Türk birliyi zamanın hökmüdür

post-img

Müsahibimiz BDU-nun Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmovdur 

– Rüfət müəllim, bu gün Böyük Turanın  qurulması və güclənməsi ideyası çox aktuallaşıb. Sizcə, bu nə ilə bağlıdır?

– Əvvəla, qeyd etmək lazımdır ki, türkün şanlı tarixi var. Türk bəşəriyyətə böyük dövlətlər, imperiyalar, sivilizasiyalar bəxş edən millətdir. Yeganə türklər və ingilislərdir ki, heç vaxt başqa millətlərin əsarəti altında olmayıblar. 

Bununla bərabər, türklər tarixən Avrasiyada min kilometrlərlə uzanan böyük bir coğrafi ərazidə məskunlaşdıqları üçün onların geniş torpaqlarına, zəngin yerüstü və yeraltı sərvətlərinə göz dikən böyük dövlətlər az olmamışdır. Bu gün də türklərin birləşib daha güclü və qüdrətli olmasından qorxuya düşənlər az deyil. Sirr deyil ki, bu yolda hər cür məkrli planlar qururlar. 

Bu həyat gerçəkliyi türk xalqları və dövlətlərini bir araya gəlməyə, qüvvələrini birləşdirib düşmənlərin təhdidlərinə qətiyyətlə cavab verməyə təhrik edir. Xoşbəxtlikdən, bu istiqamətdə real addımlar atılır. 

Türkiyənin sabiq prezidenti Turqut Ozal demişdir ki, XXI əsr türk əsri olacaq. Yadımdadır, o dönəmlərdə bunu mücərrəd və xəyali bir ideya hesab edənlər vardı. Bu gün isə reallıq tamam başqadır. Təkcə belə bir faktı qeyd edək. Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tikinti-quruculuq işlərində fəal iştirak edən bir neçə türk dövlətinin bayraqları səmada qürurla dalğalanır.

Xüsusilə, Türk Dövlətləri Təşkilatının TDT yaradılması hər cür alqışa layiqdir.  Bəli,  Turan bu gün regionda və bütün dünyada güclü və nüfuzlu aktorlardan birinə çevrilir.  

– Sizcə, bu gün TDT-nin qarşısında duran əsas vəzifələr hansılardır?

– Çağırışlar çoxdur. Düşünürəm ki, siyasi, humanitar, hərbi sahələrdə hərtərəfli əməkdaşlığı gücləndirmək olduqca zəruridir. Lakin paralel olaraq iqtisadi sahədə sıx əməkdaşlığa nail olmaq prioritet olmalıdır. Unutmayaq ki, qarşılıqlı inam və etimad üzərində qurulan səmərəli iqtisadi əlaqələr digər sahələrdə də sıx əməkdaşlıq üçün lokomotiv rolunu oynaya bilər. 

Bir daha qeyd edirəm ki, ticari və iqtisadi əlaqələri ən yüksək səviyyəyə çatdırmaq böyük önəm daşıyır. Bunun üçün əlverişli şərait də yaranmaqdadır. Unutmayaq ki,  Azərbaycanın 2020-ci ilin payızında 44 günlük şanlı savaşda qazandığı parlaq zəfər, əslində, bütün türk qövmlərinin böyük qələbəsi idi. Həmin çətin, taleyüklü günlərdə qardaş Türkiyə yanımızda idi, digər türk dövlətləri də bizim haqq işimizi gücləri çatan qədər dəstəklədilər. 

Yaxın gələcəkdə Zəngəzur dəhlizinin fəaliyyətə başlaması gözlənilir. Bu dəhliz həm türk dövlətlərini bir-biri ilə bağlayacaq, həm də Qərb və Şərq arasında bir körpü rolunu oynayacaq.  

– Məlumdur ki, Ermənistan rəhbərliyi və onların havadarları dəhlizin açılmasına mane olmaq üçün min cür oyundan çıxırlar...

– Zəngəzur dəhlizi region dövlətlərinə inkişaf, tərəqqi və rifah gətirəcək. Təəssüf ki, bu həqiqəti görməyən, yaxud görmək istəməyən qüvvələr də var. Amma zamanın inkişaf təkərini geri döndərmək qeyri-mümkündür. Fikrimcə, Zəngəzur dəhlizinin açılması, eyni zamanda, dünyanın super güclərinin də marağındadır. 

Xüsusilə, Böyük Britaniya dünyanın ikinci böyük dövləti olan Çinin Orta və Mərkəzi Asiya ölkələrinə son vaxtlar sürətlə artan təsirini azaltmaq üçün Türkiyə başda olmaqla, Böyük Turan ideyasının gerçəkləşməsinə dəstək verir. London başa düşür ki, Türkiyə bu gün həm də adıçəkilən coğrafi məkanda “yumşaq güc” rolunda çıxış edə bilər. Bu isə çox vacib amildir.  

Ən əsası odur ki, qardaş Türkiyə çağdaş dünyanın ən görkəmli dövlət adamlarından olan Rəcəb Tayyib Ərdoğanın liderliyilə tarix yazır. Türk vətəndaşları son prezident seçkilərində yüksək siyasi yetkinlik nümayiş etdirdilər. Bu an qürur və sevincdən qəlbimdən bir nida qopur: Allaha əmanət Türkiyəm! 

– Uzun onillər boyu keçmiş Sovet ittifaqının rəhbərliyi türk xalqları arasında mədəni əlaqələrin inkişafına qısqanclıqla yanaşıb. Bu gün bu sahədəki boşluğu aradan qaldırmaq üçün hansı işlər görülür və bunlar qane edirmi?

– Bilirsinizmi, əti dırnaqdan ayırmaq mümkün olmadığı kimi, türkü də türkdən ayrı salmaq olmaz. Türk xalqları əsrlər boyu olduqca zəngin ədəbi və mədəni irs yaradıblar. Bu gün bütün Turan ellərində qırğızların “Manas” dastanından tutmuş xalqlarımızın böyük sənətkarlarının yaratdığı parlaq poeziya və incəsənət nümunələri öyrəniləməli və təbliğ edilməlidir. 

Bizim üçün Nizami, Nəsimi, Füzuli, Sabir qədər böyük özbək mütəfəkkiri Əlişir Nəvai, türkmən ədəbiyyatının və dilinin yaradıcısı Məhtimqulu və başqaları əziz olmalıdır. Xoşbəxtlikdən, bu sahədə geniş işlər gedir. 

Yaxın gələcəkdə Türk Xalqları Universitetinin açılması gözlənilir. Bir sözlər, planlar, arzular və ümidlər çoxdur. Qarşıda isə daha gərgin işlər durur. Bu gün hər birimiz bu istiqamətdə əlimizdən gələni etməliyik. 

Türk xalqlarının olduqca dəyərli atalar sözü var: Güc  birlikdədir. Həqiqətən, çağdaş dünyada güclü olmasan, özünü və dövlətini  qoruya bilməzsən. Allah türkü qorusun! 

Söhbəti qələmə aldı: 
Məsaim ABDULLAYEV,
 XQ

 



Müsahibə