Azərbaycan diasporunun bu ölkədə formalaşma tarixi
Özbəkistanda Azərbaycan diasporu 1917-ci ildən formalaşmağa başlayıb. Özbəkistana neft sənayesini inkişaf etdirmək üçün Azərbaycandan çoxlu mühəndis-texniki işçi göndərilib. 1918-ci ildə Türküstan millətlərinin işləri üzrə Xalq Komissarlığı yaradılıb.
Narkom Tursun Xocayev o vaxt bu qurumun yaradılması haqqında danışarkən bildirib ki, komissarlığın vəzifəsi burada yaşayan xalqları birləşdirmək, onlar arasında ziddiyyətlərə son qoymaqdır.
Komissarlığın strukturunda 10 mərkəzi milli şöbə yaradılıb. Türk şöbəsi Azərbaycan diasporunun fəaliyyəti ilə məşğul olub. Sonra bu qurum Azərbaycan şöbəsi adlandırılıb. Bu şöbənin rəhbəri Kazımov, müavini Rzayev olub.
Türküstanda çap edilən “İştirokiyun” qəzetinin bir hissəsi Azərbaycan dilində çıxıb. Qəzet əvvəl həftədə bir dəfə, 1919-cu ilin martından sonra isə hər gün işıq üzü görüb və 1919-cu ildə qəzetin çap olunan 2,76 milyon nüsxəsinin 104 mini Azərbaycan dilində olub.
Onu da demək yerinə düşər ki, o dövrdə Türküstanda Azərbaycan dilində 250 min nüsxə müxtəlif ədəbiyyat çap olunub.
Sonralar Özbəkistan SSR Milli Azlıqlar Şurası kimi yaradılan qurumda Azərbaycan Mərkəzi Bürosu da açılıb. Büronun tərkibində 4 məktəb, 2 uşaq bağçası, 3 fəhlə evi, klublar, kitabxana olub. Böyük maairifçilər Seyid Rza Əlizadə və Əli İsmayılzadənin redaktorluğu ilə “Zərəfşan” qəzeti fəaliyyət göstərib. Seyid Rza Əlizadə Səmərqənddə yeni tipli məktəb açıb, böyük Üzeyir Hacıbəylinin əsərlərini rejissor kimi tamaşaya hazırlayıb, özü də baş rolların birini ifa edib.
1944-cü ildə Özbəkistana Acariyadan və Gürcüstanın cənubundan azərbaycanlılar deportasiya olunub. 1957-ci ildə onların Vətənə qayıtmasına icazə verilib, ancaq Özbəkistanın gözəl iqlimi, bu xalqın qonaqpərvərliyi, həyat tərzinin oxşarlığı soydaşlarımızın bir hissəsini burada saxlayıb. Onların bir çoxu ailə qurub burada məskunlaşıb. 1938-ci ildə Özbəkistanda 38 898 , 1979-cu ildə artıq 59 779 min soydaşımız yaşayıb.
1966-cı il Daşkənd zəlzələsindən sonra tikintidə çalışmaq üçün bura çoxlu azərbaycanlı göndərilib. İlk yardım edən respublika da Azərbaycan olub.
Mayın 17-nə kimi Bakıdan Daşkəndə 820 elektrik mühərriki, 400 ton boru, 12 hündürlük kranı, digər avadanlıq və materiallar göndərilib.
1966-cı il mayın 22-də Azərbaycan Nazirlər Kabineti “Zəlzələdən zərər çəkmiş Daşkənd əhalisinə qardaş köməyi” adlı qərar qəbul edib. Azərbaycan Daşkənddə görüləcək işlərə 6,4 milyon rubl vəsait ayırıb. Tikinti başa çatdıqdan sonra bir çox məhəllə və küçələrə tikintidə iştirak edən respublikanın və şəhərlərinin adı verilib, “Azərbaycan”, “Bakı” və s.
Azərbaycanın vəsaiti ilə Daşkənddə bir mikrorayon salınıb, 35 min kvadrat metrdən artıq mənzil tikilib. 1966-cı ilin yayında Azərbaycana Daşkənddən 262 ailə göndərilib, Abşeronun pioner düşərgələrində Özbəkistandan gələn 1280 uşaq istirahət edib.
Özbəkistanda özbək ədəbiyyatının klassikinə çevrilən şair və dramaturq Maqsud Şeyxzadəni tanımayan yoxdur, ölkə Elmlər Akademiyasının müxbir üzvü, Özbəkistan Ali Sovetinin deputatı olan oftalmoloq Qafar Abdullayev bu məkanda hörmət-izzət qazanıb. Akademik Mövsüm Əlizadə həkim olub, 20-dən artıq kitabın, 200-dən çox məqalənin müəllifidir, Sadıq Məsimov isə cərrah kimi tanınıb, heykəltəraş Eynulla Əliyev Səmərqənddə yaşayıb, Daşkənddəki Nəvai parkındakı Əlişir Nəvainin möhtəşəm abidəsinin müəllifidir. Rza Qaraşəhərli Daşkənddəki Həmzə adına teatrın rejissoru olub, aktyor və rejissor Muxtar Ağamirzəyev 1960–1970-ci illərdə Özbəkistanda çəkilən demək olar ki, əksər filmlərdə baş rolda oynayıb, Özbəkistanın Xalq rəssamı Süleyman Nəcəfov Cizzak Uşaq Teatrının baş rəssamı olub, şair İxtiyar Rza, teatr və kino rəssamı Fərhad Əhədov da kifayət qədər tanınan şəxsiyyətdir.
Rafiq Kərimov Səmərqənd Opera Teatrının və Daşkənddəki Operetta Teatrının baş dirijoru işləyib. Azərbaycanın və Özbəkistanın Xalq artisti Firudin Səfərov 45 ilə yaxındır ki, Əlişir Nəvai adına Özbəkistan Opera və balet Teatrının baş rejissorudur, 90 yaşı olmasına baxmayaraq indi də iş başındadır. Bu günlərdə Firudin Səfərovun 90 illiyi ilə bağlı Daşkənddə böyük mərasim keçirilib, dostları, həmkarları təbrik etmək üçün onun başına yığışıblar.
1989-cu ildə Daşkənd şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi (2004-cü ilədək mərkəzin sədri İsmayıl Məmmədov), 2002-ci ildə isə Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası (sədr Akif Ağatalıbov) təsis olunub, sonra adı dəyişilib və Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi olub (sədr Mobil Məmmədov). 2018-ci ilin yanvar ayından isə bu mərkəzin sədri Firdovsi Hüseynov olub. Bu ildən isə mərkəzin sədri yenidən Mobil Məmmədov seçilib.1992-ci ildən Səmərqənddə Azərbaycan–Özbəkistan Mədəni-İqtisadi Əlaqələr Mərkəzi uzun müddət fəaliyyət göstərib. Sədr pedaqoji elmlər doktoru, professor Səxavət Ociyev olub.
Rəsmi məlumata görə hazırda Özbəkistanda 60 minə yaxın azərbaycanlı yaşayır. Ölkə vətəndaşı olmayan təxminən 20-30 min soydaşımızı da bu siyahıya əlavə etməliyik. Daşkənddə soydaşlarımızın sayı təxminən 15-17 min, Səmərqənddə 8 mindən artıqdır.
Müstəqillik illərində Özbəkistanda yaşayan 30-a yaxın azərbaycanlı ölkənin ali dövlət mükafatlarına layiq görülüb. Onların arasında müəllim, həkim, hərbçi, mədəniyyət və incəsənət xadimləri var.
Qulu Kəngərli,
XQ
Daşkənd