Tirana şəhərində Azərbaycan həftəsinə start verilib. Albaniya paytaxtının mərkəzi İsgəndər Bəy meydanında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə qala-konsert maraqla qarşılanıb.
Konsertdə dünyaşöhrətli bəstəkarların əsərləri səsləndirilib. Azərbaycan Respublikasının Xalq artistləri Fidan Hacıyeva, Azər Zeynalov, Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, Elvin Qəniyev və digər vokalçılar çıxış ediblər.
Tirananın Milli Tarix Muzeyində açılan “Tərəqqinin memarı” adlı sərgi Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilib. Azərbaycan Mədəniyyət nazirinin müavini Fərid Cəfərov sərginin açılışında qeyd edib ki, iki ölkə arasında əlaqələr uğurla inkişaf edir və Albaniyada Azərbaycan mədəniyyəti həftəsinin keçirilməsi bu baxımdan əlamətdar hadisədir. Ümummilli liderin həyatı və irsi, mədəniyyətə qayğısı sərginin ekspozisiyasında geniş əksini tapıb. Eyni zamanda, Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından görkəmli rəssamlarımızın əsərləri, Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından Kamil Əliyevin müəllifi olduğu xalçalar və digər arxiv fotoşəkilləri nümayiş olunur.
Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən ölkəmizin milli mətbəx nümunələri, milli şirniyyatlarımızdan çələnglər və müxtəlif təbliğat xarakterli nəşr materialları da sərgilənib.
Ə.DOSTƏLİ,
XQ