Sentyabrın 1-də Dənizkənarı Milli Parkda (Bulvar), Kukla Teatrının arxasında Gənclər və İdman Nazirliyinin, “TEAS Press” Nəşriyyat evinin və “LIBRAFF” mağazalar şəbəkəsinin birgə təşəbbüsü ilə “Oxuyan gələcək” adlı kitab sərgisi öz işinə başlayıb. Sərgidə hər yaş kateqoriyasında olan kitabsevərlər iştirak edir. Biz də öz növbəmizdə sərgiyə maraq göstərən iştirakçılarla söhbətləşdik, onlardan daha çox hansı janrda olan kitabları oxuduqlarını soruşduq.
Gənc yazar Nemət Mətin bu cür sərgilərdə tez-tez iştirak etdiyini dedi: “Düşünürəm ki, gənclər mütaliə savadlarını artırmaq üçün sərgilərə gəlməlidirlər. Mən də sərgilərdən və burada olan endirimlərdən yararlanıram. Özüm dörd kitab müəllifiyəm. Roman janrında kitablar alıb oxumağa üstünlük verirəm”.
Sərgi iştirakçıları arasında gənc oxucular daha çox idi. Üç ildən bəri kitab sərgilərinə qatıldığını deyən Tutu Ağayeva “TEAS Press” nəşriyyatının kitablarını çox sevdiyini və tərcümə əsərləri ilə maraqlandığını dedi. Sərgidə balaca kitabsevərləri də görmək fərəhli idi. İbtidai sinif şagirdi Yasin balamız daha çox detektiv janrda kitablar oxuduğunu və “Harry Potter”i çox sevdiyini bildirdi.
Sentyabrın 3-dək davam edəcək sərgidə nazirlik rəsmiləri, yazıçılar, elm adamları, ekspertlər və mədəniyyət xadimləri iştirak edirlər.
Tədbirin ilk günü sərgi iştirakçılarına musiqili-ədəbi proqram təqdim edildi. Sonra Xalq şairi Ramiz Rövşənin təqdimatında şairin ən sevilən şeirləri səsləndi və imza saatı keçirildi.
Sərgi günlərində Elxan Elatlı, Zahid Xəlil, Aqşin Yenisey, Mürşüd İsmayılzadə, Aybəniz İsmayılova, Elçin Əzimli, Reyhan Yusifqızı, Şəfəq Mehralıyeva, Yuliya Kərimova, Xülya Cəfərova kimi yazarların imza saatları keçiriləcək. Həmçinin müxtəlif mövzularda təşkil olunacaq panellərdə təhsil, marketinq, psixologiya, dilçilik, idman, sağlamlıq və biznes sahələrində tanınmış ekspertlərlə görüş və müzakirələr keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Oxuyan gələcək” kitab sərgisinin hədəfləri kitabın daha geniş kütləyə çatdırılmasına töhfə verməkdən və ölkədə mütaliəyə olan marağı daha da gücləndirməkdən ibarətdir. Bu məqsədlə də sərgidə “TEAS Press” nəşriyyatının və “LIBRAFF “mağazalar şəbəkəsinin təqdim etdiyi kitablara 30-70 faiz endirimlər tətbiq olunur. Sərgidə iştirak sərbəstdir.
Fidan SALMANOVA,
Elşən Ağalarov (foto),
XQ