Tələbə seçimi “marafon”u sona çatır

post-img

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbulun artıq açıqlanmış  nəticələrinə görə, müsabiqədə 70 min 301 nəfər iştirak edib. Onlardan 51 min 941 nəfəri (o cümlədən 6592 subbakalavr) universitetlərə qəbul olunub. 24 min 594 nəfər dövlət sifarişi əsasında, 27 min 347 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.  

Beləliklə, qəbul sevincini yaşayan abituriyentlər 5–14 sentyabr tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçəcəklər. Tələbə adını alanlardan 2 nəfər beynəlxalq fənn olimpiadası, 50 nəfər respublika fənn olimpiadası, 98 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu, 31 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB və A-Level) üzrə hazırlıq keçdiyi üçün universitetlərə müsabiqədənkənar qəbul olunmaq hüququ qazanıb və müvafiq ixtisaslara yerləşdirilib. Bundan əlavə, 313 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 124 abituriyent isə ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.

Bundan başqa, I ixtisas qrupu üzrə 160 abituriyent Azərbaycan–Fransız Universitetinə (UFAZ), IV ixtisas qrupu üzrə 125 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 76 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.

...Onu da deyək ki, tələbə adı qazanan abituriyentlərin bir qismi Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin övladlarıdır. Onlardan şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Oruclu  İstanbul Texniki Universiteti və ADA-ya, Şəhid polkovnik-leytenant Mehman Qənbərovun oğlu Nurlan Qənbərov Azərbaycan Dövlət Neft və Sənaye, şəhid polkovnik-leytenant Atəm Əliyevin oğlu Vaqif Əliyev Giresun Universitetinə qəbul ediliblər. Şəhid polkovnik Sənan Axundovun qızı Nəzrin Axundova isə Sankt-Peterburq Memarlıq İnstitutuna sənəd verən rezidentlər arasında ən yüksək bal toplayıb. Nəzrinin qardaşı Tahir Sankt-Peterburqda Ali Hərbi Tibb İnstitutunda sonuncu kursda oxuyur. Nəzrinin təhsil haqqını YAŞAT fondu öz üzərinə götürüb.    

Vətən müharibəsində şəhadətə yüksələn polkovnik-leytenant Nail Orucovun ailəsində isə ikiqat sevinc yaşanır. Onun həyat yoldaşı Nigar Ağamalıyeva və oğlu Əlihəsən Orucov tələbə adı qazanıblar. Nigar xanım Bakı Dövlət Universitetinin Filologiya, Əlihəsən isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinə  qəbul olub. Şəhid xanımının   dedikləri:

– Bu anı çoxdan gözləyirdik. Rəhmətlik Nailin də ruhu şaddır ki, biz belə uğura imza atdıq. Əslində, mən vaxtilə ali məktəbə daxil olmuşdum, sadəcə başa çatdıra bilməmişdim. Amma indi düşündüm ki, gərək elə edək, uşaqlarımız da bizə baxıb ilham alsınlar, güclü olsunlar. Odur ki, Əlihəsənlə birlikdə tələbə adını qazandıq. 

Artıq yerlərdə test imtahanlarında yüksək balla fərqlənən gənclərlə görüşlər keçirilir və onlara mükafatlar verilir. Məsələn, Naxçıvanda təşkil olunan görüşdə   Muxtar Respublikada Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tələbə adı qazananlara təhsillərini inamla davam etdirməyi tövsiyə edib,  gənclərə təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov məlumat verib ki, 196 nəfəri buraxılış və qəbul imtahanlarında ümumilikdə 500–700 arası bal toplayıb. Valideyn Səxavət Bəylərli və məzun – I ixtisas qrupu üzrə muxtar respublika 1-cisi Rəna Rəhimli  yaradılan şəraitə və göstərilən qayğıya görə minnətdarlıq ediblər. Sonda ayrı-ayrı ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərərək muxtar respublika 1-cisi olmuş gənclərə mükafatlar verilib və xatirə  şəkilləri çəkdirilib.

Lənkəranda 600-dən çox bal toplayan 12 abituriyent şəhər icra hakimiyyətinə və təhsil şöbəsinə dəvət olunub. Onlar təbrik edilib və hər birinə daha böyük nailiyyətlər arzulanıb. Cəlilabad Rayon İcra Hakimiyyətində də belə bir görüş olub. Müsabiqədə 668 bal toplayaraq BDU-nun iqtisadi kibernetika fakültəsinə daxil olan Cəlal Bağırov ürək sözlərini belə ifadə etdi:

– Həm qəbulun, həm də doğma rayonda sevinclə qarşılanmağımın fərəhini yaşayıram. Rayon rəhbərliyinə, müəllimlərimə minnətdaram. Tələbə adını qazanan bütün gəncləri təbrik edirəm! 

Qəbul sevincini yaşayanlardan biri də Gəncə Şəhər Uşaq Evinin sakini Həsən Həsənovdur. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunub. Bu ali təhsil ocağının rəhbərliyindən verilən məlumata əsasən, universitet Həsəni himayəsinə götürür və onun bütün təhsil xərclərini ödəyəcək. 

Aktyorlar Toğrul Rza və Ülviyyə Rzanın övladı Orxan da tələbə adını qazanıb.

Bu barədə aktyor Toğrul Rza özünün sosial şəbəkə hesabında məlumat yayıb:

“Bu gün həyatıma ən gözəl günlərdən biri kimi düşdü. Oğlum Orxan Bakı Dövlət Universitetinin Politologiya fakültəsinə qəbul olunub. Hər kəsə bu sevinci yaşamağı arzulayıram.”

Tələbə adı qazananlar arasında həmkarlarımızın övladları da az deyil. Onlardan biri "Region -press" informasiya agentliyinin baş redaktoru Surxay Şahbazovun oğlu Elmardır. Seçdiyi ixtisaslar sırasından Sumqayıt Dövlət universitetinin "Politologiya" fakültəsinə daxil olub. Məzunu olduğu Biləsuvar şəhər N.Gəncəvi adına 1 saylı tam orta məktəbdə tarix fənnini sevə-sevə oxuyan Elmar indi universitetdə siyasi elmləri öyrənəcək.

Bəli, bu günlərdə ölkəmizdə tələbə seçimi “marafon”u  başa çatır. Bir neçə gündən sonra 1-ci kurs tələbələrinin ali təhsil “marafon”u start götürəcək. Hamısına “Uğurlar olsun!” deyir, Azərbaycanımızın tərəqqisinə çalışan mütəxəssislər olmalarını arzulayırıq!

Əli NƏCƏFXANLI, 
XQ   

 

Elm