stalin ovuşdurmuş, yerli Kommunist rəhbərlər isə cənazəsi yanında fəxri qarovulda dayanmışlar.

R.Qurbanlı
XQ

 

Mədəniyyət