Ulu sözümüzün bayramı

post-img

Ölkəmizdə Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçirilir 


Dünən Şamaxıda Azərbaycan Dili və Ədəbiyyatı Forumuna start verilib. Ölkənin tanınmış söz adamları tarixi şeir-sənət diyarına toplaşıblar. Dilçi və ədəbiyyatşünasların,   yazıçı və naşirlərin qatıldığı forum Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilir. 

Forumun əsas məqsədi mədəniyyətimizin inkişafında Azərbaycan dili və ədəbiyyatının rolu, ana dilinin saflığının qorunub saxlanılması, müasir ədəbi prosesləri müzakirə etməkdir.    

Azərbaycan ədəbiyyatı və mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş etmiş qədim Şamaxıdakı açılış mərasimindən əvvəl Ulu öndərin abidəsi ziyarət edilib. Sonra mədəniyyət naziri Adil Kərimli məclisi açaraq ölkəmizdə ilk dəfə təşkil olunan forumun əhəmiyyətini vurğulayıb. O bildirib ki, forum Mədəniyyət Nazirliyinin həyata keçirdiyi silsilə layihənin tərkib hissəsidir. Ümummilli liderin 100 illik yubileyinə həsr edilmiş forumun xüsusi önəm kəsb etdiyini diqqətə çatdıran nazir deyib: “Ulu Öndər Heydər Əliyev hər zaman ana dilimizin inkişafına və təmizliyinə xüsusi diqqət yetirib. Bu gün bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Forumdan əsas gözləntilər ana dili və ədəbiyyatımızla bağlı problemləri ortaya çıxarmaq, onları müzakirə etmək və nəhayət, dövlət strategiyasında gələcək üçün nəzərə almaqdır”.

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan dilinin inkişafı və zənginləşməsi qarşıda duran ümdə vəzifələrdəndir. Nazir dilimizin Azərbaycandan kənarda yaşayan daşıyıcılarının təhsillə bağlı problemlərinin olduğunu vurğulayıb: “Bu tədris ilindən etibarən xarici ölkələrdə yaşayan həmvətənlərimiz üçün onlayn Azərbaycan dili dərsləri keçiriləcək. Sevindirici haldır ki, artıq 400-dən artıq müraciət olub. Düşünürəm ki, Azərbaycandan kənarda yaşayan azərbaycanlılar üçün bu, vacibdir”.

Sonra Azərbaycan dilinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Forum “Qloballaşmanın Azərbaycan dilinə təsiri və ana dilimizin saflığının qorunması mexanizmləri” mövzusunda panel iclası ilə davam edib.

Qeyd edək ki, dilçi və ədəbiyyatşünasların, nüfuzlu yazarların iştirak etdikləri      forum işini bu gün və sabah Bakıda davam etdirəcək. Diqqət yetiriləcək əsas mövzular ölkəmizdə uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri, milli kitab sənayesinin hazırkı vəziyyəti və bu sahəyə dövlət dəstəyi, uşaq və yeniyetmələr arasında mütaliənin təbliği, teatr və kinonun inkişafında ədəbiyyat faktoru və digər istiqamətlərdir.   

Mütəxəssislərin forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Dövlət Proqramında əksini tapacaq.

Ə.ƏLİYEV, 
XQ

 



Mədəniyyət