İsmayıl bəy Qaspıralının məslək davamçısı

post-img

Krım tatarlarının maariflənməsi yolunda danılmaz xidmətlər göstərən vətənpərvər ziyalılardan biri Həsən Səbri Ayvazovdur. Onun dünyagörüşünün formalaşmasında Əli bəy Hüseyzadənin Böyük Turançılıq ideyaları mühüm rol oynamışdır. 

Həsən Səbri 1878-ci ilin may ayının 6-da Krımın Aluupka qəsəbəsində yoxsul bir tatar ailəsində doğulmuşdur. Buradakı mədrəsədə ilk təhsilini aldıqdan sonra müəllimlik edən H.Səbri xalqının azad və xoşbəxt olması üçün yollar aramağa başlamışdır. 

Əvvəlcə, təhsilinə davam etmək məqsədilə İstanbula, daha sonra Qahirəyə getmişdir. Xalqını “oyatmaq üçün” o dövrdə nəşr olunan mütərəqqi qəzetlərdən bir tribuna kimi istifadə edir, yazdığı teatr tamaşaları vastəsilə oxumaq-yazmaq bilməyən azsavadlı soydaşlarına  təsir etmək istəyirdi. “Nədən bu hala qaldıq?” pyesini ­1906-cı ildə Bakıda işıq üzü görə “Fyüzat” jurnalında çap olunur. Heç bir il keçmir ki, pyes səhnəyə qoyulur. 

Bir müddət Moskvadakı Lazarev İnstitunun şərqşünaslıq fakültəsində dərs deyən Həsən Səbri ictimai-siyasi xadim kimi şöhrətlənir. Özünü həmişə Krım tatarlarının böyük maarifpərvər ziyalısı İsmayıl bəy Qaspıralının tələbəsi sayan Həsən Səbri onun həm də köməkçisi və məsləkdaşı olmuşdur.

Təsadüfi deyildir ki, Qaspıralı “Tərcüman” qəzetinin redaktorluğunu da məhz H.S.Ayvazova etibar etmişdi. Ölüm ayağında İsmayıl bəy Qaspıralının başı üzərində olan və onun vida sözlərini Türk dünyasına çatdıran da məhz H.Səbri olmuşdu. 

1917-ci ilin fevralında Rusyanı sarsıdan burjua inqilabı Krımdan da yan keçmir. Buradakı vətənpərvər insanlar fədakarcasına mübarizə apararaq  müstəqil dövlətlərini qura biliblər.

Beləliklə, 1917-ci il martın 26-da Kırım Xalq Cumhuriyyəti elan edilir və Noman Çələbi Cihanın rəhbərliyində Krım Milli hökuməti qurulur. Krımda çağırılan məşhur I Qurultayın əsas təşkilatçılarından biri də Həsən Səbri Ayvazov olur. 1917-ci ilin noyabrın ­17-də Krımda ilk dəfə qadınların da tam hüquqlu vətəndaş kimi iştirak etdiyi demokratik seçkilər keçirilir. 

Ölkədə parlamentli respublika yaradıldığı elan edilir. Həsən Səbri Ayvazov yeni yaradılmış parlamentə sədr seçilir. Lakin Sovet Rusiyası Krım tatarlarının hökumətini tanımır. 1918-ci ilin yanvarın 26-da Krım hökumətini qan içində boğur. 

Həsən Səbri bundan sonra İstanbula gedir. Burada onu böyük hörmət və ehtiramla qarşılayırlar. Bir müddət sonra Bakıya yola düşür və burada ictimai-siyasi fəaliyyətini davam etdirir. 

Türk xalqlarının latın əlifbasına keçməsi üçün yorulmadan çalışan, ­1927-ci ildə keçirilən I və 1929-cu ildə keçirilən II Ümumkrım dil konfranslarında məruzələrlə çıxış edən Həsən Səbri “Latın əlifbasına dair”, “Oktyabr inqilabı və tatar münəvvərləri”, “Qiraət kitabı” və başqa əsərlərini çap etdirir.

V.Şekspirin “Otello” faciəsini Haşımbəy Vəzirovla birlikdə tərcümə edən, müasirlərinin “Mədəniyyət mələyi” adlandırdıqları H.S.Ayvazov Bakıda yaşayarkən rus və Avropa yazıçılarının əsərlərini ana dilinə tərcümə edir, Azər­baycan teatrlarında tamaşaya qoyulan əsərlər haqqında rusdilli mətbuata məqalələr yazır.

Lakin öz dövrünün əksər vətənpərvər ziyalıları kimi, H.S.Ayvazov da ağır sovet represiyasından qurtula bilmir. 1932-ci ildə mühazirələr oxuduğu Pedaqoji İnstitutdan işdən çıxarılır. 1937-ci ilin aprelin 4-də 59 yaşlı vətənpərvər ədibi həbs edərək 1938-ci il aprelin 4-də güllələyirlər.

Ceyran CƏFƏRLİ 

 

Mədəniyyət