Aşıq Şərəf Taşlıova 10 aprel 1938-ci ildə Türkiyədə anadan olub. Uşaqlığı Ərdahan ilinin Çıldır ilçəsinin Gülyüzü kəndində keçib. 10 yaşı olanda Aşıq Şenniyin oğlu Aşıq Qasım onu toyda görüb, səsini bəyənib. Taşlıova bu barədə “Aşıqlıq gələnəyi millətin əxlaqıdır” adlı müsahibəsində deyir:
“Yaxşı yadımdadır, mən hələ uşaq idim, bayrama hazırlıq görülürdü. Bir gün məktəbdə müəlliməm soruşdu: aranızda türkü söyləyən varmı? O zaman 9 yaşında bir uşaq idim və dedim ki, mən söyləyə bilərəm. Və ilk dəfə onda çıxış etdim. Sonra müəlliməm məni konservatoriyaya göndərmək istədi. Ancaq atam rəhmətə getdiyindən gedə bilmədim. Aşıq Şenniyin oğlu Aşıq Qasım məni toyda gördü, səsimi bəyəndi və beləcə mən aşıqlığa başladım”.
Beləliklə, Şərəf Taşlıova Aşıq Şenniyin oğlu Aşıq Qasımın şagirdi olur.
O, 1966-cı ildən Qars radiosunda 10 il müddətində aşıqlarla bağlı proqramlar hazırlayır. Bundan başqa, bir çox xarici ölkələrdə radio və televiziya proqramlarına qatılır.
Aşıq Şərəf müxtəlif jurnallarda folklorla bağlı məqalələr dərc etdirir. 1971-ci ildən etibarən Amerikadan Yaponiyaya, Avropadan Orta Asiya ölkələrinədək bir çox ölkədə aşıq sənəti ilə bağlı proqramlar hazırlayır.
Onun 1000-dən artıq şeiri var ki, onlar da müxtəlif ölkələrdə kitab halına salınıb və çap olunub. Şərəf Taşlıova festivallarda və müsabiqələrdə 15-i qızıl medal olmaqla, 130-dan artıq medal alıb.
1991-ci ildə Muzik-San Vakfı tərəfindən, 1996-cı ildə isə Türkiyə Yazarlar Birliyi tərəfindən ilin sənətçisi seçilib. 2000-ci ildə Türksoy tərəfindən aşığa “Türkiyə Dünyasına Hizmet ödülü” verilib. O, Türkiyənin məşhur aşığı olmaqla, UNESCO-nun “Canlı insan xəzinəsi” titulunu qazanıb.
Bəs, onu Borçalıya bağlayan nədir? Aşıq Şərəf Taşlıova həmişə Borçalı kökənli olduğunu söyləyib: “Borçalı ata yurdumdur, əcdadımın torpağıdır”,– deyib.
Araşdırmaçı jurnalist, şair Dəyanət Osmanlı bu barədə deyir: “ Mən Türkiyədə olarkən bir neçə dəfə Şərəf bəylə görüşüb söhbət etdim. Mənə Borçalı əsilli olduğunu söylədi. Dediyinə görə, onun ata tərəfdən ulu babası Qazaxın Daş Salahlı və ana tərəfdən isə Borçalının Arıxlı kəndindədir. Evləndikdən sonra Arıxlıda yaşayıblar. 1746-cı ildə böyük babası Arıxlıdan Türkiyəyə köçüb, Çıldırda yerləşib. Soyadı da Daş Salahlıdan götürülüb və Taşlıova kimi sənədlərdə qeyd edilib ”.
Dəyanət Osmanlı bildirir ki, aşıq Şərəf Borçalı xəngəlini çox sevərdi: “Hündürboy idi. Bir gün söhbət zamanı çantasını açıb oradan bir neçə ədəd xırda qurut çıxarıb mənə dedi:
– Bu, bilirsən nədir?
Cavabında dedim:
– Quruta oxşayır, amma çox xırdadır. Bizdə qurut daha iri olur.
Güldü və dedi:
– Özbəkistandan mənim üçün gətirilib. Qurutlu, yağda qovrulmuş bol soğanlı Borçalı xəngəlini çox sevirəm”.
Şərəf bəy Borçalını, Arıxlını görməyi çox istəyirdi.
Bu barədə Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu ondan aldığı müsahibəsində yazır:
– Nə zamansa, ata yurdunuz Borçalıya gəlməyi düşünürsünüzmü ?
– İnşallah. İlk can atdığım, Allahdan aman dilədiyim, “mənə möhlət ver, gedib görüm” dediyim yer Azərbaycandır, Borçalıdır. Ata yurdumdur ora mənim, əcdadımın torpağıdır.
Amma aşığa Borçalını görmək qismət olmadı. O, 13 sentyabr 2014-cü ildə xəstələndi və 20 sentyabr 2014-cü il axşam saat 21:30-da Dışkapı xəstəxanasında 76 yaşında vəfat etdi. Hazırda Qars İnönü Prospektində heykəli ucaldılıb.
Pünhan ƏFƏNDİYEV,
XQ